Məhkəmə qərarları › İş №2(011)-7779/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7779/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7779/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı "Asan Xidməti" Mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 10 noyabr 1968-ci il tarixində Ermənistan SSR-in Qafan şəhərində doğulması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X5 ərizəni müdafiə edərək izahatında bildirdi ki, onun mərhum əri, ərizəçinin atası X8 10 noyabr 1968-ci il tarixində Ermənistan SSR-in Qafan şəhərində anadan olmuşdur. Onun doğum haqqında Şəhadətnaməsi mövcud deyildir. Düzdür, məhkəməyə təqdim etdiyimiz sənədlərdə mərhumun doğum haqqında şəhadətnaməsini surəti olsa da, əsli yoxdur. O vaxt qaçqınlıq dövründə bir sıra sənədlər itmişdir. X8 07 dekabr 2024-cü il tarixində vəfat etmişdir. Hazırda ərizəçi vərəsəlik hüququnun müəyyənləşdirilməsi üçün notariusa müraciət edib. Lakin notarius tərəfindən ona bildirilib ki, vərəsəlik işinin açılması üçün mərhumun şəxsiyyətini və doğum faktını təsdiq edən sənəd təqdim edilməlidir. Ədliyyə Nazirliyinin 6 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Qeydiyyat şöbəsinə ərizə ilə doğum şəhadətnaməsinin verilməsi üçün müraciət etmişik. "ASAN xidmət" tərəfindən xx.xx.2025-ci il tarixli məktubla şəhadətnamənin verilməsindən imtina cavabı təqdim olunmuşdur Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı "Asan Xidməti" Mərkəzinin qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubla işə qeydiyyat şöbəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X8 onun yeznəsidir, 1968-ci ilin noyabr ayının 11-də Ermənistan SSR-in Qafan şəhərində doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* saylı AR vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 doğum tarixi xx.xx.1968, doğum yeri “Emənistan” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı "Asan Xidməti" Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydininin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olmadığından ərizəçiyə aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Vİ СЛ seriyalı, 443910 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1968-ci ildə, Ermənistan SSR-in Qafan şəhərində doğulmuşdur, onun atası X9, anası X3r. İş materiallarında olan AZ-İ № 019745 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X8, milliyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, X8 xx.xx.1968-ci il tarixində Ermənistan SSR, Qafan şəhərində doğulmuşdur, onun atası X9, anası X3r, ərizəçi mərhum Ramiz Musayevin oğludur, mərhum X4 doğum haqqında şəhadətnaməsi yoxdur və onun doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır, X4 doğum tarixi xx.xx.1968-ci il, doğum yeri Emənistan SSR, Qafan şəhəri, milliyyəti isə azərbaycanlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.1968-ci il tarixdə anadan olması, anasının X6, atasının X9, doğum yerinin Ermənistan SSR-in Qafan şəhəri olması faktı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.1968-ci ildə Ermənistan SSR-nin Qafan şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində uşaq qrafasında “X8”, doğum tarixi “xx.xx.1968-ci il”, doğum yeri “Ermənistan SSR, Qafan şəhəri”, ata qrafasında “X9”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X6”, milliyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar