Məhkəmə qərarları › İş №2(011)-7847/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7847/2021

05.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7847/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi, maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı İddiaçı mülkiyyət hüququnun müdafiə edilməsi, “Kia Optima” markalı, 2013-cü il buraxılışlı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq saz vəziyyətdə iddiaçıya təhvil verilməsi, dəymiş maddi zərədə görə 1000 manat hüquqi xidmət xərcinin, 3000 manat digər xərclərinin, 30 manat dövlət rüsumunun, mənəvi zərərə görə 1000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Kia Optima” markalı, 2013-cü il buraxılışlı, **- SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin avtomobili 27.07.2020-ci il tarixdı Salyan Rayonu 2 saylı notarius tərəfindən təsdiq edilmiş etibarnamə ilə Cavabdeh istifadəsinə vermişdir. Son zamanlar həmin avtomobil şəxsi tələbatlarına görə iddiaçıya lazım olduğundan cavabdehdən həmin avtomobili geri istəmiş, lakin cavabdeh avtomobili geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı 18.05.2021-ci il tarixdə 2 saylı notariusda cavabdehə verdiyi etibarnamə ləğv etmişdir. Bugünə kimi həmin avtomobil iddiaçıya geri qaytarılmadan və etibarnamə olmadan istismar olunmaqdadır. Bununla bağlı aidiyyəti polis orqanına müraciət etmişdir. Azərbaycan Respublikası DİN-nin Salyan Rayon Polis Şöbəsinin 22.09.2021-ci il tarixli məktubu ilə iddiaçının mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Digər tərəfdən iddiaçı cavabdehin qeyd edilən hüquqazidd əməllərinə görə dərin mənəvi iztirab keçirmişdir. Eyni zamanda, iddiaçı maddi zərərə uğramaqdadır. O, müxtəlif yerlərə taksi ilə gedib-gəlir, avtomobil amortizasiya olunmaqdadır, bu da avtomobilin dəyərini aşağı salır. Məhkəmədə iddia qaldırmaq və əmlakı geri tələb etmək üçün iddiaçı digər maddi xərclər çəkmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatdında göstərmişdir ki, mübahisəli avtomobil cavabdehin nə isitfadəsində, nə də sahibliyindədir. Belə ki, iddiaçı qeyd edilən avtomobili iki nəfərin, X5 və Cavabdeh istifadəsinə vermiş, daha sonra həmin etibarnamələri ləğv edilmişdir. Avtomobilin məhz cavabdehin istifadəsində olduğuna dair iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Yusubov X4 Alim Adil oğluna “Kia Optima” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsi səlahiyyətinin verilməsi haqqında 27.07.2020-ci il tarixdə etibarnamə vermiş, 18.05.2021-ci il tarixdə isə həmin etibarnaməyə xitam vermişdir. Mülki iş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Yusubov X4 Famil Alim oğluna “Kia Optima” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edilməsi səlahiyyətinin verilməsi haqqında 15.05.2020-ci il tarixdə etibarnamə vermiş, 18.05.2021-ci il tarixdə isə həmin etibarnaməyə xitam vermişdir. Mülki iş materiallarında olan Baş Dövlət Yol Polisinin 25.09.2021-ci il tarixli , 112396- 1221 nömrəli məktubdab və məktuba əlavə edilmiş DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasından çıxarışdan görünür ki, “Kia Optima” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.05.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin 22.09.2021-ci il tarixli, 323554-3221 nömrəli, 16.10.2021-ci il tarixli, 37928-1221 nömrəli məktublar və məktublara əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, İddiaçı məxsus “Kia Optima” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Salyan rayon ərazisində idarə olunma faktı aşkar olunmamışdır. Təfərlərindən axtarış tədbirləri davam etdirilir. Sonrakı müddətdə qeyd olunan “Kia Optima” markalı, 99 – SA-103 dövlət qeydiyyat nişanlı avtomobil hazırkı müddətdə duracağa yerləşdirilməsi və vət. İddiaçı təhvil verilməsi mümkün olmamışdır. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Kia Optima” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.05.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Sonuncu tərəfindən avtomobildən istifadə edilməsi səlahiyyətinin verilməsi barədə 27.07.2020-ci il tarixdə X6, 15.05.2020-ci il tarixdə Cavabdeh etibarnamələr verilmişdir. Həmin etibarnamələrə İddiaçı tərəfindən 18.05.2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, mübahisəli avtomobilə dair iki nəfərə - Cavabdeh və X6 etibarnamələr verilmiş, sonuncu verilmiş etibarnamə isə X6 verilmişdir. İddiaçı mübahisə predmeti olan avtomobilin cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etsə də, bu halı təsdiq edəcək kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiaçıya məxsus avtomobilin hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə yetərli sübut təqdim etməmişdir. Odur ki, iddia “Kia Optima” markalı, 2013-cü il buraxılışlı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq saz vəziyyətdə iddiaçıya təhvil verilməsi tələbinə dair hissədə sübuta yetirilmədiyindən rədd edilməldir. Məhkəmə dəymiş maddi zərədə görə 1000 manat hüquqi xidmət xərcinin, 3000 manat digər xərclərinin, mənəvi zərərə görə 1000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Məcəlləsinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia iddiaçıya dəymiş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin, iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı - 2013-cü il buraxılışlı "Kia Optima" markalı **-SA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq saz vəziyyətdə iddiaçıya təhvil verilməsi, dəymiş maddi zərərə görə 1000 manat, hüquqi xidmət xərcinin, 3000 manat digər maddi xərclərin, 30 manat dövlət rüsumunun, mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar