Məhkəmə qərarları › İş №2(011)-7737/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7737/2024

19.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7737/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı Cəmiyyətin 1983 K saylı əmri ilə Pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 4705 K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) uyğun olaraq xitam verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabehin onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 4705 K saylı əmrin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2023-cü ildə cavabdehlə rəsmi qaydada əmək müqaviləsi bağlayaraq Cəmiyyətin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul olunmuşdur. Yaşayış yeri olan Masazır qəsəbəsindəki Cavabdeh mağazasında vakansiya olmadığı üçün şirkətin Xırdalan şəhərində fəaliyyət göstərən mağazasında kassir vəzifəsində işə başlamışdır. Təxminən 2 ay işləsdikdən sonra vakant yer olduğu üçün onu Masazırdakı mağazaya göndərmişlər. Çalışdığı müddət ərzində nizam-intizam qaydalarına tam olaraq riayət etmiş və işində heç bir səhlənkarlığa yol verməmiş, işəgötürənin bütün tapşırıqlarını yerinə yetirmişdir. Masazırda yerləşən Cavabdeh mağazasında işlədiyi zaman Xırdalan şəhərində yeni Cavabdeh mağazası istifadəyə verildiyi üçün rəhbərliyin tapşırığı əsasında 3 gün müddətində həmin mağazaya işləməyə göndərilmişdir. Mağazanın açılışı ilə əlaqədar çox gərgin iş rejimində işləmişdir. Masazırdakı mağazaya əvvəlki iş yerinə qayıtdıqda mağazanın açılışı ilə bağlı Xırdalandakı mağazada işlədiyi 3 günün əvəzinin verilməyəcəyi bildirilmişdir. Bu onda haqlı narazılığa, etiraza səbəb olmuşdur. Onsuz hər ay maaşda azalmalar, əksikliklər olurdu. Bununla bağlı əvvəlcə mağazanın rəhbərliyinə müraciət etsə də, nəticəsi olmamışdır. Onun haqqı olan, əmək haqqının əssasız kəsilməsi onu çox sarsıtmışdır. Buna görə də işdən çıxmaq qərarına gələrək, şirkətin baş ofisinə gedərək işdən çıxmaq barədə ərizə yazmağı qərara alımışdır. Çünki, bütün işdən çıxan işçilər baş ofisə gedərək yalnız orada ərizə yazaraq işdən çıxırdılar. Baş ofisə yaxınlaşanda ondan işdən öz xahişi ilə çıxmağı barədə ərizə almaq əvəzinə işdən çıxmağınının səbəbi soruşulmuş, bununla bağlı izahat verməyi xahiş olunmuşdur. O, şifahi izahatında səbəbi barədə yəni Xırdalandakı yeni mağazanın açılışı ilə bağlı orada işlədiyi 3 günə görə əmək haqqı hesablanmaması barədə məlumat vermişdir. Lakin ona işdən çıxmaq barədə ərizə yazmağına imkan verilməmiş, əksinə ondan yazılı izahat yazmağı istənilmiş, üzrlü səbəbdən tələsdiyi üçün buna vaxtının olmadığı üçün çıxıb getmişdir. Cavabdeh şirkətə işdən çıxmağı barədə rəsmi məlumat verdiyi üçün arxayın olub artıq yeni iş axtarmağa başlamışdır. Yeni iş tapandan sonra əmək kitabçanı götürmək üçün cavabdehin baş ofisinə gedəndə onlar ona heç bir əmr deyil, yalnız əmək kitabçasını vermişdir. Əmək kitabçasında işdən çıxmaq barədə qeyd diqqətini çəkmiş, bu qeydin onun işləməyinə mane olub-olmadığını soruşduqda cavabdehin əməkdaşı qeydin məzmunu barədə ona izahat vermədən sadəcə başqa yerdə işləməyinə mane olmadığını bildirmişdir. Lakin sonradan əmək kitabçasını “Tam store” mağazasına iş üçün təqdim edəndə ona bildirdilər ki, sonuncu iş yeri onu 70-ci maddənin “ç” bəndi ilə xx.xx.2023-cü il tarixli, 4705K saylı əmrlə işdən çıxardığı üçün onu işə götürə bilməzlər. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh şirkət onunla əmək müqaviləsinə öz xahişiylə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023cü il tarixli əmək müqaviləsi bağlanmış, lakin əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xx.xx.2023-cü il tarixindən cavabdehlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşçinin əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq qeydlər aparılmış və xx.xx.2023-cü il tarixdə ona təhvil verilmişdir. Bu məsələnin mübahisəsiz tərəfidir və şəxsin imzası ilə təsdiqlənir. Bütün bunlar onu göstərir ki, şəxs Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən çıxarıldığını bilirdi. İddiaçıya xx.xx.2024-cü il tarixli mediasiya prosessinin tətbiqi barədə təklifini göndərmişdir. Onun iş materiallarına əlavə etdiyi ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış isə ona xx.xx.2024-cü il tarixində verilmişdir. Şəxsin əmək kitabçasını təhvil aldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən Cavabdeh MMC-yə mediasiya prosessinin tətbiqi barədə təklifin göndərilməsinədək, yəni xx.xx.2024cü il tarixədək 7 ay, 7 gün, mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış verildiyi gündən, yəni xx.xx.2024-cü il tarixindən məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günədək, yəni xx.xx.2024-cü il tarixədək isə 1 ay, 1 gün müddət keçdiyini nəzərə alınsa, ümumilikdə 8 ay, 8 gün müddət ötürülmüşdür. Bu da Əmək Məcəlləsi ilə nəzərdə tutulan 1 aylıq iddia müddətindən artıqdır.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

9. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

10. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

12. Maddə 296, 2-ci bənd. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

13. Maddə 296, 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

14. Maddə 296, 3-cü bənd. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

20. İddiaçı xx.xx.2023-cü il tarixli, 4705 K saylı əmrin pozuntuya yol verilərək qəbul edildiyindən ləğv edilməsini iddia edir.

21. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olub-olmaması, ikincisi iddiaçının iddia etdiyi kimi, həqiqətən xx.xx.2023-cü il tarixli, 4705 K saylı əmrin qanuni olub-olmamasının müəyyən edilməsi daxildir.

22. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh Cəmiyyətdə kassir vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə isə AR ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

23. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı olan məsələdir. Bu hüquqi dəyərləndirmənin başlanması üçün isə ən vacib şərt belə bir iddia irəli sürməkdən ötrü hüquqi imkanların tükənməməsidir.

24. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi ikinci hüquqi əsası (əmrin qanuniliyi məsələsini) araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdyünü bildirir.

25. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır.

26. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 4705 K saylı əmrin ləğvi barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə təqdim etmişdir.

27. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli əmrin ona təqdim edilməməsi ilə əlaqələndirsə də, məhkəmə onun bu dəlilləri ilə razılaşmır. Çünki, qanunvericilik fərdi əmək mübahisələrinin həlli üçün konkret iddia müddəti müəyyən etmişdir. Qanunun tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərizində mübahisə barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. ƏM-də iddia müddətinin axımının başlandığı işçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilir. Əmək Məcəlləsində işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə 3 sənədin əmək müqaviləsinin ləğvi barədə əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir.

28. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə əmək kitabçasına müvafiq qeyd edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək kitabçası və son haqq-hesab iddiaçıya verilmişdir. İşin bu halı iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlər əsasında da öz təsdiqini tapır. Belə ki, iddiaçı iddia ərizəsində əmək kitabçasını təhvil alarkən əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qeydi gördüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyi kimi əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim edilmədiyi ehtimal edilsə belə, əmək müqaviləsində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə hansı əsasla xitam verilməsi qeyd edilmişdir.

29. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

30. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

31. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar