Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2237/2023 04.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, "xxxx" MMC-yə qarşı avtomaşının geri qaytarılması və avtomaşına vurulan ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, "xxxx" MMC-yə qarşı avtomaşının geri qaytarılması və avtomaşına vurulan ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3335/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Musayev Eldar İman oğlu cavabdehlər Məmmədov Zaur Arif oğlu, Qarayev Cavabdeh2ç, Məmmədli Ülvi Mübariz oğlu, Cavabdeh3 qarşı,3-cü şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan olan avtomaşının geri qaytarılması və avtomaşına vurulan ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 2008-ci il buraxılışlı “Toyota Prado” markalı ** CL *** dövlət nömrə nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması və avtomobili yararsız vəziyyətə saldıqlarına görə cavabdehlərdən 31 000 manat vurulmuş maddi ziyanın və aldığı mənəvi zərərə görə 25000 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-3335/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, "xxxx" MMC-yə və 3-cü şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə qarşı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan avtomaşının geri qaytarılması və avtomaşına vurulan ziyanın ödənilməsi tələbi barədə iddiası qismən təmin edilmişdir.
3. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və o, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin dəftərxanasına apellyasiya şikayəti təqdim etmişdir. Lakin ona apellyasiya şikayətinin elektron qaydada verilməli olduğu bildirilmiş və bundan sonra o, elektron imza almaq üçün vaxt sərf etdiyindən apellyasiya şikayətini vaxtında verə bilməmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-3335/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh5 Abşeron Rayon Məhkəməsinin 2(012)- 3335/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxması üzrlü hesab edilərək, bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə qeyd edilən qətnamə xx.xx.2019-cu il tarixdə tərəflərə, o cümlədən Cavabdeh5 ünvan 1 ünvanına göndərilmişdir. Lakin, poçt zərfi qəbul edilmədən geri qaytarılmışdır. Cavabdeh5 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə qətnaməni götürmüşdür.
7. Mülki işdən görünür ki, cavabdehin Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh bunun səbəbi kimi ərizəsində qeyd edilən halları yəni, apellyasiya şikayətinin elektron qaydada verilməli olması və bununla bağlı elektron kabinet, elektron imza almaq kimi dəlillərini, onun apellyasiya şikayətinin özünün elektron kabineti vasitəsi ilə verilməsi əsası ilə əsaslı hesab edir.
8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh5 üçün həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən ötürülmüş hesab edilə bilməz. Belə ki, cavabdehin apellyasiya şikayəti təqdim edə bilməməsinə səbəb elektron imzasının olmaması və elektron imzanın mütləq lazım olması barədə hüquqi məlumatsızlığı olmuşdur ki, həmin imzanın əldə edilməsi xeyli vaxt çəkmişdir. Buna görə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməlidir.
9. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-3335/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı İlə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin uzun illərdən sonra məqsədli şəkildə (icra hərəkətlərindən qətnamədən məlumatlı olsa da) qətnamədən verdiyi apellyasiya şikayəti çox təssüflər olsun ki, prosessual normaların pozulması ilə icraata götürülmüşdür. Belə ki cavabdeh qətnaməni rəsmən 29 avqust 2023 cü il tarixdə qəbzə imza edərək əldə edir və sonra 19 oktyabr 2023-cü il tarixdə 50 gün sonra apellyasiya şikayəti verir. Məhkəmə isə hesab edir ki şəxs hüquqi savadsızdır və elektron imza almağa çox vaxtı gedib. Məhkəmənin qeyd etdiyi üzrlü səbəblər tamamilə əsassızdır. İlk öncə qanunu bilməmək məsuliyyətdən azad etmir tezisi ilə şəxsin 20 gün müddəti ötürməsinə haqq qazandırılması yolverilməzdir. İkincisi şəxsin 50 gün müddətində apellyasiya şikayəti vermək üçün elektron kabinetə yükləməsi isə absurdd və fiksiyadır. Hamımıza məlum olduğu kimi elektron imza əldə etmək üçün çox vaxt sərf edilmir. Bəlkə də saatlar sərf oluna bilər. Məhz bu cür əsaslarla ötürülmüş müddətin bərpa edilməsi qanunların aliliyinin nəzərə alınmamasının birbaşa nəticəsidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
14. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər
15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
17. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(012)-3335/2019 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edilmişdir.
23. Cavabdeh5 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti vermişdir.
24. Cavabdeh müddətin bərpasına dair ərizədə qeyd etmişdir ki, elektron imzası, elektron kabineti olmadığı səbəbindən onları əldə etmək üçün sərf edilən zaman müddətinə görə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verməmişdir.
25. Birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayəti təqdim edə bilməməsinə səbəb elektron imzasının olmaması və elektron imzanın mütləq lazım olması barədə hüquqi məlumatsızlığı olmuşdur ki, həmin imzanın əldə edilməsi xeyli vaxt çəkmişdir.
26. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
27. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını üzrlü hesab etsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, cavabdehin elektron imza almaq üçün nə vaxt müraciət etməsini və nə vaxt əldə etməsini araşdırmamışdır.
29. Digər tərəfdən şikayətdə göstərilmişdir ki, icra icraatı zamanı cavabdehin qətnamədən məlumatı olmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar araşdırılmaqla apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməlidir.
31. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-3335/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3335/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.