Məhkəmə qərarları › İş №2(011)-7892/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7892/2025

18.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7892/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Ağazadə Fəridə Elxan qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və icra hərəkətləri həyata keçirilərkən mənzildə olan digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin əmlak üzərində onun mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Artıq 30 ildən çoxdur ki, bu mənzildə Şuşa şəhərindən məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Bu gün də cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan mənzilindən istifadəyə davam edirlər. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən köçüb yaşamaları üçün başqa yaşayış sahəsi təklif olunsa da, cavabdehlər həmin yaşayış sahəsini qəbul etməyərək, mənzilindən çıxmamışlar. Hazırda onlar mənzilindən çıxmaları barədə tələbinə əməl etmirlər. Cavabdehlərin mənzilindən istifadə edərək orada yaşamaları onun iradəsinə uyğun olmamaqla, qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Cavabdehin etirazının dəlilləri: Cavabdehlər məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişlər ki, onlar 1992ci ildə Şuşa şəhərinin işğal olunması nəticəsində öz doğma torpaqlarından qovulmuşlar və öz evlərini tərk edən gündən Bakı şəhərində məskunlaşmışlar. Artıq 30 ildən çoxdur ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Əsədov küçəsi, ev 4-də yerləşən 80 saylı mənzildə yaşayırlar. Qeyd edilən mənzil Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmuşdur. Yaşadıqları bina əvvəl yataqxana olmuşdur və onlar ora yerləşdikdə bina yataqxana tipli idi. İddia ərizəsi ilə tanış olduqda, məlum olmuşdur ki, iddiaçının həmin mənzilə hüquqları onlar mənzilə yerləşdikdən 32 il sonra yəni xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Yaşadıqları müddət ərzində hazırki iddiaçı haqqında heç bir məlumatları olmayıb və onu tanımırlar. Heç bir zaman onlara hər hansı müraciəti olmamışıdır. 2014-cü ildə X2 adlı vətəndaş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı və üçüncü şəxs Cavabdeh1 qarşı icarə müqaviləsi bağlanılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdi. Lakin Ali Məhkəmənin 01 oktyabr 2015-ci il tarixli qərarına əsasən (iş №: 2-1(102)-963/15) iddia mümkünsüz hesab edilmişdir. Məlumdur ki, 08 noyabr 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqrama əsasən Şuşa şəhərində çoxmənzilli binaların və fərdi evlərin inşası nəzərdə tutulmuşdur. O da məlumdur ki, artıq ilkin olaraq Şuşa şəhərində binalar tikilmiş və Şuşa sakinlərinə təhvil verilmişdir. Onlarda ailə olaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə Şuşa şəhərinə qayıtmaq üçün müraciət etmişlər və dəfələrlə Komitənin sədri, Şuşa şəhər İcra Hakimiyəti başçısının qəbulunda olmuşdur. Komitədə ona bildirilmişdir ki, ilkin mərhələdə köçürüləcək ailələrin siyahısında onların ailəsinin adı yoxdur. Lakin, buna baxmayaraq onların ailəsinin adı növbəti mərhələlərdə köçürüləcək ailələr siyahısında vardır. Növbəti mərhələlərdə onların ailənin Şuşa şəhərinə köçürülməsi nəzərdə tutulur. Onların məcburi köçkün ailəsi kimi müvəqqəti istifadələrinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək fikirləri yoxdur. Əksinə yaşadıqları mənzili mütəmadi olaraq təmir etmişlər və təhvil aldıqları vəziyyətdən daha yararlı və təmirli vəziyyətə gətirmişlər. Beləliklə də, mövcud qanunvericiliyə əsaslanaraq hesab edirlər ki, hazırki vəziyyətdə iddia ərizəsi təmin oluna bilməz. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə və mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrəl Dövlət Komisətinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 576 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzildən qeydiyyatdadır. Mənzildə Şuşa şəhərinin köçkünləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-5960/2025 saylı məktubuna əsasən Şuşa şəhərindən məcburi köçkün Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övladı Cavabdeh3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, (keçmiş Sadıqcan küçəsi) Ceyhun Həsənov küçəsində yerləşən 4 saylı yataqxanada müvəqqəti məskunlaşmış, özü və ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlanmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlər məlum hadisələrlə əlaqədar Şuşa şəhərindən məcburi köçkün düşmüş və Bakı şəhərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzildə məskunlaşmışdırlar. İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnu Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Şuşa şəhəri işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzildən cavabdehlərin və onların ailə üzvlərinin çıxarılması tələbinə dair iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2- ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini Mülki Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli mənzilin iddiaçıya məxsus olması onunla öz təsdiqini tapır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzil tam hissədə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmış və bu hal mübahisələndirilməmişdir. Bununla da, İddiaçı həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranmışdır. İkinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin (cavabdehlərlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından, həmçinin 122 saylı MKİS-in arayışından görünür ki, halhazırda Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsindəki 4 saylı evin 80-ci mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların digər ailə üzvləri yaşayır. Göstərilənlərlə yanaşı, mülki işin məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların digər ailə üzvlərinin mübahisəli mənzildə yaşaması üçün də hər hansı hüquqi əsası yoxdur. Yəni, mübahisəli mənzilin hazırki dövr üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların digər ailə üzvlərinin istifadəsinə verilməsi və ya mənzilin onlara satılması ilə bağlı hər hansı bir müqavilə mövcud deyildir. Bu hal isə, mübahisəli mənzilin cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin mövcudluğuna dəlalət edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə mənzili cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və və icra hərəkətləri həyata keçirilərkən mənzildə olan digər şəxslər İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsindəki 4 saylı evin 80-ci mənzilindən məcburi qaydada çıxarılaraq, sözü gedən mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və icra hərəkətləri həyata keçirilərkən mənzildə olan digər şəxslər Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsindəki 4 saylı evin 80ci mənzildən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar