Məhkəmə qərarları › İş №2(011)-7549/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7549/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7549/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 23 saylı fərdi yaşayaış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, isdiafdəsində olmuş fərdi yaşayış evini sataraq cavabdehlərin isdifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 23 saylı fərdi yaşayış evinin həyatyanı sahəsində 3x3 kv.m. olan bir otaqlı evi cavabdehlərdən 18000 manat ödəməklə almışdır. Cavabdehlərlə razılığı olmuşdur ki, fərdi yaşayış evinin həyətində tikilmiş və ona satılmış otaqda oğlu cavabdehlərin qızı ilə ailə olaraq yaşayacaq. Qeydiyyatda olduğu Ağdam rayonuna getdikdən sonra cavabdehlər oğlunu və onun arvaduşağını ev əşyaları ilə birlikdə ona satdıqları evdən zor gücünə çıxarmışlar. Bu barədə xəbər çatdıqda ona dərhal ondan pul alan cavabdehlərlə telefon əlaqəsi saxlamış, cavab olaraq bildirmişlər ki, “hazırda sənin verdiyin pulları xərcləmişik sənə qaytarmağa pulumuz qalmamışdır.” Cavabdehlərə 18000 manatı verib evi alarkən bütün danışıqlarda oğlu, gəlini və qızı şahid olmuş, K.Kərimov küçəsi 23 saylı evin həyətində tikilmiş bir otaqlı evə görə cavabdehlərə 18.000 manat pul verdiyini görmüşlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilənlər yalandır. İddiaçı ona pul verməyib. İddiaçı ondan 3000 manat pul istəmiş, verməyəcəyi təqdirdə onu məhkəməyə verməklə hədələmişdir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2021-ci il tarixli, **********96 saylı məktubundan görünür kı, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 23 saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 23 saylı fərdi yaşayış evinin həyatyanı sahəsində 3x3 kv.m. olan bir otaqlı evi cavabdehlərdən 18000 manat ödəməklə aldığını iddia etsə də, iddia tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 23 saylı fərdi yaşayaış evinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar