Məhkəmə qərarları › İş №2(011)-7928/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7928/2025

26.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7928/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili və nümayəndəsi, Cavabdeh5 vəkili Vəkil iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, X7, Cavabdeh5 və Cavabdeh4 ünvan 2 yerləşən fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 1977-ci ildən "Azərneftyağ” İB-də işləyirdi. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli 62/7b nömrəli Qərarı ilə 7 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. O, xx.xx.1983-cü ildən Boru keçidi küçəsi, 6 №-li(özbaşına tikili ev)evin sahəsi 27,0 kv.m olan 2 otaqlı evdə 12 nəfər (özü, arvadı, 4 uşaqları, gəlini, kürəkəni və 4 nəvəsi) ailə tərkibində pasport qeydiyyatına alınmışlar. 1977-ci ildə atam X4 özü üçün ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 4 otaqlı, sahəsi 100 kv.m olan fərdi yaşayış evi tikmişdir. Hal-hazırda həmin mənzildə digər iddiaçılarla qeydiyyatda olmaqla yaşayırıq. Sonradan "Azərneftyağ" İB-nin müdiriyyəti və İH-nin xx.xx.20220-ci il tarixli 14.3 №-li birgə protokolu ilə M.F.Xamiyevə növbə əsasında 1130-1133-cü məhəllədə, 14 №-li evin 2-ci mərtəbəsində, sahəsi 67,56 kv.m. olan 5 otaqlı, 17 №-li mənzil verilmişdir. Mənzil verildikdən sonra atam M.F.Xamiyev anam A.A.Xamiyeva ilə daimi yaşamaq üçün Bakı şəhəri Xətai rayonu, Natiq Əliyev küçəsi 28, mənzil 17 köçmüşlər. Lakin, Cavabdeh1 qeyd olunan mənzilə köçməmişdir. Cavabdeh1 mənim qardaşımdır. Digər cavabdehlər isə onun ailə üzvləridir. Cavabdehlər Bakı şəhəri Xətai rayonu, Natiq Əliyev küçəsi 28, mənzil 17-də qeydiyyatda olmalarına baxmayaraq, hal-hazırda bizim qeydiyyatda olduğumuz mübahisəli mənzildə yaşayırlar. Biz dəfələrlə cavabdehlərə mənzilimzdən çıxmalarını tələb etsək də, onlar qeydiyyatda olduqları Xətai rayonu, Natiq Əliyev küçəsi 28, mənzil 17-ə köçmək istəmirlər. Hal-hazırda cavabdeh oğlum İddiaçı2 ailə həyatı qurub. Ailəsi ilə qeydiyyatda olduğu mənzilə köçüb yaşaya bilmirlər. Onun yaşamağa başqa yaşayış sahəsi yoxdur. Cavabdehlərin özlərinə məxsus mənzil sahələri vardır, lakin mənzilimizi boşaltmaq istəmirlər. Onlar heç bir hüquqi əsası olmadan qeydiyyatda olduğumuz mənzilimizdə yaşamaqda davam edirlər. Mənzilin bütün kommunal xərclərini biz iddiaçılar ödəyirik. Hesab edirəm ki, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, mübahisələndirilən ev atasının olub, hamı orda yaşayıb, böyüdükləri evdir, atasıgil öz evlərinə köçüb, indi həmin evdə qardaşının ailəsi və onlar qalırlar, evi təmir etmək olmur, həm də atası evi ona verib deyə cavabdehlərin evdən çıxarılmasını tələb edir. Ev 60-70 m2-dır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirdi ki, 2 mərtəbəli həyət evidir mübahisələndirilən ev, sağ tərəfdə onların iki otaq və mətbəx var, ikinci mərtəbədə dayısının ailəsi yaşayır, ikinci mərtəbədə iddiaçıların bir otağı var, evi babası onlara verib. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında İddiaçı1 və İddiaçı2 izahatlarına əlavə olaraq bildirdi ki, ev darısqaldır, birlikdə yaşamağımız mümkün deyil, aralarında münaqişələr olur bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət ediblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili və nümayəndəsi, Cavabdeh5 vəkili Vəkil izahatında bildirdi ki, sərəncamın mətnindən də görünür ki, ev veriləndə 27m2-lıq olub, yuxarı mərtəbə Cavabdeh1 tərəfindən tikilib və hal-hazırda da orda yaşayır, həyətin bir girişi var, evin iki girişi var, birinci və ikinci mərtəbənin öz girişi var, hər mərtəbənin özünün kommunal xidmətləri var, aşağı mərtəbənin kommunal xidmətləri iddiaçının, yuxarı mərtəbənin kommunal xidmətləri cavabdehin adınadır, evin sənədi yoxdur, orda qonşuların bir ünvanı var, iddiaçılar şəraitin və ya münasibətlərin yaxşı olmadığını bildirsə də, burda şəxslər bərabər hüquqludur, kimsə kiminsə hesabına öz yaşayışını yaxşılaşdırılması məsələsi yoxdur, yuxarıdakı ev 27m2-in üzərində tikilməyib, evin yarısı həmin 27m2-in üzərinə düşür, digər yarısı digər qohum-qonşunun evinin üzərinə düşür, bundan əlavə hamı orda sənədsiz yaşayır, ev verilərkən iddiaçılar köçməyib, dədə-baba evində yaşayıblar, yuxarı mərtəbəni cavabdeh özü tikib, burda iddiaçının belə bir iddia verməsi üçün subyektiv hüququ yoxdur, digər tərəfdən özünə aid olmayan evdən kiminsə çıxarılmasını bildirir, orda bir ünvandır, o zaman gərək bir qonşu o biri qonşuya iddia qaldırıb onu evdən çıxarsın. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadə verərək bildirmişdir ki, evi 2000-ci ildə verib, ordan çıxıblar, oğlu da çıxıb ordan ailəsi ilə birgə, evi qızına verib, orda-burda qalıb oğlu, indi o evə girib, kommunal xərclərin yarısını ödəyir, yarısını ödəmir, evi özü tikib, ikinci və birinci mərtəbəni, həmin ev tikiləndə Rauf ali məktəbdə oxuyub, ali məktəbi qurtarandan sonra da 2 il hərbi xidmətdə olub, 1996-cı ildə evləndirib onu, 1998-ci ildə isə mənim pulumla dolanıb, sonra işə başlayıb, işə başlayanda mənimlə olmayıb, orda heç nə tikməyib Rauf, birinci dəfə 27m2 olub, sonradan genişləndirdim, o vaxt pasportu var idi, indi deyirlər sənədi yoxdur, Rauf 2012-ci ildə Qobu qəsəbəsində ev tikib, qeydiyyatsız sənədsiz evdir, o vaxt eşidib, sürücü dedi ki, sənin oğlun üçün material aparıram Binəyə, evi görməyib. İş materiallarında olan Xətai Rayonu X10 xx.xx.2000-ci il tarixli, M-343 nömrəli sərəncamından görünür ki, vətəndaş X4 1977-ci ildən "Azərneftyağ” İB-də işləyir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli 62/7b nömrəli Qərarı ilə 7 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. O, xx.xx.1983-cü ildən Boru keçidi küçəsi, 6 №-li(özbaşına tikili ev)evin sahəsi 27,0 kv.m olan 2 otaqlı evdə 12 nəfər (özü, arvadı, 4 uşaqları, gəlini, kürəkəni və 4 nəvəsi) ailə tərkibində pasport qeydiyyatındadır. "Azərneftyağ" İB-nin müdiriyyəti və İH-nin xx.xx.2000-ci il tarixli 14.3 №-li birgə protokolu ilə M.F.Xamiyevə növbə əsasında 1130-1133-cü məhəllədə, 14 №-li evin 2-ci mərtəbəsində, sahəsi 67,56 kv.m. olan 5 otaqlı, 17 №-li mənzil verilmişdir. X2 1130-1133cü məhəllədə, 14 №-li evin 2-ci mərtəbəsində, sahəsi 67,56 kv.m. olan 5 otaqlı, 17 №-li mənzilin verilməsi haqqında "Azərneftyağ” İB-nin müdüriyyəti və İH-nin xx.xx.2000-ci il tarixli 14.3 №-li birgə protokolu təsdiq edilmiş və ona order verilmişdir. Orderdə aşağıdakı şəxslər daxil edilmişdir: X4, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X6. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlardan görünür ki, ünvan 2 İddiaçı1 xx.xx.2003-cü ildən, İddiaçı2 xx.xx.2012-ci il tarixdən, İddiaçı3 xx.xx.2009-cu il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, ünvan 2 ünvanında işıq və qaz kommunal xidməti İddiaçı3, su kommunal xidməti İddiaçı1 adınadır. Bundan əlavə həmin ünvanda Cavabdeh1 adına qaz və su kommunal xidmətləri mövcuddur. İş materiallarında olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 10/106 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonunda Boru keçidi küçəsinin adı dəyişdirilərək Süleyman Əhmədov küçəsi adlandırılmışdır. İş materiallarında olan Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayon MKTB 66 saylı MKİS tərəfindən verilmiş 419 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ailə tərkibi ilə (arvadı-Cavabdeh2, oğlu-Cavabdeh3, oğlu-Cavabdeh4 və qızı-Cavabdeh5) qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, ünvan 3 ünvanı:ünvan 4nınması və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5757/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3301/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 cavabdehlər X2, X8 və X3 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5757/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi haqqında ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı3 İddiaçı1 oğludur, Cavabdeh1 İddiaçı1 qardaşı, Cavabdeh2 Cavabdeh1 arvadı, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 oğlu, Cavabdeh5 Cavabdeh1 qızıdır, mübahisəli mənzil order əsasında İddiaçı1 və Cavabdeh1 atası Mirtağı Xamiyevə məxsusdur, iddiaçılar ünvan 2 qeydiyyatdadırlar, Cavabdeh1 və İddiaçı1 xx.xx.1983-cü ildə mübahisəli mənzildə pasport qeydiyyatına alınmış, sonradan Cavabdeh1 atası Mirtağı Xamiyevə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədər X10 xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilin verilməsi səbəbindən hazırki iş üzrə cavabdehlər həmin mənzilə qeydiyyata alınmış, onlar hazırda həmin mənzildə qeydiyyatda olsalar da orada qeydiyyatsız yaşayırlar, hazırki iş üzrə cavabdehlər X4, X13 və X3 qarşı onların qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə iddia qaldırmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların həmin mənzilə istifadə hüquqları tanınmış və onların həmin mənzilə köçürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5757/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin adı çəkilən qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, hazırki iş üzrə cavabdehlərin iddiası rədd edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının adı çəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar cavabdehlərin ünvan 2 yerləşən fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalarını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mənzildən istifadə edilməsinə əsas olan order xx.xx.1983-cü ildə verildiyindən tərəflər arasındakı mübahisə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalar əsasında həll edilməli, hazırkı mülki iş üzrə mübahisənin həllinin maddi hüquqi əsası kimi 1982-2009-cu illərdə qüvvədə olan Azərbaycan SSR-nin Mənzil Məcəlləsi əsas götürülməlidir. xx.xx.1982-ci il tarixli “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, qeyd edilən normaya əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi üçün onun müəyyən edildiyindən artıq müddətə (altı ay və ya məhkəmə tərəfindən uzadılmış müddət) başqa yerə getməsi müəyyənləşdirilməlidir. Hazırki iş üzrə cavabdehlərin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi müəyyənləşdirilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin əsasını cavabdehlərin mübahisəli mənzildə deyil, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzildə qeydiyyatda olması, mənzilin bütün kommunal xərclərinin iddiaçılar tərəfindən ödənilməsi, mənzilin Mirtağı Xamiyev tərəfindən tikilməsi və mənzilin İddiaçı1 məxsus olması təşkil edir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmamaları onların həmin mənzildən istifadə hüququnu istisna etmir, eyni zamanda iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olmaları onların həmin mənzilə dair mülkiyyət hüququnun olması demək deyil, qeyd edilən mənzil İddiaçı1 və Cavabdeh1 atası Mirtağı Xamiyev tərəfindən tikilmiş, onlar da uzun müddət həmin mənzildə yaşamışlar, bu zaman tərəflərin həmin mənzildən istifadəsi bərabərhüquqlu olmuş, iddiaçıların həmin mənzildən istifadəyə dair üstün hüquqları mövcud olmamış, həmçinin cavabdehlərin mənzildən istifadəsi ilə əlaqədar iddiaçının mənafeyinə toxunan əsaslı hallar mövcud deyil. Eyni zamanda mənzildə iddiaçıların və cavabdehlərin kommunal xidmətlərdən ayrı-ayrı istifadə etməsi mənzilin bütün kommunal xərclərinin iddiaçılar tərəfindən ödənilmədiyini təsdiq edir. Qeyd edilənlərlə yanaşı mənzilin İddiaçı1 məxsus olması sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddaçılar, mübahisəli mənzil üzərində İddiaçı1 mülkiyyət hüquqununun olduğunu sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçılar, buna dair mötəbər, şübhədən kənar sübutları təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddianın kifayət qədər əsası olmadığından iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (43-cü maddənin İ və İİ hissələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 1. mülki hüquq subyektlərinin bərabərliyi; 2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 4. mülkiyyətin toxunulmazlığı; 5. müqavilələr azadlığı; 6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 9. mülki hüquqların məhkəmə müdafiəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 “cavabdehlər Cavabdeh1, X5, X7, Cavabdeh5 və Cavabdeh4 ünvan 2 yerləşən fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 “cavabdehlər Cavabdeh1, X5, X7, Cavabdeh5 və Cavabdeh4 ünvan 2 yerləşən fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar