Məhkəmə qərarları › İş №2(011)-7512/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7512/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7512/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb edilməklə “Azərbaycan Respublikasında yaşama və başqa ölkənin vətəndaşı olmaması faktının müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçinin təqdim etdiyi XVİİ-ТИ 576448 nömrəli pasportda (məhkəməyə surəti təqdim edilmişdir) onun xx.xx.1971 ildə Gürcüstan Respublikasının Bolnisi şəhərində anadan olması göstərilmişdir.

2. Həmçinin, XVİİ-ЖГ 259377 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçinin X2 ilə nikahları xx.xx.1996-cl il tarixdə Ağdam rayonun Sarıcalı ərazi nümayəndəliyində qeydə alınmışdır, nikahdan sonra ərizəçinin soyadı “Məmmədova” olmuşdur.

3. AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, məktubunda ərizəçinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2024-cü il tarixli Arayışında isə onun “Gürcüstan Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

4. Ərizəçi özünü, yəni Acalova (nikahdan daxil olduqdan sonra Məmmədova) Sevinc Mikayıl qızının 1990-cı ildən hal-hazıradək Azərbaycan Rüspublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, xx.xx.1971-ci ildə Gürcüstan, Bolnisi rayonu, Bolnisi şəhərində anadan olmuşdur. 1990-cı ildə Bolnisi rayonundan kütləvi şəkildə Azərbaycanlıları qovduqlarından, məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası, Bakı şəhərində Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 6, mənzil 102-də yaşamağa başlamışlar. 1990-cı ildən hal-hazırkı vaxtadək həmin ünvanda yaşayır. Ona məxsus SSR pasportu olsa da, hal-hazırkı vaxtadək şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Azərbaycan Respublikasında yaşadığı dövrdə xx.xx.1996-cı ildə X3 ilə Ağdam rayonu Sarıcalı ərazi nümayəndəliyində rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü X1 adlı bir uşaqları doğulmuşdur. Nikah haqqında və övladının doğum haqqında şəhadətnaməsi mövcuddur. Şəxsiyyət vəsiqəsi almaq üçün 5 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına müraciət edən zaman onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 1990-cı ildən Azərbaycan Respublikasına gəldiyi vaxtdan bir gün belə Azərbaycan Respublikasının hüdudlarını tərk etməmiş və daimi olaraq Bakı şəhərində yaşamışdır. Heç bir dövlətin vətəndaşlığına qəbul edilməmişsir. Heç bir dövlətin vətəndaşlığına mənsubiyyəti yoxdur. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxs Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

10. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

11. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını, ərizənin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1971ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi şəhərində doğulmuş, 1990-cı il tarixində Azərbaycan Respublikasına gələrək burada yaşamağa bağlamışdır. Ərizəçi hazırda doğulduğu Gürcüstan Respublikasının vətəndaşı deyil. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmadığından Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün onun heç bir dövlətin vətəndaşı olmaması və Azəbaycan Respublikasında daimi yaşamasının müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olduğundan, lakin ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azəbaycan Respublikasında daimi yaşamasına dair müvafiq sənədləri isə başqa qaydada əldə edə bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, bu səbəbdən onun ərizəsi təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və şəxsiyyət vəsiqəsinin alınması üçün zəruridir. Belə ki, Mülki Prosessual Məcəllənin 311-ci maddəsində müəyyən edilmişdir ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:

Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü Acalova (Məmmədova) Sevinc Mikayıl qızının heç bir ölkənin vətəndaşı olmaması və 1990-cı il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Bu qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar