Məhkəmə qərarları › İş №2(011)-7708/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7708/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7708/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, sonuncunun iddiaçıdan aldığı, ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasına görə 600 manatın və 2021-ci ilin may ayı tarixindən ödəniləcək günə hesablanan illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının və məhkəməyə ödədiyi 30 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 06 noyabr 2015-ci il tarixində ümumi çəkisi 10,84 qram olan, 585 əyarlıq (sep) qızıl-zinət əşyasını, ümumi çəkisi 58,3 qram olan, 583 əyarlıq (brilyant qaşlı bilərzik və kolye) qızıl-zinət əşyasını, ümumi çəkisi 17,1 qram olan, 583 əyarlıq (bilərzik) qızıl-zinət əşyasını, ümumi çəkisi 14,2 qram olan, 583 əyarlıq (üzük-sırğa) qızıl-zinət əşyasını, ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasını və ümumi çəkisi 7,9 qram olan, 583 əyarlıq (brilyant sırğa) qızıl-zinət əşyasını ümumilikdə 5.235 manata satmışdır. Aralarında olan razılaşmaya görə, cavabdeh iddiaçıdan aldığı qızılların pulunu 2016-cı ilə kimi hissə-hissə ödəməyi öhdəsinə götürsə də bu yaxınlarda götürdüyü əşyalardan ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyası istisna olmaqla digərlərini qaytarmış və bir neçə günə özündə saxladığı ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasına görə 600 manat verəcəyini bildirmişdir. Lakin artıq üç ilə yaxın (2021-ci ilin may ayında ödəniş etməli idi) müddətin keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, verdiyi izahatda bildirmişdir ki, cavabdehin öhdəliyini icra etməməsi ilə bağlı polis orqanlarına müraciət etmiş, bununla da cavabdeh müqavilədə göstərilən qızıl-zinət əşyalarının əksəriyyətini qaytarmış, yalnız ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasını qaytarmamışdır. Cavabdeh polisdə izahat verərkən qaytarmadığı qızılzinət əşyasına görə nəzərdə tutulan 280 manatın əvəzinə tezliklə 600 manat ödəyəcəyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 06 noyabr 2015-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh ümumi çəkisi 10,84 qram olan, 585 əyarlıq (sep) qızıl-zinət əşyasını, ümumi çəkili 58,3 qram olan, 583 əyarlıq (brilliant qaşlı bilərzik və kolye (kale) qızıl-zinət əşyasını (qiyməti: 3.000 manat), ümumi çəkisi 17,1 qram olan, 583 əyarlıq (bilərzik) qızıl-zinət əşyasını (qiyməti: 855 manat), ümumi çəkisi 14,2 qram olan, 583 əyarlıq (üzük-sırğa) qızıl-zinət əşyasını (qiyməti: 700 manat), ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasını (qiyməti: 280 manat) və ümumi çəkisi 7,9 qram olan, 583 əyarlıq (brilliant sırğa) qızıl-zinət əşyasını (qiyməti: 400 manat) almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulan əşyaları almış və müqavilə üzrə borcu 05 may 2016-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasını iddiaçıya qaytarmamış, onun dəyəri olan 280 manatı da iddiaçıya ödəməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 576-cı maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş üzük cavabdehə verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iclasında iddiaçı qeyd etsə belə ki, cavabdeh polis orqanında izahatı alınarkən qaytarmadığı qızıl-zinət əşyasına görə tezliklə 280 manat əvəzinə 600 manat qaytaracağını bildirib, lakin iddiaçı borcun 600 manat olmasına və cavabdehin də iddia tələbini həmin hissədə qəbul etdiyinə dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda tərəflər arasında imzalanmış müqavilədə ümumi çəkisi 5,6 qram olan, 583 əyarlıq (üzük şəbəkə) qızıl-zinət əşyasının qiymətinin 280 manat olduğu qeyd edilmişdir. Odur ki, iddia tələbi borcun qaytarılması hissəsində qismən təmin edilməli, cavabdehdən 280 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 2021-ci ilin may ayı tarixindən ödəniləcək günə hesablanan illik 5 faiz dərəcəsi olmaqla kompensasiyasının cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə qeyri-müəyyən olduğundan, gecikdirilmiş məbləğin nə qədər olması və gecikdirilmənin hansı dövrü əhatə etməsi barədə iddiaçı tərəfindən dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan yazılı müqavilə əsasında iddiaçıya borc aldığı pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 280 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 06 noyabr 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar