Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7469/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – doğumun qeyd edilmə faktının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xx.xx.1940-ci ildə Masallı rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə “valideynlər” qrafasında atasının Məmmədov Həmidulla XXX oğlu, anasının X2 olmasının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi məhkəməyə bildirir ki, Masallı rayonunda anadan olmuşdur və doğum haqqında şəhadətnaməsi Masallı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. O, sonuncu dəfə şəxsiyyət vəsiqəsini dəyişən vaxt doğum haqqında şəhadətnaməsi özündə idi. Lakin daha sonra doğum haqqında şəhadətnaməni itirmişdir. Beləki ünvan 1 ünvanında qeydiyyatdadır və doğum haqqında şəhadətnaməmin yenidən bərpa olunması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs onun müraciətinə baxmış və xx.xx.2025-ci il tarixli № 3-16-5/8-1765 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Qeyd etmək istəyir ki, məsələ ilə bağlı AR Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun 4 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən Dövlət Arxivinə daxil olan xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Masallı Rayon Qeydiyyat şöbəsi və Ərkivan icra nümayəndəliyi üzrə doğum haqqında akt qeydiyyat kitablarında onun təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir. O, Azərbaycan Respublikası vətəndaşıdır. Şəxsiyyət vəsiqəsi də doğum haqqında şəhadətnaməsi əsasında dəyişmişdir. Bu da onun doğum haqqında şəhadətnaməsinin olduğunu sübut edir. Sənədlərində də heç bir uyğunsuzluq yoxdur. Məhkəməyə müraciət etməkdə məqsədi onun doğum haqqında akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Yazıb bildirmək istəyir ki, onun doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi ona xx.xx.2025-ci il tarixdə vəfat edən oğlu X3 vərəsəliyinin açılması üçün lazımdır. Tərəflərin izahatları Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, izahatında bildirmişdir xx.xx.1940-cı ildə anadan olmuşdur, atasının adı Həmidulla olmuşdur, babasının adını xatırlamır, onu görməmişdir. Anasının adı isə Gülbacı olmuşdur. Anasının məzar daşının şəkili vardır. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** ömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə Azərbaycan, Masallı rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Masallı Rayon Qeydiyyat şöbəsi və Ərkivan icra nümayəndəliyi üzrə doğum haqqında akt qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. O vaxtı qeydiyyatda səhvlik olmuşdur. Bəzi yerlərdə onun adı İsrail, bəzi yerlərdə adı İsrafil olaraq qeyd edilmişdir. Lakin rəsmi sənəddə onun ata adı İsrafildir. Babasını adı Həmidulla, nənəsinin adı Gülbacı olmuşdur. Babasının atası barədə məlumatı yoxdur. Onu ümumiyyətlə görməmişlər. Babasının atası 1941-1945-ci illərdə müharibəyə getmiş, heç qayıtmamışdır. Heç atası da babasını görməmişdir. Atasının doğulması ilə atasının babasının müharibəyə getməsi eyni vaxta düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. Atası xx xxxxxxx 1940-ci ildə anadan olmuşdur. X6, nənəsi X2 olmuşdur. Babasının atasını görməmişlər, çünki müharibəyə getmiş, qayıtmamışdır. Məzardaşının şəklində görünür ki, X2 1900-cu ildə anadan olmuş, xx.xx.1991-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1940-ci il tarixdə Masallı rayonunda anadan olması, atasının Məmmədov Həmidulla, anasının X4 olması ərizəçinin izahatı ilə, şahidlərin ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1940-ci il tarixdə Masallı rayonunda anadan olması barədə doğumun qeyd edilməsi faktı müəyyən edilsin və doğum haqqında şəhadətnamənin “valideynlər” qrafasında atasının Məmmədov Həmidulla XXX oğlu, anasının X2 olması qeyd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7469/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7469/2025
24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver