Məhkəmə qərarları › İş №2(011)-78/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-78/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-78/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Bakı şəhər, 9 saylı Notariat Kontorunda 07 oktyabr 2013-cü il tarixdə bağlanmış AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv edilməsi və həmin mənzilə dair Cavabdeh adına verilmiş xx.xx.2014-cü il tarixli mülkiyyətə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmalı və 259.0.6-cı maddəsi tətbiq olunmaqla iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-78/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 4/962 saylı rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı olduğundan, tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 126 manat iddiaçıya aid edilməli, ondan həmin məbləğ alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (yüz iyirmi altı) manat pul məbləği İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar