Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7698/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X8, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh Xaliq qızına qarşı “mənzildən çıxarma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Xaliq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsində yerləşən “Halal” mənzil tikinti kooperativinə məxsus hündürmərtəbəli 1 saylı yaşayış evinin 1-ci girişinin 12-ci mərtəbəsində olan 60-cı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsində yerləşən “Halal” mənzil tikinti kooperativinə məxsus hündürmərtəbəli 1 saylı yaşayış evinin 1-ci girişinin 12-ci mərtəbəsində olan 60-cı mənzilini 2018-ci ilin noyabr ayında alğı-satqı müqaviləsi əsasında almışdır. İddiaçıya 04 dekabr 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının oğlu X5 Cavabdeh Xaliq qızı ilə 2016-cı ildə ailə qurduqdan sonra iddiaçının oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 31 saylı evin 49 saylı mənzilində yaşamağa başlamışlar. Mənzil alındıqdan sonra bir müddət boş qalmış, lakin 2018-ci ilin axırlarında iddiaçının oğlu Vüsal özünə məxsus mənzili satdığı üçün cavabdehlə birlikdə özlərinə mənzil alana kimi müvəqqəti olaraq iddiaçıya məxsus adı çəkilən mənzildə yaşamalarına və özlərinə məxsus əşyaları orada yerləşdirmələrinə iddiaçı icazə vermişdir. Cavabdeh iddiaçıya məxsus evdə qısa müddət ərzində yaşamasına baxmayaraq ailə üzvü kimi ailə münasibətlərində olmamış və iddiaçı ilə ümumi təsərrüfat aparmamışdır. Qısa müddət sonra iddiaçının oğlu ilə cavabdeh arasında münaqişələr baş vermiş, onların münasibətləri pozulmuşdur. Onların aralarındakı nikahın pozulmasına dair iş hazırda Xətai Rayon Məhkəməsinin icraatındadır. Adıçəkilən mənzil iddiaçının X6 ilə birgə nikahları dövründə əldə olunmuş əmlakdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin mübahisə olunmayan halları ondan ibarətdir ki, iddiaçının oğlu X5 ilə Cavabdeh Xaliq qızı 19 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. 24 iyul 2013-cü il tarixli çıxarışa əsasən, iddiaçının oğlu X3 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, 49 saylı mənzil üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. X5 06 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında öz mülkiyyətində olan və nikahdan əvvəl alınan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 49 saylı mənzili 191.700 manata X1. Həmin mənzil satılarkən Cavabdeh Xaliq qızının notarial qaydada razılığı alınmışdır. İddiaçı satılmış mənzildən əldə edilmiş vəsaitin üstünə yenidən pul əlavə etmiş və Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi, ev 1, giriş 1, 60 saylı mənzili 30 noyabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Mübahisəli mənzil 04 dekabr 2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İddiaçı öz oğluna və gəlininə ona məxsus mənzildə yaşamağa və müvəqqəti olaraq qeydiyyata alınmasına razılıq vermişdir. İddiaçının oğlu ilə cavabdehin aralarındakı nikahın pozulmasına dair iş hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi, ev 1, giriş 1, 60 saylı mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh iddiaçının gəlini olmaqla mülkiyyətçinin (iddiaçının) ailə üzvü deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının gəlini olaraq Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, mübahisəli mənzildən iddiaçı ilə birlikdə istifadə hüququna malik deyildir. Bu səbəbdən də AR Mənzil Məcəllənin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin mənzilə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması iddiaçının öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehin ona məxsus mənzildən əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin mənzilin iddiaçıya təhvil verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi yuxarıdakı istinad edilən hallara görə qeyd edilən hissədə də əsaslıdır. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi təmin edilməli, Cavabdeh Xaliq qızı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsində yerləşən 1 saylı yaşayış evinin 1-ci girişinin 12-ci mərtəbəsində olan 60-cı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Xaliq qızı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi, ev 1, giriş 1, 60 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7698/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7698/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver