Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7735/2024 14.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsiniə xitam verilməsinə dair 16 noyabr 2023-cü il tarixli, 816/k saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin xəstəxananın maqnitrezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsinə işə bərpa edilməyi və iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Respublika Neyrocərrahiyyə Xəstəxanasında 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək maqnitrezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmişdir. İki dəfə atestasiya imtahanlarından keçə bilmədiyi üçün Direktorun 16 noyabr 2023-cü il tarixli, 816/k saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı 3-cü dəfə atestasiya imhanından keçərək 19 dekabr 2023-cü il tarixdə sertifikasiya şəhadətnaməsi almışdır. Həmin şəhadətnaməni xəstəxanaya təqdim etmişdir. Direktorun yanında olmuş, şəhadətnaməni ona təqdim etmişdir. Lakin Direktor həmin şəhadətnaməni iddiaçıdan qəbul etməmiş və iddiaçını da işə bərpa etməmişdir. Onun verdiyi əmr qanunsuzdur. Həmin əmr AR Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir. Belə ki, iddiaçı dağınıq skleroz diaqnozu ilə 2-ci qrup əlildir, məhz bu səbəblərə görə direktor iddiaçını işdən çıxara bilməzdi. Lakin o, qanunu pozub, yəni, Əmək Məcəlləsinin 16-cı və 79-cu maddələrini tələblərini kobud surətdə pozub iddiaçını işdən çıxarmışdır. İddiaçı Xəstəxananın Baş həkimindən, X2 Bakı şəhər İdarəsinin rəisinə və digər orqanlara şikayət etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Əmək Müfəttişliyi heç bir hərəkət etməmiş, iddiaçıya heç bir köməklik etməmiş, işi hərtəfli araşdırmamış, iddiaçının ərizəsini bir kənara atmış, Baş həkim barəsində inzibati tədbir görməmişdir. İddiaçı dəfələrlə ora zəng vurmuş, iddiaçını hər dəfə arxayın edirlər, onu aldadırlar, lakin işə baxmırlar, süründürməçiliklə məşğul olurlar. Əmək Müfəttişliyindən iddiaçıya cavab gəldikdən sonra iddiaçı Mediasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh mediatorun yanına gəlməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət edir. Bu səbəbdən də işdən azad edilməsi barədə əmri qanunsuz və əsassız hesab edir. Hesab edir ki, işəgötürənin bu əmri tam qanunsuzdur və əsassızdır. İddiaçını işdən çıxaran zaman həmçinin həmkarlar ittifaqının razılığı olmamış, bu barədə heç bir iclas keçirilməmiş, iddiaçını iclasa dəvət edən olmamış və ona heç bir xəbərdarlıq edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, etirazda qeyd etmişdir ki, İddiaçı 2006-cı il tarixdən tibb müəssisəsinin Radiologiya şöbəsində Şüa diaqnostikası üzrə həkim vəzifəsində 16 noyabr 2023-cü il tarixədək çalışıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında ali və orta səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Belə ki, İddiaçı ilk dəfə 22 may 2012-ci il tarixdə, daha sonra 25 dekabr 2017-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində şüa diaqnostika ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İddiaçı sonuncu sertifikasiya şəhadətnaməsinin (AH №027554) müddəti 26 dekabr 2022-ci il tarixdə bitmişdir. Həkim İddiaçı 02 fevral 2023-cü il tarixdə növbəti sertifikasiya imtahanında iştirakı üçün 16 dekabr 2022-ci il tarixdə test imtahanına buraxılış vərəqəsi təqdim olunmuşdur. Lakin İddiaçı səhhətində olan problemlərini əsas gətirərək 02 fevral 2023-cü il tarixdə olan “Şüa diaqnostika” ixtisası üzrə test imtahanında iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova tərəfindən daxil olmuş məktuba əsasən şüa diaqnostika üzrə həkim İddiaçı 25 iyun 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi təqdim olunmuşdur. İddiaçı həmin imtahanda iştirak etmiş, lakin, 26 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Belə ki, adı çəkilən məktubda əlavə olaraq, İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət edə biləcəyi qeyd olunmuşdur. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun 07 avqust 2023-cü il tarixli №535-K əmrinə əsasən Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı praktik tibbi fəaliyyətinə buraxılmaması qərara alınmış və “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu”n 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası”na müraciət etməsi qeyd olunmuşdur. Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı “Əhalinin sağlmlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu”nun 48-ci maddəsinə uyğun olaraq “Döş qəfəsi orqanlarını xəstəliklərinin şüa diaqnostikası” üzrə ixtisasartırma kursu keçmək üçün 25 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək ADHTİ göndərilməsi haqda 01 sentyabr 2023-cü il tarixli №621-K nömrəli Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun əmri verilmişdir. 15 noyabr 2023-cü il tarixdə Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı 2-ci dəfə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası”nın təşkil etdiyi imtahanında iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova tərəfindən daxil olmuş məktuba əsasən şüa diaqnostika üzrə həkim İddiaçı təkrarən 15 noyabr 2023-cü il tarixdə test imtahanından keçə bilməyərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67- 1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq (Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır) həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə): Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan İşçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir) xitam verilməsi, müvafiq tədbirlər görərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsi bildirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun 16 noyabr 2023-cü il tarixli №816-K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı 16 noyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 15 dekabr 2006-cı il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. 17 iyul 2021-ci il tarixli Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in ştat cədvəlinə əsasən Radiologiya şöbəsində süa diaqnostikası üzrə həkim vəzifəsi 8 ştat vahidi nəzərdə tutulmuşdur və hazırda bu vəzifə üzrə vakansiya mövcud deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyası”nın xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (ş/v 1507080) barəsində sonuncu müayinəyə dair məlumatlarında qeyd olunmuşdur ki, “Dağınıq skleroz, Serebrospinal forma kəskinləşmə dövrü, aşağı ətrafların spastik dərin paraparez ilə” diaqnozu xx.xx.2020-ci il tarixdə (forma 88 nömrəsi: 0100003AAC65), əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2025-ci il tarixədək; əlillik səbəbi: Ümumi xəstəlik; əmək qabiliyyətinin itirilmə faizi: əmək zəmanəti: yüngül əmək; qeyd edilmişdir. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyası”nın təqdim etdiyi sənədə əsasən yüngül xarakterli əmək fəaliyyətilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Heyətinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2020-ci il tarixli №02 Qərarının 7 bəndini (Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələrin verilməsi şərtləri), 7.1, 7.1.12 və 7.1.16 bəndlərinə əsasən şüa diaqnostikası sahələrində vəzifələrini icra edən həkim və kiçik tibb personalı sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində çalışırlar. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli № 1(008)-787/2022 cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi (“Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə”) ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla yaşayış yerini hər gün saat 00:00-dan 06:00-dək tərk etməmək, habelə epidemiya əlehinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçı cavabdeh olan xəstəxanada 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş əlillik haqqında 07 iyun 2021ci il tarixli arayışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən, dağınıq skleroz, serebrospinal forma kəskinləşmə dövrü, aşağı ətrafların spastik dərin parez, çanaq orqanlarının funksiyalarının pozulması diaqnozu ilə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçı ilk dəfə 22 may 2012-ci il tarixdə, daha sonra 25 dekabr 2017-ci il tarixdə sertifikasiyadan keçmişdir. Ona verilmiş sonuncu şəhadətnamə 26 dekabr 2022-ci il tarixdə qüvvədən düşmüşdür. İddiaçının sertifikasiya imtahanından keçməsi üçün 26 may 2023-cü il tarixdə ona test imtahanına buraxılış vərəqəsi verilmişdir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı 25 iyun 2023-cü il tarixdə sertifikasiyadan keçmədiyinə görə 05 avqust 2023-cü il tarixdən praktik tibb fəaliyyətinə buraxılmaması əmr edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı ixtisasartırma kursu keçməsi üçün 25 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutuna göndərilməsi əmr edilmişdir. Bundan sonra iddiaçının sertifikasiya imtahanından keçməsi üçün ona yenidən 11 oktyabr 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi verilmişdir. İddiaçı həmin imtahandan keçə bilməmişdir. Səhiyyə Nazirliyinin “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə ünvanladığı məktubla sertifikasiyadan təkrar keçə bilməyən şüa diaqnostika şöbəsində çalışan İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin 16 noyabr 2023-cü il tarixli 816- K nömrəli əmrinə əsasən tərəflər arasında bağlanmış 15 dekabr 2006-cı il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. İş materiallarında olan AH seriyalı 055359 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, iddiaçı Şüa diaqnostika ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 19 dekabr 2023-cü il tarixdə sertifikasiyadan keçmişdir. İddiaçı hüquqlarının pozulması ilə əlaqədar müvafiq qurumlara müraciətlər ünvanlamışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə 2023-cü ilin noyabr ayının 16-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cü ilin avqust ayının 29-da müraciət etməsi, mediasiya prosesinə 08 sentyabr 2024cü il tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra 16 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, №816-K nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2023-cü ilin noyabr ayının 16-da başlanmış, iddiaçı həmin tarixdən 9 ay keçdikdən sonra - 2024-cü ilin 29 avqust tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 08 sentyabr 2024-cü il tarixindən etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən yalnız 10 gün keçdikdən sonra - 16 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, vəsatət tam əsassızdır. Belə ki, iddiaçı dağınıq skleroz xəstəsidir, 2-ci qrup əlildir, iddiaçı işdən çıxarıldıqdan sonra güclü stress keçirmişdir, ayaqları tutulmuş və öz yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəsbəsi, S.Qocayev küçəsi, ev 27, mənzil 112-də 2023-cü il dekabr ayının ortasından 2024-cü il fevral ayının axırınadək xəstə yatmışdır və ev şəraitində müalicə almışdır. Qonşular iddiaçının evdə xəstə yatmağına görə tez-tez gəlib evdə ona baş çəkmişlər, müalicəsi ilə maraqlanmışlar. Ona görə də iddiaçı üzrlü səbəbə görə məhkəməyə vaxtında iddia ərizəsi ilə müraciət etməmişdir. Buna baxmayaraq iddiaçı sağalan kimi 20 fevral 2023-cü ildə və 13 iyun 2024cü il tarixdə X4 Xidmətinə, habelə aidiyyatı orqanlar ərizə ilə müraicət etmiş və ərizənin cavabını gözləmişdir, lakin oradan ona məktub gec göndərilmişdir. Bundan başqa iddiaçı Mediasiya Təşkilatına müraciət etmişdir və beləliklə də iddiaçı üzrlü səbəblərə görə müddəti ötürmüşdür. Ona görə də iddiaçının xəstəliyi ilə əlaqədar buraxılmış müddətin üzrlü hesab olunub bərpa edilməsi mümkündür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində qeyd olunur ki, “Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.” İddiaçı tərəfindən təqdim edilmiş 18 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, iddiaçının qonşuları tərtib edilmiş aktı imzalayaraq iddiaçının 2023-cü ilin oktyabr ayında 2024-cü ilin fevral ayına qədər yaşadığı evdə xəstə yatdığını və ev şəraitində müalicə aldığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəyə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 67-1.4-cü maddəsinə görə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. 67-1.5-ci maddəsinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydaları: 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında ali və orta səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığlının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: 49-1-ci maddəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının sertifikasiyadan ardıcıl olaraq 2 dəfə keçməməsi səbəbindən xitam vermişdir. İddiaçının vəkili məhkəmə araşdırması zamanı verdiyi izahatda bildirmişdir ki, iddiaçının işdən azad edilməsi səlahiyyətli orqanın qərarı əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilməli olduğu halda, hər hansı orqanın belə bir qərarı mövcud olmamışdır. Odur ki, əmr qanunsuz və əsassızdır. Eyni zamanda əmr qəbul olunarkən iddiaçının ikinci qrup əlil olması, xəstəliyinin olması, yenidən sertifikasiyadan keçməsi halları nəzərə alınmamışdır. İstinad olunan hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının səlahiyyətli orqanın qərarı olmadan işdən çıxarılması barədə əmr qanuna uyğun şəkildə qəbul edilmişdir. Belə ki, iddiaçının sertifikasiyadan keçməməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən cavabdeh quruma e-mail vasitəsilə məlumat daxil olmuş, cavabdehə müqaviləyə xitam verilməsi ilə bağlı göstəriş verilmişdir. Eyni zamanda iddiaçının onun ikinci qrup əlil olması ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasına münasibətdə məhkəmə qeyd edir ki, mülki işin araşdırılması zamanı iddiaçı ilə əmək müqaviləsinə onun dağınıq skleroz xəstə olması səbəbindən xitam verilməsi halı aşkar edilməmişdir. Müqaviləyə xitam verilməsinin əsası iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlməməsi, yəni sertifikasiyadan keçməməsi olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ikinci qrup əlil olduğu üçün ona yüngül xarakterli əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Qərarına əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı müəyyən edilmiş və radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.) həmin siyahıya daxil edilmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə iddiaçının ardıcıl olaraq 2 dəfə sertifikasiyadan keçə bilməməsi səbəbindən onunla əmək müqaviləsinə qanunun tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçının 3-cü cəhddən sonra sertifikasiyadan keçməsi hazırkı işin kontekstində heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, işdən çıxarılma ilə bağlı əmr 16 noyabr 2023-cü il tarixdə verilsə də iddiaçı 17 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa edilməsini xahiş edərək həm iddia müddətini ötürməsini etiraf etmiş, həm də buna əsas olan səbəblərin üzrlü hesab edilməsini xahiş etmişdir. Üzrlü səbəb olaraq da iddiaçının keçirdiyi stres nəticəsində səhhətində problemlərin yaranmasını göstərmişdir. İstinad etdiyi hal sübuta yetirmək üçün qonşular tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının göstərdiyi səbəbləri iddia müddətinin bərpa edilməsi üçün kifayət hesab etmir. Belə ki, məhkəmə iddiaçının xəstəliyi nəzərə alınmaqla onun müalicəsinin həkim müşahidəsi altında aparılmalı olmasını hesab edir. Lakin iddiaçı ev şəraitində müalicə aldığını, özünün həkimi olduğunu əsas gətirərək başqa həkim nəzarətinə ehtiyac olmadığını və həqiqətən də hər hansı müayinələrdən keçdiyini, stasionar və ya ambulator şəraitdə müalicə aldğını sübuta yetirə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda da gecikmənin səbəbi olaraq müxtəlif dövlət orqanlarına şikayət etməsini və həmin orqanlardan cavab gözləməsini, həmçinin Əmək Müfəttişliyinin ona gec cavab verməsini əsas kimi göstərmişdir. Məhkəmə iddiaçının bu əsaslandırmasını da məqbul hesab etməyərək belə qənaətə gəlir ki, iddiaçının müraciət etdiyi dövlət orqanları məsələnin mahiyyəti üzrə həllinə nail ola biləcək orqanlar olmamış, iddiaçı mediasiyaya müraciət etməklə məhkəməyə iddia verməli olduğu halda prokurorluq və digər orqanlara müraciət ünvanlamışdır. Beləliklə, müddətin ötürülməsində hər hansı üzrlü səbəb aşkar edilmədiyindən, məhkəmə iddiaçının ərizəsini təmin etmədən iddia müddətinin ötürülməsi ilə iddianın verilməsi barədə qətnamə qəbul edilməsini qanunauyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə iddia verildiyindən, rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı – cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsiniə xitam verilməsinə dair 16 noyabr 2023-cü il tarixli, 816/K saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin xəstəxananın maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsinə işə bərpa edilməyi və iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7735/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7735/2024
14.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver