Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7733/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 209K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə profesional sürücü kimi Mercedes EVRO 5 markalı avtomaşınların sürücüsü kimi bir illik müddətinə 163 K nömrəli əmirlə sürücü işinə qəbul edilmişdir, o, həmin CHEM TRADE” Məhdud Məsulliyətli Cəmiyyətdə 3 (üç) ay sürücü işləmişdir, xx.xx.2023-cü il tarixinə kimi orada işləmişdir, müəssisə rəhbərliyinin ona verdiyi avtomaşın qüsurlu olduğu üçün o dəfələrlə yollarda qalmış, hər dəfə avtomaşınla yolda qaldığı üçün o baş direktorun sürücüsünə zəng edib məlumatlandırmışdır, bu səbəbdən də mühəndis, qaraj müdürünün qəzəbinə tuş gəlmişdir ki, “avtomaşın xarab olanda niyə baş direktorun sürücüsünə məlumat verir, oda öz rəhbərinə məlumat veriri buna görə rəhbərlik tərəfindən onlara söz gəlir”, oğlu X1 Qarabağ Müharibəsində hər İki gözündən şikəst olduğu üçün onun müalicəsi məqsədilə müalicələrə aparmış, qanunsuz olarq işdən çıxarıldığı üçün Əmək müfətliyinə müraciət etmişdir ki, Cavabdeh MMC-də işlədiyi zaman ona verilmiş avtomaşın qüsurlu olduğu üçün yolda qaldığına görə heç kəsə zəng çatmamış, o da məcbur olub baş direktorun sürücüsnə zəng etmişdir ki, avtomaşın xarab olub, yolda qalmışdır, bu səbəbdən onu işdən qanunsuz olaraq Azər adlı baş mexannik, qarajın mexanniki Vüqar adlı şəxs və Şirvan adlı slesar onu işdən çıxarmışdır, ƏƏSMN-nin Əmək Müfətlişliyi dediyinə görə Cavabdeh MMC-ni cərimə etmişdir, ancaq onu işinə bərpa etməyə və buraxılmış iş vaxtlarını ödənilməsinə dair heç nə etməmişdir, oğlunun müalicəsini yoluna qoyduqdan sonra başı açılan kimi Əmək Müfətişliyi ilə əlaqə saxlamış, onlar isə bildimişlər ki, məhkəməyə müraciət etməlidir, məcbur olub məhkəmə qaydasında onun işdən qanunsuz olaraq çıxarılmağı və məcburi qaydada iş buraxılmaya görə iddia qaldırmışdır, Cavabdeh MMC-də baş mexanniki Azər müəllim ona hədə qorxu gələrək deyir ki, maşın sürə bilmirsən halbuki Türkiyədən, Gürcüstandan belə həmin MMC-dən idarə etdiyi avtomobillə relslərə getmişdir, Cavabdeh MMC-nin baş mexanniki Azər, qaraj mexaniki və slesar Şirvan adlı şəxs tərəfindən tərəfindən hədə qorxu gələrək təhdid edərək ona ağ vərəqə imza etdirmişlər.Bu əsaslada işdən azad etmişlər. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınaraq, iddiasının təmin edilməsini və işə bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun izahat verərək və iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə şirkətə "Yük maşını sürücü" vəzifəsinə qəbul edilmişdir və onunla 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı bir müddət işlədikdən sonra xx.xx.2023-cü il tarixdə şirkət rəhbərliyinə müracət edərək 2023-cü ilin avqust ayından etibarən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının bu xahişini nəzərə alaraq, onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 209KN°-li əmrlə qanunvericiliyin tələbinə uyğun qaydada xitam verilmiş, son haqq-hesab məbləğləri ona tam şəkildə ödənilmişdir. Üzərindən bir ilə yaxın müddət keçdikdən sonra iddiaçı Xətai rayon məhkəməsinə müraciət edərək işə bərpa olunmaq, habelə məcburi buraxılmış işə görə əmək haqqının ödənilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş edir. Əmək müqaviləsinə xitam verilməsinin əsaslan Əmək Məcəlləsinin 68-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə əsaslardan biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir (68.2 (a)). Şirkət İddiaçının təşəbbüsünü (xx.xx.2023-cü il tarixli ərizəsini) nəzərə alaraq onun əmək müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam vermişdir. Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən ona müvafiq ödənişlər edilmişdir. Bundan əlavə, iddiaçı iddia müddətini ötürmüşdür. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri Əmək Məcəlləsinin 296-cı maddəsində təsbit edilmişdir. Bəzi hallar istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin göründüyü kimi, iddiaçı bir ilə yaxın müddətdən sonra məhkəməyə müraciət etmişdir. Sonda Nümayəndə iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli Əmək müqaviləsindən görünür ki, tərəflər arasında onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il 1 gün müddətinə müqavilə bağlanmışdır. İddiaçı Cavabdeh MMC-yə yük maşını sürücüsü vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən işə başlamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, İddiaçı şirkət rəhbərliyinə müraciət edərək, onu öz xahişi ilə 2023-cü ilin avqust ayından tutduğu vəzifədən azad etməyi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 209K №-li Əmrindən görünür ki, Cavabdeh MMC-nin “ümumi” bölməsində “Yük maşını sürücüsü” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2 “a” – tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən, xx.xx.2023-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 3.5 məzuniyyət son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixli 163K nömrəli Əmrlə xx.xx.2023-cü il tarixdən Cavabdeh MMC-yə yük maşını sürücüsü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli 209-K nömrəli Əmrlə xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 68.2a (öz xahişi ilə) maddəsinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü təqvim ili üçün tərtib edilmiş haqqhesab sənədindən görünür ki, İddiaçı ödənilməli olan məbləğ 756,04 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1273 nömrəli "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, son haqq-hesab məbləği 756,04 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xxxxxxx6240002 nömrəli Müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı DOST Mərkəzinə Cavabdeh MMC tərəfindən ərizə yazılmadan əmək müqaviləsinə 68.2a maddəsi ilə xitam verildiyini bildirərək, bu məsələnin araşdırılması ilə bağlı müraciət etmişdir. İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16- 01378 nömrəli xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı işə bərpa, məcburi buraxılmış iş vaxtının ödənilməsi tələbinə dair mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC isə iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə verilmişdir. İş materiallarında olan 4 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il 1 gün müddətinə Cavabdeh MMC-yə yük maşını sürücüsü vəzifəsinə işə qəbul edilmişdir, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 209K №-li Əmrlə AR ƏM-in 68.2 “a” – tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən, xx.xx.2023-cü il tarixindən xitam verilmiş, əmrə əsasən işçinin istifadə edilməmiş 3.5 məzuniyyət son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.Tərəflər arasındakı mübahisə İddiaçı işə bərpa edilməsi barədədir. İşçi, işdən azad olunmasının araşdırılması ilə bağlı ilk olaraq X3 Xidmətinə müraciət etmiş, onun müraciətinə xx.xx.2024-cü il tarixdə cavab verilmişdir, daha sonra iddiaçı fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, iddiaçı, işdən çıxarılma barədə ərizəni hədə-qorxu, təhdid ilə imzaladığını, imzalayarkən boş kağızı imzaladığını, əmək müqaviləsinə xitam verildikdən sonra oğlunun müalicəsi ilə bağlı hər hansı tədbir görə bilmədiyini, bundan sonra Əmək Müfəttişliyinə, dövlət orqanı tərəfindən məhkəməyə müraciət etməsi barədə məlumat verildikdən sonra məhkəməyə ərizə verdiyini, cavabdehin “müddətin ötürülməsi” barədə mövqeyinin həqiqəti əks etdirmədiyini bildirir, cavadbeh əmək mübahisələri ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Bununla belə, iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzisndə verilməsinə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, iddiaçı bundan sonra hüquqlarının bərpası məqsədilə X3 Xidmətinə müraciət etmiş, onun müraciətinə xx.xx.2024-cü il tarixdə cavab verilmişdir ki, bu da iddiaçının ən geci həmin tarixdə hüququnun pozulduğunu bildiyini göstərir, bununla belə iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə, iddiaçının müddətlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, bu sübutetmə yükü ilə bağlıdır, belə ki, iddiaçı, uzun müddət ərzində məhkəməyə müraciət etməməsini “oğlunun müalicəsi” ilə əlaqələndirmişdir ki, bu halda da iddiaçı oğlunun müalicəsinin ancaq ondan asılı olmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair hər hansı sübut təqdim etməməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İkincisi, iddiaçı məhkəmədə “oğlunun müalicəsini yoluna qoyduqdan sonra başı açılan kimi Əmək Müfətişliyi ilə əlaqə saxladığını, Əmək Müfətişliyinin isə ona məhkəməyə müraciət etməsi barədə cavab verdiyini” bildirir və onun özünün təqdim etdiyi iş materiallarından vətəndaşa bu barədə xx.xx.2024-cü il tarixdə cavab verildiyi görünür ki, bu da onun eyni vaxtda pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanında olmasını təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin ... təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “onunla əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixli 209K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “onunla əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 209K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7733/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7733/2024
06.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver