Məhkəmə qərarları › İş №2(011)-7650/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7650/2021

28.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7650/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X5, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 59 saylı evin 3 nömrəli mənzilinə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 1981-ci ildə gənc mütəxəssis kimi Bakı Elektron Hesablama Maşınları Zavoduna göndərilmiş, 1986-cı ildə zavod rəhbərliyi tərəfindən ünvan 1 ünvanında olan 3 otaqlı mənzilin bir otağını gənc mütəxəssi olaraq dörd nəfər ailə üzvü ilə birlikdə yataqxana kimi yaşamaq üçün ona, bir otağı 3 nəfər ailə üzvü ilə X1, digər bir otağı isə 2 nəfər ailə üzvü ilə birlikdə X3 verilmişdir. X6 və onun ailə üzvləri 1992-ci ildən əmlak və əşyalarını götürüb həmin ünvandan daimi yaşayış üçün başqa yaşayış sahəsinə köçmüşlər. Bu əsasla Xətai Rayon Məhkəməsinin 31.10.2007-ci il tarixli 2-1669/07-2197/07 saylı qətnaməsi ilə X6 və onun 4 nəfərdən ibarət ailə üzvünün Xətai rayon General Şıxlinski küçəsi, 59 saylı evin 3 nömrəli mənzilinə yaşayış sahəsinə istifadə hüququna xitam verilmişdir. O, hal hazırda ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşayır və mənzilin bütün otaqları üçün komunal haqları ödəyir. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzilin boşalmış 3-cü otağının ailəsinə verilməsi məqsədilə müraciət etmək istəyərkən, həmin mənzildə daha iki nəfərin qeydiyyatda olduğu müəyyən edilmişdir. 25.05.2021ci il tarixli ******* saylı "Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayış"da adları qeyd edilən X4 vəfat etmiş, Cavabdeh1 (xx.xx.1986-cı il təvəllüdlü) nikaha daxil olduqdan sonra, Cavabdeh2 isə hərbi xidmətdən gəldikdən sonra daimi yaşamaq üçün ata yurdları olan Gədəbəy rayonuna köçmüş və hal hazırda orada yaşayır. AR ƏƏSMN yanında X7 Xidmətinin təqdim etdiyi məlumata əsasən Arayışda adı göstərilən Cavabdeh2 02.10.2015-ci ildən əvvəlcə Gədəbəy İcra Hakimiyyətində baş məsələhtçi, daha sonra X12 MMC-də anbardar işləmişdir. AR Təhsil Nazirliyi 7 saylı Ərazi Hesablama mərkəzində mühasib vəzifəsində işləyir. Həmin Arayışa əsasən, Cavabdeh1 04.12.2012-ci ildən hal-hazıradək Gədəbəy Təhsil şöbəsində müəllim işləyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı hazırki iddia tələbi ilə iddia qaldırmaq hüququna malikdir. Çünki halhazırda cavabdehlərin həmin mənzildə qeydiyyatda olmaları iddiaçının mənzili özəlləşdirməsinə mane yaradır. Cavabdeh2 məhkəmə baxışı zamanı izahat verərək, bildirdi ki, o, həmin mənzildə anadan olmuş və komunal ödənişləri etmişdir. Hal-hazırda müvəqqəti olaraq Gədəbəyə işləməyə gedib və qayıtmaq ehtimalı var. Maddi imkan olmadığı üçün həmin mənzili təmir edə bilməsələr də, ora tez-tez gəlib gediblər. İddiaçı özü də həmin mənzildə yaşamır, başqa yerdə evi var. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Cavabdehin işi ilə əlaqədar başqa yerə getməsi onu həmin yaşamaq hüququndan məhrum etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iddianın mahiyətindən də göründüyü kimi, iddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamadıqlarını əsas gətirərək onların mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsin məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İşin faktiki halları ilə müəyyən edilir ki, Bakı Elektron Hesablama Maşınları Zavodunun həmkarlar ittifaqı komitəsinin 29.09.1986-cı il tarixli iclasının 22 nömrəli protokolundan çıxarışa əsasən keçid 828, ev 59-da 3 otaqlı 3 nömrəli mənzilin X3 2 nəfərlik, iddiaçıya 4 nəfərlik, X2 (cavabdehlərin atası) 3 nəfərlik ailə üçün otaqların ayrılmasına razılıq verilməsi qərara alınmışdır. BEHM zavodunun həmkarlar ittifaqı komitəsinin 06.06.1993-cü il tarixli iclas protokolundan çıxarışa əsasən zavodun Gen.Şıxlinski küçəsi, ev 5, mənzil 3 ünvanda yerləşən yataqxanasında iddiaçıya 5 nəfərlik ailə üçün 2 otağın ayrılmasına razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan AR Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 36 saylı cavab məktubundan müəyyən olunur ki, General Şıxlinski küçəsində yerləşən, 9 mərtəbəli, 12 girişli, 216 mənzilli 59 saylı bina 1983-cü il tarixdə inşa edilmişdir. Bina dövlət mənzil fonduna aid olmaqla Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 96 saylı MKİS binaya xidmət göstərir. İşin faktiki hallarından da göründüyü kimi, Gen.Şıxlinski küçəsi, ev 5, mənzil 3 ünvanda yerləşən yataqxanada 3 otaqlı mənzilin əvvəlcə bir otağı iddiaçıya, bir otağı isə cavabdehlərin atasına xidməti məqsədlə verilmişdir və həmin otaqlar hazırda da onların mülkiyyəti deyil. Həmin mənzil isə hazırda Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli otağın iddiaçıya verilməsi, yaxud ona hər hansı formada aid olması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdehlərin qeydiyyatda olduğu otağa (mənzilə) dair hər hansı bir hüququ olmadığından, həmin mənzil isə hazırda Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan iddiaçının cavabdehlərin qeydiyyatda olduqları otaqdan (mənzildən) istifadə hüquqlarına xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəlləsi müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar