Məhkəmə qərarları › İş №2(011)-7709/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7709/2022

28.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7709/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1992-ci il tarixindən bu günə qədər Azərbaycan Respublikasının ərazisində dami yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddianın dəqiqləşdirməsi barədə məhkəməyə ərizə təqdim edərək 1992-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasında yaşama və heç bir dövlətin vətəndaşı olmadığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və izahat verərək bildirdi ki, o, xx.xx.1960-cı il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. X12 İsmayıloviç 1928-ci il tarixində Ermənistan Respublikasında anadan olmuşdur. X13 Yaqorovna xx.xx.1938-ci il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonundan anadan olmuşdur. X13 Yaqorovna Azərbaycan Respublikası vətəndaşıdır (Şəxsiyyət vəsiqəsinin nömrəsi: AZE ********). Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək ərizəçinin Azərbaycan Respublikasının ərazisində 1992-ci ildən hal-hazıradək yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktının təsdiq edilməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Gürcüstan SSRİ, Bolnisi rayonunda anadan olmuşdur. X2, anası X7. xx.xx.2004-cü il tarixdə verilmiş AZE seriyal 02133053 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1938-ci il tarixdə Gürcüstan, Dmanisi rayonu, Keyvan-Bulqason kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 94 saylı MKİS tərəfindən verilmiş 551 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Gen.Mehmandarov küçəsi, 16 saylı evin, 12 saylı mənzilində 1992ci ildən qeydiyyatsız yaşayır. İV-ТИ seriyalı, 532719 saylı pasportun surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Gürcüstan SSRİ, Bolnisi rayonunda anadan olmuşdur. Gürcüstan Səfirliyi tərəfindən xx.xx.1960-c il təvəllüdlü Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Gürcüstanın Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddənin “a” altbəndinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X4 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən o, Gürcüstan vətəndaşı hesab olunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. 1992-ci ildən qonşuluqda yaşayırlar. Sakit tərbiyəli adamdı. Əvvəl anası ilə yaşayırdı. Anası rəhmətə gedib. Qızı ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, 1992-ci ildən Rafik onun qonşusudur. Əvvəl anası ilə yaşayırdı. Anası rəhmətə gedib. Qızı və nəvələri ilə yaşayır. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin 1992-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasında yaşama və heç bir dövlətin vətəndaşı olmamasına dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Ərizəçi 1992-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşı olmaması tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş Ərizəçi 1992-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşı olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar