Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7841/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasmda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A-da yerləşən 85 saylı (rəhmətlik anası X4 mülkiyyətində olmuş) mənzilə vərəsəlik hüququnun tanınması və mənzildə onun 1/3 payının müəyyən olunması, həmin mənzilə dair cavabdehlərin qanunsuz olaraq əldə olunan sənədlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan mənzil anaları X5 mülkiyyətində olmuşdur. Həmin mənzildə o, hətta qızı və nəvəsi də qeydiyyatdadır. Anası 2020-ci ilin avqust ayında rəhmətə getmişdir. Qanunlara uyğun olaraq o və cavabdehlər vərəsəlik hüququna dair Bakı şəhəri 18 saylı notariat kontoruna müraciət etmişlər. Ən maraqlısı və təəccüblüsü isə odur ki, qanunla eyni bərabər hüquqa malik olmalarına baxmayaraq, nədənsə hətta məhkəmə səlahiyyətlərini öz üzərinə götürərək mənzili üç övlad arasında, yəni varislər arasında eyni bölməyərək cavabdehlərə həmin mənzildən hərəsinə 4/9, ona isə 1/9 pay ayırmışdır. Bu məsələnin aydınlaşdırılması üçün həmin notariat kontoruna dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif cavablar almış və rəsmi hər hansı bir məlumat verməkdən notariat kontoru yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olinması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və X6 iddia tələbini qəbul etməyərək əsassız olduöunu göstərmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişşdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 141577 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 85 saylı mənzil X5, Cavabdeh1 və Rüstəmova (Muxtarova) Zülfıyyə Yaqub qızının adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 309 saylı reyestr kitabının 44762 nömrəli səhifəsində 23.01.2003-cü il tarixdə 30/229 qeydəalma nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 30.11.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20.08.2020-ci ildə vəfat etmiş X5 vərəsələri qızları- Cavabdeh1, X6 və İddiaçıdır və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 85 saylı mənzilin 1/3 hissəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 18 saylı dövlət notariat ofisinin notariusu X3 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-174 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 85 saylı mənzil 4/9 hissədə Cavabdeh1, 4/9 hissədə X1 və 1/9 hissədə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 07.01.20121-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinin tələbinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka mirasqoyanın tam mülkiyyət hüququnun mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mirasqoyan X5 20.08.2020-ci ildə vəfat etdiyi, yəni mirasın açıldığı anda Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 85 saylı mənzilinin 1/3 hissəsi onun mülkiyyətində olmuş və həmin hissəyə dair onun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçı iddia tələbini hər hansı sübutla təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və üçüncü şəxs Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7841/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7841/2021
07.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver