Məhkəmə qərarları › İş №2(011)-762/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-762/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-762/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2022-ci ilin aprelin 1-də sosial şəbəkədə “Toyota Prius” markalı 99TV966 dövlət qeydiyyat nişanlı avtomobili dostu X2 internetdə tapıb ona məlumat vermiş, orada qeyd olunmuş ********** nömrəsi ilə əlaqə saxlayıb Cavabdeh ilə görüşüb onunla avtomobili 9000 (doqquz min) manata və qalan cəriməni də ödəməsi şərti ilə razılaşmışdır. Bundan sonra 6 saylı Notariat ofisinə yaxınlaşmış və üzərində sənədləri olmadığı üçün avtomobili X1 verilmiş və 9000 (doqquz min) manatı Cavabdeh təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə avtomobili idarə edərkən YPX-nin əməkdaşları avtomobili saxlayaraq ona verilmiş etibarnamənin ləğv edildiyini bildirərək avtomobili müqəqqəti dayanacağa yerləşdirmişlər. Bu barədə Cavabdeh məlumat verib öhdəliyini yerinə yetirmədiyi və etibarından sui-istifadə etdiyinə görə pulunu geri istədikdə əldə etdiyi 9000 (doqquz min) manatı, maşını aldıqdan sonr xərc çəkdiyi 3200 (üç min iki yüz) manat cərimə və təmir xərcini ödəməsini tələb etsə də, ödəməkdən boyun qaçırmışdır. Tərəfindən ödənilmiş həmin 9000 (doqquz min) manat məbləğində pul Cavabdeh ondan aldığını özü etiraf etmişdir. Belə ki, etibarından sui-istifadə edilməklə törədilmiş cavabdeh şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunmuş, müraciətinə baxılması üçün aidiyyəti üzrə 37-ci Polis Şöbəsinə şikayəti baxılması üçün göndərilmişdir. Həmin araşdırma gedişində şəxs ondan pul vəsaitini aldığını öz ifadəsi ilə təsdiq etmişdir. Bununla yanaşı cavabdeh şəxs Cavabdeh vəd etmişdir ki, X6na “Porşe” markalı 10JJ771 nömrəli avtomobili sataraq İddiaçı dəymiş ziyanı ödəyəcək. Lakin şəxs bu vədi verməsinə baxmayaraq hal-hazırda da oan dəymiş zərəri ödəməmişdir. Buna dair xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh tərəfindən alınmış 9000 (doqquz min) manat məbləğində pul vəsaitindən əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 3200 (üç min iki yüz) manatın, 127 (yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu və 60 (altmış) manat ərizə qiymətinin də ona qaytarılması qanuna uyğundur. Bildirir ki, avtomobil onda olarkən 3200 (üç min iki yüz) manat məbləğində maşının təmiri ilə əlaqədar olaraq, eləcə də 127 manat (yüz iyirmi yeddi) manat dövlət rüsumu və ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsinin yazılması üçün 60 (altmış) manat məbləğində əlavə xərclər çəkmişdir. Göründüyü kimi cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində onun əlavə olaraq çəkdiyi xərcin əvəzi cavabdehdən tutulmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən verilmiş 9000 (doqquz min) manat məbləğində pul vəsaitindən əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 3200 (üç min iki yüz) manatın, 127 manat məbləğində dövlət rüsumunun və 60 (altmış) manat iddia ərizəsinin tərtibinə, ümumilikdə 12387 (on iki min üç yüz səksən yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısının vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış xx.xx.2022-ci il tarixli HK-İ-1985 nömrəli materialı üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, “Toyota Prius” markalı 99TV766 dövlət qeydiyyat nişanlı avtomobili Yeni Günəşli qəsəbəsində “Altun” restoranının yanında özünə məxsus “Porşe” markalı 10JJ771 dövlət qeydiyyat nişanlı avtomobillə dəyişmək üçün X6 ilə razılaşmış, avtomobil Elnurun həyat yoldaşı X3 adına olduğu üçün ona onlayn baş etibarnamə vermiş, o da “Toyota Prius” markalı 99TV766 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ilə Həzi Aslanov metrosunun yaxınlığında 9000 manata razılaşmışlar, sonra 6 saylı notariat kontoruna gəlmişlər, lakin Vüqarin şəxsiyyət vəsiqəsi olmadığı üçün etibarnaməni Vüqarın dostu X1 vermişdir, həmin zaman Vüqara bildirmişdir ki, avtomobili qısa müddətdə öz adına qeydiyyatdan keçirsin, xx.xx.2022-ci il tarixdə Vüqar ona zəng edib bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə avtomobili idarə edərkən YPX əməkdaşları avtomobili saxlamış, etibarnaməs ləğv edildiyi üçün müvəqqəti duracağa yerləşdirilmişdir. Bundan sonra Vüqarla görüşmüş, Vüqara izah etmişdir ki, etibarnamənin ləğv edilməsindən onun xəbəri yoxdur, qısa müddətdə avtomobilin probleminin aradan qaldırılmasını həll edəcək. Lakin Vüqar bildirmişdir ki, şikayət edəcək, ona görə də Vüqara bildirmişdir ki, o, da Vüqar kimi maşın almışdır. Bundan sonra X6 ilə əlaqə saxlamış, Elnur bildirmişdir ki, həyat yoldaşı ilə aralarında mübahisə var, onun xəbəri olmadan etibarnaməni ləğv ediblər. Qısa müddətdə məsələni həll edəcək və qeyd etmişdir ki, Elnura verdiyi avtomobili götürüb satan kimi, Vüqarın pulunu qaytaracaq. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisində təsdiqlənmiş 15363 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin əslindən görünür ki, X3 adından çıxış edən nümayəndə X4 tərəfindən X5 məxsus “Toyota Prius” markalı 99TV766 dövlət nömrə nişanlı avtomobil üzrə səlahiyyətlər xx.xx.2023-cü il tarixədək müddətə İddiaçı etibar edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, təqdim edilmiş sübutları öyrənib qeyd edir ki, tərəflər, yəni İddiaçı və Cavabdeh arasında faktiki olaraq “Toyota Prius” markalı 99TV766 dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı üzrə münasibət yaranmış və bu münasibət faktiki olaraq İddiaçı tərəfindən Cavabdeh həmin avtomobilin müqabilində 9000 manat məbləğində pulun, Cavabdeh tərəfindən isə həmin avtomobilin İddiaçı verilməsi ilə reallaşmışdır. Məhkəmə xatırladır ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Göründüyü kimi satıcı qismində çıxış etmiş Cavabdeh tərəfindən alıcı İddiaçı satılmış “Toyota Prius” markalı 9TV766 dövlət nömrə nişanlı avtomobil üçüncü şəxslərin tələblərindən azad olmadığı üçün nəticədə avtomobil alıcının sahibliyindən və istifadəsindən alınmışdır. Bununla əlaqədar olaraq alıcı tərəfindən mübahisəli əmlakın və ya ödənilmiş məbləğin ona qaytarılması barədə satıcı qismində çıxış etmiş Cavabdeh müraciət olunsa da, sonuncu İddiaçı bu tələblərini təmin etməmişdir. İddiaçı mübahisə ilə bağlı polisə etdiyi şikayət üzrə müvafiq araşdırma aparılmış və həmin material üzrə qəbul edilmiş qərardan Cavabdeh mübahisənin İddiaçı bildirdiyi kimi olduğu təsdiqini tapmışdır. Beləliklə, məhkəmə Mülki Məcəllənin qeyd edilən müddəalarını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında faktiki olaraq alğı-satqı münasibətləri reallaşmışdır. Alğı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar Mülki Məcəllədə müqavilənin müvafiq formasına riayət edilməsinə dair müvafiq göstərişlər müəyyən edilməsinə baxmayaraq, məhkəmə tərəflər arasında əmlakın verilməsi və bunun müqabilində müvafiq məbləğin ödənilməsi ilə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin verilməsini əsas götürür. Lakin mübahisəli əmlak üçüncü şəxsin tələbinə əsasən alıcının sahibliyindən və istifadəsindən alınmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, alıcının əmlakdan məhrum edilməsi nəticəsində Cavabdeh ona ödənilmiş 9000 manat məbləği alıcıya yəni İddiaçı qaytarmadığı üçün əsassız olaraq varlanmış hesab edilir. Məhkəmə xatırladır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin faktiki halları və təqdim edilmiş sübutların qiymətləndirilməsi üzrə bu qənaətə gəlir ki, Cavabdeh “Toyota Prius” markalı 99TV766 dövlət nömrə nişanlı avtomobilin əvəzində ona ödənilmiş 9000 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Məhkəmə iddianın digər hissəsi, yəni iddiaçı tərəfindən avtomobilə çəkilmiş xərclərin cəmi olaraq 3200 manat və 60 manat ərizənin yazılması üzrə ona göstərilmiş hüquqi xidmətə görə pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən bu hissədə iddia təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 70 %, yəni 88 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 30 %, yəni 38 manat İddiaçı aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar