Məhkəmə qərarları › İş №2(011)-7962/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7962/2025

22.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7962/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə "X3" MMC arasında bağlanmış 4GH18RF000600 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam veerilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xəbəri olmadan "X3" MMC ilə arasında əmək müqaviləsi bağlanılmışdır. "X3" MMC Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40-da yerləşir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə rəsmi şəkildə müraciət edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli cavab məktubu göndərildi və həmin məktubda "X3" MMC məktub göndərilmiş və lazımi sənədlərin təqdim olunması xahiş olunmuş və MMC tərəfindən sənədlər təqdim olunmadığı üçün işə baxılması mümkün olmamışdır. İddiaçı halhazırda bu işə görə işsiz qalmışdır. Çünki iddiaçıya bildirilir ki, iddiaçı ilə "X3" MMC arasında 4GH18RF000600 nömrəli müqavilə əsasənda xx.xx.2020-ci il tarixində fəhlə vəzifəsinə işə götürülmüşəm və 1600 (bir min altı yüz) manat məbləğində əmək haqqı alır. 4 ildir ki, iddiaçının xəbəri olmadan iddiaçının adından iddiaçıya imza edilməklə MMC 1600 manat məbləğində pul alır. İddiaçı işsizdir və yenicə işə daxil olmaq istəmiş və ona bildirilmişdir ki, "X3" MMC ilə arasında olan müqaviləyə xitam edilməlidir. İddiaçı isə adı keçən MMC-nin qapısını belə tanımır. Bu hadisə ilə bağlı iddiaçı polis orqanlarına müraciət etsə də, artıq 2-3 aydır ki, bu ciddi məsələ ilə bağlı müsbət cavab ala bilməmişdir. İddiaçıya verilən cavab məktublarını iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı bir çox qurumlarda olsa da, müsbət cavab ala bilməmişdir. Hal-hazırda da işsiz və maddi vəziyyət ürək açan deyil. "X3" MMC ilə iddiaçı arasında bağlanmış 4GH18RF000600 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə görə hər hansı bir işə qəbul ola bilmir. İddiaçıya bildirilir ki, həmin müqavilə ləğv olunmalıdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işə götürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq" alt sistemində qeydlərin aparılması hüququ X2 Xidmətinə həvalə edilməlidir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh "xxxx" MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı 11 iyul 2024-cü il tarixli AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətindən görünür ki, iddiaçı “X3" (VÖEN **********) mmc-nin rəhbərliyi tərəfindən məlumatı olmadan əmək müqaviləsi bağlanaraq əmək müqaviləsi bildirişi əmas-a daxil edildiyini və həmin əmək müqaviləsi bildirişi əmasda qüvvədə olaraq əks olunduğunu bildirmiş və bununla bağlı əmək müqaviləsinin xitam verilməsinə köməklik göstəərilməsini xahiş etmişdir. xxxxxxx000600 nömrəli Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 29 dekabr 2021-ci il tarixdən Cavabdeh MMC-də fəhlə vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 1600 manat təşkil etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 288-ci maddəsinə əsasən Əmək Məcəlləsi əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllini nizama salır. 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”–ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məlumatı olmadan o, Cavabdeh MMC tərəfindən ona aid bağlanmış 29 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasında fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmadığına görə iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq imkanından məhrum edilmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək qanunvericiliyində işəgötürən üçün müəyyən edilmiş vəzifənin yerinə yetirilməməsi nəticəsində iddiaçı konstitusion hüququndan məhrum edilmiş, bu səbəbdən də o, başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilməmiş, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçı ilə bağlanmış qeyd olunan əmək müqaviləsi məhkəməyə təqdim edilməmiş, iddiaçı ilə cavabdeh arasında real əmək münasibələrinin mövcud olmasını sübut etməmişdir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış olan 29 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu 50 manat mediasiya təşkilatına ödənilmiş 60 manat. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərclərinin tutulması ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış olan 29 dekabr 2021-cü il tarixli 4GH18RF000600 əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək münasibətinə (əmək müqaviləsinə) xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar