Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-761/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 900 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə 2018-ci ilin mart ayının 7-də mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23 saylı qarajın üzərində "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının quraşdırılması üçün müqavilə bağlamışdır. Tikinti quraşdırma işləri yarımçıq saxlanılmış və nəticədə qarajın üst hissəsi yararsız hala düşmüş və onun bərpası üçün iddiaçı borca girib 900 manat vəsaitlə onun təmir və bərpa işlərinə xərc çəkmişdir. Daha sonra 03 fevral 2021-ci il tarixdə cavabdeh tərəfindən müqaviləyə əsasən iddiaçının hesabına 1800 manat pul köçürülmüşdür. 19 may 2022-ci il tarixdə isə cavabdeh həmin məbləğin onlara geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Beləliklə, iddiaçı çıxılmaz vəziyyətdə qalmışdır. Bundan sonra o cavabdehə bildirmişdir ki, ya onun pulunu versin, ya da sözügedən məbləği əvəzləşdirsin. Cavabdeh isə bunun əvəzində iddiaçını məhkəməyə vermişdir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı ağır xəstəlik keçirmişdir. İddiaçı ona bildirmişdir ki, onlar müqavilə bağlıyarkən belə razılığa gəlməmişlər. Belə ki, iddiaçı tərəf dəfələrlə müraciət etmələrinə baxmayaraq cavabdeh tərəfindən hər dəfə iddiaçıya qarşı hörmətsizlik edilmiş, iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh MMC ilə 2018ci ilin mart ayının 7-də mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23 saylı qarajın üzərində "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının quraşdırılması üçün müqavilə bağlamışdır. Müqavilə bağlandıqdan sonra iddiaçının hesabına vəsait köçürülmüşdür və ona məxsus qarajın üzərinə avadanlıqlar yığılmışdır. İddiaçının iddia etdiyinə görə avadanlıqların quraşdırılmasına görə qarajın üst hissəsində tikinti işləri aparılıb və söküntü gedib. Cavabdehin məhkəmədə verdiyi izahatdan görünür ki, iddiaçı ilə müqavilə bağlandıqdan sonra mobil baza stansiyasının quraşdırılması üçün avadanlıqlar iddiaçıya məxsus qarajın üzərinə yerləşdirilmişdir, lakin cavabdeh tərəfindən hər hansı söküntü işləri aparılmamış və həmin qurğunun qeyd olunan ərazidə quraşdırılması üçün icra hakimiyyəti tərəfindən icazə verilmədiyi üçün onlar öz avadanlıqlarını iddiaçıya məxsus qarajın üzərindən götürmüşdürlər. Məhkəmə tikinti işlərinin aparılıb aparılmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tikiliyə dəymiş ziyanın kim tərəfindən və necə vurulmasının müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 23 saylı qaarajın tavanına dəymiş ziyanın aradan qaldırılması üçün çəkilməli olan xərc orta bazar qiymətlərinə uyğun təqribən 1.235 manat məbləğində müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə verilmiş izahatları və iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1mkr. ərazisi, 23 saylı qarajının tavanına dəymiş ziyan işin mübahisəsiz halıdır. Qeyd olunan ziyanın cavabdeh tərəfindən vurulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, nə qədər ki, tərəflər arasında ilkin olaraq icarə münasibətlərindən irəli gələn razılaşma mövcud olmuşdur, məhz bu razılaşmadan irəli gələn müəyyən işlərin görülməsi nəticəsində qarajın tavanında müəyyən söküntü işlərinin aparılması onlara yox, məhz iddiaçının hər hansı marağına xidmət etməsinin cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, sözügedən ziyanın məhz cavabdeh tərəfindən vurulmasına kifayət qədər əsaslar mövcuddur. Nə qədər ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi faktı işin hər hansı halı ilə təkzib edilmir, məhkəmə iddianın maddi ziyanın tutulması hissəsində təmin edilməsi qənaətinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli 10/660 nömrəli ekspert rəyində dəymiş ziyanın həcmi 1.235 manat məbləğində qeyd edilsə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən məhkəmə verilmiş iddianın həcmində işə baxmalıdır. Nə qədər ki, iddiaçı cavabdehdən 900 manat ziyanın tutulmasını tələb edir, iddia məhz bu hissədə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 900 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-761/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-761/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver