Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7644/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının əri olmuşdur. Onlar 2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 28 may 2014-cü il tarixdə X3 anadan olmuşdur. Tərəflərin münasibəti əvvəllər yaxşı olsa da, sonradan pozulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(008)-1310/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq anasının himayəsinə verilmiş, Cavabdeh 18 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər ailə münasibətimə rəsmi qaydada daxil olduqları tarixdən iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Nikahları pozulduqdan sonra iddiaçı övladı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.B.Mehmandarov küçəsi 19, 68 saylı mənzildə kirayədə yaşamışdır. Cavabdehin çoxsaylı psixoloji təsirləri nəticəsində iddiaçı mübahisəli ünvandan övladı ilə birlikdə çıxmağa məcbur olmuşdur. İddiaçı həmin ünvana gəlin köçmüş və evdən çıxana qədər orada yaşamışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ev özbaşına tikilidir və heç bir hüquqi sənədi yoxdur. Cavabdeh İddiaçı həmin fərdi yaşayış evində 2010-cu ildən 2019-cu ilin avqust ayına kimi qeydiyyatsız yaşamışdır. Məhkəmə iclasında iddiaçı mübahisəli fərdi evdə uzun illər yaşamasına istinad etmiş, həmin evə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı qeyd edilən mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüququnun olması halı məhkəmədə öz təsdiqini tapmamış və bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikili olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan görünür ki, iddiaçı mübahisəli evə 2010-cu ildə gəlin köçmüşdür. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından və bu münasibətlər mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazıkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər mülkiyyətçinin ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları, və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. İş materiallarından göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hallar mövcud deyildir, eləcə də iddiaçının həmin evin tikilməsində iştirakı, həmin evdə cavabdehlə birgə təsərrüfat aparması işin faktiki halları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən olundu ki, İddiaçı mübahisəli evlə bağlı hər hansı hüququ yoxdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının övladı ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7644/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7644/2021
23.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver