Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-766/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ona məxsus Xətai rayonu, Gəncə prospekti, ev 39, 96 saylı mənzil onun mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Seriya RX №01157596 saylı çıxarışına əsasən ümumi sahəsi 65.6 kv metr yaşayış sahəsi olan ünvan 1, 96 saylı mənzil çıxarışa əsasən şəxsi mülkdür. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus mülkdə yaşamadıqlarına baxmayaraq bu günə kimi hələ də, ona məxsus mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının DİN-in yaşayış yeri üzrə qeydiyyat arayışından görünür ki, cavabdehlər formal olaraq qeyd olunan mənzildə qeydiyyatdadırlar. Cavabdeh şəxslərin ona məxsus olan mənzildə formal şəkildə qeydiyyatda qalmaları onun üçün ciddi maneələr yaradır, mənzil üzərində müvafiq sərəncam vermək, ondan istədiyi şəkildə istifadə etmək hüququnu pozur. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1, 96 saylı mənzilindən istifadə hüququndan xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 96 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1820 nömrəli reyestr kitabının 167533 nömrəli vərəqində ¼ hissədə İddiaçı, ¾ hissədə X1 adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, ünvan 2 mənzil 96 ünvanında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilin və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 39 saylı binanın yanında yerləşən, sahəsi 26.4 kv.m. olan qeyri-yaşayış binasının (qarajın) payçılar arasında arasında naturada bölünməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən istinad edilmiş sübutların siyahısında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 01189923 saylı Çıxarışın surəti mövcuddur və həmin çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 96 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1820 nömrəli reyestr kitabının 167533 nömrəli vərəqində hər birinin ¼ hissədə olmaqla Cavabdeh3, Cavabdeh1, İddiaçı adlarına qeydiyyata alınmışdır, ¼ hissə açıq saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 215.6-cı maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Eyni Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, İddiaçı ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilin paylı mülkiyyətçisi kimi artıq vəfat etmiş atası X1 övladları Cavabdeh1 və Cavabdeh3, keçmiş ailə üzvü Cavabdeh2 həmin mənzilə dair istifadə hüquqlarının itirilməsini tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzilin paylı mülkiyyətçiləridir, Cavabdeh2 isə onların anaları- yaxın ailə üzvü olmaqla həmin mənzildən istifadə etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-766/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-766/2021
11.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver