Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1148/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 Bəhmən oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2360/2021 saylı, 03.08.2021-ci il qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 Rəhman oğlundan alınaraq ona verilməsi, iddiaçıya vurduğu maddi ziyana görə - 5.000 (beş min) manatın və mənəvi zərərə görə 5.000 (beş min) manatın, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 10.030 (on min otuz) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə məxsus 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını müvəqqəti idarə etmək üçün etibarnamə ilə Cavabdeh1 vermiş, daha sonra iddiaçı avtomaşınını ondan geri tələb etsə də, cavabdeh neçə müddətdir hər dəfə bir neçə günə qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. İddiaçı cavabdehin adına verdiyi etibarnaməni də ləğv etdirmiş, cavabdehin əslində avtomobili geri qaytarmaq istəmədiyini və əmlakını mənimsəmək məqsədi güddüyünü anlamışdır. Artıq 3 aydır ki, cavabdehin qanunsuz hərəkətlərinə görə iddiaçı avtomobilsiz qalmış, ona maddi və mənəvi zərər də dəymişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
3. Sonradan iddia tərəf iddia tələbinni dəyişdirilməsi barədə ərizə təqdim edərək ona məxsus 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, 90-HZ514 dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 alınaraq ona verilməsi, iddiaçıya vurduğu maddi ziyana görə - 5.000 (beş min) manatın və mənəvi zərərə görə 5.000 (beş min) manatın, 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2360/2021 saylı, 03.08.2021-ci il qətnaməsi ilə iddia qismən təmin edilərək, “MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılması, Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (sədrlik edən: Aytən Novruzova).
5. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmib edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan 2007-ci il buraxılışlı, “Mercedes-Benz GL450 minik” markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını müvəqqəti idarə etmək üçün etibarnamə ilə Cavabdeh1 vermiş, o isə məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, digər Cavabdeh2 vermiş və ondan buna görə pul almışdır. İddiaçı avtomaşınını Cavabdeh1 geri tələb etsə də, neçə müddətdir hər dəfə bir neçə günə qaytaracağını bildirirdi, lakin avtomaşının “satmasını” demirdi. Bu şəxs hər iki şəxsə ziyan vurduğu halda, məhkəmə Cavabdeh1 tərəfindən ziyan vurulmasının iş materialları ilə təsdiq olunmaması nəticəsinə gəlmişdir. İddiaçı həmin vaxt ərzində maşınsız qalmış, məhkəmə çəkişməsinə məcbur olmuş, ona maddi və mənəvi zərər də dəymişdir. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı N.Qurbnov və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin ediməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarılmış 18.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, “MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı həmin avtomobili 1 il müddətinə, yəni 18.01.2022-ci il tarixə kimi idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün Cavabdeh1 etibarnamə vermiş, etibarnaməyə 09.03.2021-ci il tarixdə xitam verilmişdir;
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 21.04.2021-ci il tarixli, 016-44380-1221 saylı məktubuna əlavə edilmiş məlumatlara əsasən mülkiyyətçisi İddiaçı olan **-HZ-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ GL450” minik markalı avtomobilə 08.08.2019-cu il tarixdə şəhadətnamə verilmiş, daha sonra Cavabdeh1 18.01.2021-ci ildə, X2 19.01.2021-ci ildə və Cavabdeh2 05.02.2021-ci il tarixdə etibarnamə verilmişdir;
12. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2007-ci il buraxılışlı “MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 21.04.2021-ci il tarixli, 016-44380-1221 saylı məktubundan görünür ki, İddiaçı olan **-HZ-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ GL450” minik markalı avtomobilə 08.08.2019-cu il tarixdə şəhadətnamə verilmiş, daha sonra Cavabdeh1 18.01.2021-ci ildə, X2 19.01.2021-ci ildə və Cavabdeh2 05.02.2021-ci il tarixdə etibarnamə verilmiş, etibarnamə 09.03.2021-ci tarixdə xitam edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir.
14. İş materiallarından görünür ki, İddiaçı daşınar əmlakını (“MERCEDES BENZ GL450” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil) idarə etməyi, sürücülük hüququ olduqda idarə etməyi və onun üzərində sərəncam verməyi və digər səlahiyyətləri etibar etməsi barəsində Cavabdeh1 18.01.2021-ci il tarixi əhatə edən etibarnamə vermişdir. Göstərilən etibarnamə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən qeydə alınaraq təsdiq edilmiş, sonradan 09.03.2021-ci il tarixdə mülkiyyətçi tərəfindən verilən etibarnamə ləğv edilmişdir.
15. İş materialları ilə müəyyən edilir ki, idia tələbinin predmeti olan avtomobil hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Hüquqi dəyərləndirmə:
16. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Apellyasiya şikayətində qətnamə yalnız maddi və mənəvi zərərlə bağlı hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.
20. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində «maddi ziyana görə - 5.000 (beş min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat, 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq ona verilməsi» tələbini irəli sürmüşdür.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 2007-ci il buraxılışlı, "Mercedes-Benz GL450 minik" markalı, BAN № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına 5000 manat həddində zərər dəyməsi, bu zərərin isə məhz Cavabdeh1 tərəfindən vurulması iş materialları ilə təsdiq olunmur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. Kollegiya qeyd edir ki, qanunun mənasından göründüyü kimi, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması - hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır;
26. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi - bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz alması anlaşılır, maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur;
27. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması - belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər, səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir; hüquqazidd şəxsin təqsirinin olması.
28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq hesab edir ki, cavabdeh təşkilatın hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya birbaşa zərərin vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olmasını təsdiq edən subutlar məhkəməyə təqdim edilməmişdir.
29. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab edir.
30. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.
31. İddiaçı iddia tələbində mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
32. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnamısi qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2360/2021 saylı, 03.08.2021-ci il qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev