Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7807/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə , İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasındakı 06 noyabr 2019-cu ildə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ilə qohumluğu çatır, cavabdehin valideynləri iddiaçının anası ilə aralarında onların nikaha daxil olması ilə bağlı razılığa gəlmişlər. iddiaçı cavabdeh ilə 06 noyabr 2019-cu il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Onların arasında nikah bağlanmasına baxmayaraq, toyları olmamış, birgə ər-arvad kimi yaşamamışlar. Cavabdeh tərəfindən nikah ailə qurmaq niyyəti ilə bağlanmamışdır. O, iddiaçının atası İsraildə yaşadığı üçün onun nikaha daxil olmuş, onun əsl məqsədi iddiaçının atasının hesabına İsrailə köçüb orada yaşamaq olmuşdur. Onların arasındakı nikah formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən iddiaçının anası X1 öz izahatlarında bildirdi ki, iddiaçı və cavabdehi onlar tanış etmişlər. Onlar qohum olmuşlar. 2019-cu ildə iddiaçı cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Pandemiya ilə bağlı olaraq onların toyunu edə bilməmişlər. Sonradan onlar cavabdehin əsl məqsədinin evlənmək olmadığını, İsrailə gedib orada yaşamaq istədiyinə görə nikaha daxil olduğunu öyrənmişlər. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 06 noyabr 2019-cu il tarixdə nikahlarını bağlamışlar. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06 noyabr 2019-cu il tarixli AZ-İİ 368481 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ bəndinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır və etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə iddiaçı nikahın bağlanmasına könüllü razılığının olmadığını, valideynləri tərəfindən tanış edildiklərini qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər könüllü olaraq nikaha daxil olmuş, daha sonra aralarında müəyyən anlaşılmazlıqlar yaşandığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə cavabdehin iddianı etiraf etməsinə münasibət bildirərək hesab edir ki, iddianın etirafı qəbul edilə bilməz. Belə ki, məhz bu halda iddianın etirafı qanunvericiliyin tələbləri pozularaq iddianın təmin edilməsi barədə qərar çıxmasına yönəlmişdir. Odur ki, məhkəmə qanunvericiliklə nəzərdə tutulan nikahın etibarsızlığı üçün müəyyən edilmiş halların hazırkı iş üzrə mövcud olmadığı qənaətinə gələrək iddianın təmin edilməsini mümkünsüz hesab edir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı -onunla cavabdeh arasındakı 06 noyabr 2019-cu ildə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7807/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7807/2021
04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver