Məhkəmə qərarları › İş №2(011)-797/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-797/2022

16.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-797/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı X3, Cavabdeh “Şam X32 Kompani” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh “Şam X32 Kompani” MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X22 Xidmətinin Bakı şəhər İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı X8 cavabdeh “Şam X32 Kompani” MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X22 Xidmətinin Bakı şəhər İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 05 aprel 2021-ci il tarixdə Cavabdeh MMC-yə işə qəbul olunmuşdur. İşini verilən tapşırıqları üzrə layiqincə icra etmişdir. 11 iyul 2021-ci il tarixdən “Şam X32 Kompani” MMC-nin Gəncə üzrə müdiri Məmməd Abbasov telefonla zəng edərək bildirmişdir ki, 12 iyul 2021-ci il tarixdə Gəncə şəhərində ofisdə saat 09:00-da iclas keçiriləcəkdir və iclasda iştirak etməlidir. O, da 12 iyul 2021-ci il tarixdə taksi ilə gecikməsin deyə Gəncə şəhərinə getmiş və iclasda iştirak etmişdir. İclası aparan Məmməd Abbasov iclası saat 10:00-da başlamış və ondan başqa digər merçensayzerlər saat 10:00-da gəlmiş və iclas saat 10:40-a kimi davam etmişdir. X16 Gəncə şəhərində olan mağazalara get bax işlə demiş, o, da bildirmişdir ki, o, Qazax rayonu üzrə işləyir və Gəncə şəhərini o, tanımır və ən əsası “Siz iclasın vaxtını saat 09:00 dediyinizə görə mən ac-susuz taksi ilə əlavə xərc çəkib gəlmişəm. İcazə verin, “nəsə yeyim, sonra dediyiniz tapşırığı icra edərəm”. Bu zaman Məmməd Abbasov ona xoşagəlməz sözlər demiş və onun işdən azad edildiyini demişdir. O, isə bildirmişdir ki, o, onu işə qəbul edəndə bildirmişdir ki, yaşadığı Qazax rayonu üzrə işləyəcəkdir və əmək müqaviləsi Qazax rayonunda xidmət etməsi üzrədir və o, yenə “Gəncədə işləyim, ancaq, icazə verin nəsə yeyim və sonra gedim”. Məmməd Abbasov yenidən uca səslə “mən sənə dedim axı, işdən azadsan, get ərizəni yaz”. O, isə ərizə yazmayacağını, onu işdən çıxarmaq istəyirsə özü çıxarsın demişdir. Sonradan, hətta səhərisi gün, o, Məmməd Abbasova müraciət etmişdir ki, ona işə icazə versin, işləsin. Məmməd Abbasov ona yenidən bildirmişdir ki, “Mən sənə sözümü demişəm, işdən azadsan”. O, sonradan öyrənmişdir ki, Məmməd Abbasovun onu işdən çıxarmağa heç səlahiyyəti də yox imiş. Sadəcə olaraq, o, “layiqli, faydalı və lazımlı” olmamışdır. Ona bu barədə əmək kitabçası gələndə bilmişdir ki, onun barəsində xx.xx.2021-ci il tarixdə, 265-K nömrəli əmrlə X14 müdiri Nikbin Əlizadənin imzası və möhürlə o, AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi rəhbər tutulmaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. O, əmək kitabçasını aldıqdan sonra həm mediasiyaya, həm də AR ƏSSMN-nin X22 Xidmətinə müraciət etmişdir. Müraciəti araşdırılmış və o, haqlı olduğundan və onu işdən qanunvericiliyin tələbləri kobudcasına pozulduğuna görə qanunsuz və əsassız olaraq işdən çıxarılmasına görə AR ƏƏSMN-nin X22 Xidmətinin Bakı şəhər İdarə tərəfindən “Şam X32 Kompani” MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, həmçinin əvvəlki vəzifəsinə bərpa edilməsi barədə müəssisəyə müvafiq məktub göndərilmişdir. Bu barədə ona AR ƏƏSMN-nin X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi cənab Həmid Ədhəmovun 17 sentyabr 2021-ci il tarixli, **********7 saylı məktubu təqdim edilmişdir. Mediasiya icraatı dövründə də cavabdeh MMC iştirak etməmiş və iştirak etməkdən dəfələrlə yayınmışdır. O, işdən əsassız və qanunsuz olaraq çıxarılmış, cavabdeh müəssisə onun və 3 övladının çörəyi ilə oynamışdır. O, işlədiyi müddətdə daima onun işi yüksək qiymətləndirilmiş və razı qaldıqlarını bildirmişlər. Onu qanunsuz olaraq, işdən çıxarandan və o, şikayət edəndən sonra, onun işlədiyi mağazalardan cəfəng məlumatlar toplamışlar və əsassız sənədləşmələr aparmışlar. Əgər, həqiqətən, o, işinin öhdəsindən gələ bilmirdisə, nə üçün onun barəsində Gəncə hadisəsinə qədər, Gəncədə “faydalı olmadığına kimi” heç bir irad, tənbeh verilməmişdir. Bundan başqa, onun barəsində mübahisələndirdiyi əmri də qəbul edərkən, heç bir iclas keçirilməmiş və Həmkarlar Konfederasiyasına da müraciət edilməmiş, təqdimat göndərilməmişdir. Onun barəsində qəbul edilmiş əmrin qanunsuz və əsassız olması AR ƏƏSMN-nin X22 Xidmətinin Bakı Şəhər İdarəsinin məktubu ilə də tam təsdiq edilir. Əmək qanunvericiliyinin qorunmasını təmin edən Dövlət Orqanının gəldiyi qənaət və qəbul etdiyi qərar onun iddia tələbinin təmin edilməsi üçün mötəbər əsasdır. Ancaq bu günə kimi cavabdeh MMC onu əvvəlki işinə bərpa etməmiş və əmri ləğv etməmişdir. Həmin əmri ona da təqdim etməmişlər. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh “Şam X32 Kompani” MMC-nin onun barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 265-K saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə, işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə işdən çıxarıldığı vaxtdan işə bərpa ediləcəyi vaxta kimi əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı X8 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X8 izahatında əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin aprel ayında boşanmışdır və 3 uşağını tək başına böyüdür. Uşaqları 13, 10 və 5 yaşındadılar. Ailəsi ilə Qazaxda yaşayır və işə qəbul edilərkən Qazax və Ağstafa rayonları üzrə işləməsi razılaşdırılmışdır. Ona əvvəlcədən demişdilər ki, 10 dənə mağaza olacaq 2 region üzrə Ağstafa, Qazaxda. Başqa heç bir regiona və kəndə getməyəcəksiz. Sonradan mağazalar artırıldı, lakin iddiaçı üç övladını saxlamaqdan ötrü heç nə deməmişdir. Hətta bəzən iş vaxtındandan artıq işləmişdir. Əvvəllər Qazax, Ağstafada işləmiş, 2 ay sonra isə Tovuza 2-3 dəfə göndərilmişdir. Sonuncu dəfə Gəncəyə göndərilmiş, müdüriyyət tərəfindən ona bildirilmişdir ki, səhər tezdən orada olmalısan. Səhər taksi ilə öz vəsaiti hesabına Gəncəyə getmiş, ora çatanda bilmişdir ki, iclas saat 11-ə başlamalıdır. Gəncəyə getməyi iclasla bağlı olmuşdur. Belə iclaslar ayda bir dəfə olurdu. İclasdan sonra iclası aparan Məmməd Abbasov tərəfindən onlara bildirilmişdir ki, Gəncədə işə getməlidilər. O, bildirmişdir ki, Gəncə şəhərini tanımır, Qazax rayonu üzrə işləyir. Həmçinin həmin gün evdən tez iclasa tez çatmaq üçün, evdən tez çıxmış və heç nə yeməmişdir, iclası aparan Məmməd Abbasova ac olduğunu bildirmiş və yemək yemək üçün icazə istəmiş, Məmməd müəllim ona işdən azad olduğunu bildirmişdir. Səbəbini soruşduqda demişdir ki, “sən biz dediyimiz insan deyilsən”. Sonradan Nikbin müəllim, Elşən müəllim zəng vuraraq ona bildirmişlər ki, ərizəni yaz işdən çıx, yoxsa sənin üçün pis olacaq. O, bildirmişdir ki, ərizəni yazmayacaq, doğruluğuna əmindir. Həmin gün onu whatsapp qrupundan və merçendayzerlər qrupundan çıxarmışlar. (Onların işi şəkillərlə işləməkdən ibarət olduğundan whatsapp qrupu yaradılmışdı. ) Formaları və ləvazımatları təhvil verməyi bildirmişlər. 10 gün sonra ondan formanı aldılar və ona məktub gəlmişdir. Məktubun içində 15 iyul, üzərində isə 23 iyul yazılmışdı. Guya 2 gün ərzində məktub göndəriblər və o, işə çıxmamışdır. Lakin o, özü dəfələrlə işə çıxmaq istəmişdir. Bununla bağlı Əmək müfəttişliyinə müraciət etmiş və əmək müfəttişliyi onun haqqlı olmağı barədə qərar qəbul etmişdir. Buna baxmayaraq onu işə qaytarmadılar və o, hələ də işsiz qalmışdır. İddia tələbini müdafiə edir, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən cavabdeh “Şam X32 Kompani” MMC-nin nümayəndəsi X6 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 izahatında bildirmişdir ki, təmsil etdiyi şirkətdə iddiaçının qeyd etdiyi Qazax, Tovuz bölgəsi yox, Gəncə filialı var. İddiaçı əmək müqaviləsi üzrə Gəncə filialına merçendayzer vəzifəsinə qəbul olunub. İddiaçının himayəsində azyaşlı uşaqlarının olmasını və Qazaxda yaşamasını nəzərə alıb, onu Qazax bölgəsindəki marketlərə göndərirmişlər. Amma bu o demək deyil ki, iddiaçının iş yeri Qazax hesab olunmalıdır. İddiaçının iş yeri “Şam X32 Kompani” MMC-nin Gəncə filialı olub. İddiaçı qeyd edir ki, iş saatından artıq işləyib, lakin bununla bağlı şirkətə yazılı müraciət etməyib. Bakı şəhəri Xətai Rayon Məhkəməsi Əmək Müfəttişliyinin qərarını ləğv edib. İddiaçı iclasa dəvət olunub və iclas təlim xarakteri daşıyırdı. Təlimdə merçendayzerlərin yeni gələn çeşidlər barədə məlumatlandırılması və vəzifə borcları xatırladılır. Bu, həftəfə 1 dəfə, ayda iki dəfə ola bilər və ümumiyyətlə olmaya da bilər. Məktubun tarixi 15 iyuldur. İddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvan fərqlidir. Məktubu 23 iyul poçt qəbul edib və iddiaçıya 24, 25 iyul tarixində çatıb. Lakin iddiaçı işə çıxmasıyla əlaqədar şirkətə müraciət etməyib. İddiaçı baş verən proseslər haqqında rəhbərliyə heç bir məlumat verməyib. Əmək Məcəlləsində işəgötürənin üzərinə heç bir öhdəlik qoylmayıb ki, işçi işə gəlmədiyi halda ondan izahat alınmalıdır. İddiaçını işə Məmməd bəy götürməmişdi və o, da azad edə bilməzdi. Xanım bu barədə “Şam X32 Kompani” MMC-nin rəhbərliyinə müraciət etməli idi. Namazov Eminin və Güldanə xanımın işləməli olduğu mağazaların nümayəndələrinin də izahatları alınıb və onlar qeyd ediblər ki, iddiaçı vəzifə borcunu düzgün yerinə yetirməyib. İddia tələbini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclası barədə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X22 Xidmətinin Bakı şəhər İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Şam X32 Kompani” MMC-nin 01 aprel 2021-ci il tarixli, 111.1-K saylı əmrin-çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X8 01 aprel 2021ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə merçendayzer vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 350 manat təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan “X20 Kompani” MMC-nin 03 avqust 2021-ci il tarixli, 265-K saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin merçendayzer vəzifəsində çalışan əməkdaşı X8 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi rəhbər tutularaq 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, həmin məktubda Xidmət tərəfindən X5 bildirilmişdir ki, onun müraciətinə baxılmışdır və əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar olaraq “X20 Kompani” MMC-nin vəzifəli şəxsi AR İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi həmçinin H.İsmayılovanın əvvəlki vəzifəsinə bərpa edilməyi barədə müəssisəyə müvafiq məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “X20 Kompani” MMC-nin direktoru X17 ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X3 Əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. AR İXM-nin 114.1.1-ci maddəsi rəhbər tutularaq AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X24 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, “X20 Kompani” MMC-nin direktoru X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsinin 16 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilmiş, həmin qərar ləğv edilmişdir. Həmin qərarda məhkəmə müəyyən etmişdir ki, 16 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X3 Əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması qeyd edilsə də, həmin pozuntuların mahiyyəti ümumiyyətlə göstərilməmiş, məhz Əmək Məcəlləsinin konkret olaraq hansı maddəsinin tələblərinin pozulması inzibati orqan tərəfindən müəyyən olunmamışdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə X18 arasında nikah pozulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X3 himayəsində 3 övladı var - xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X7. İş materiallarında olan İnzibati Hüquq şöbəsinin rəisi Ağanur İsmayılovun xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, X3 şikayət ərizəsi əsasında araşdırılma aparılmış və müəyyən edilmişdir ki, şikayət ərizəsində yazılanlar öz təsdiqini tapmamışdır. Belə ki, M.Abbasovun ona xoşagəlməz sözlər deməsi, iclasın gec başlaması, onun iş fəaliyyətinin daimi olaraq Gəncə şəhərində davam etdirməsinə dair verilən tapşırıq və sair bu kimi yazdığı digər məlumatların əsassız olması müəyyən edilməmişdir. Bununla yanaşı, bildirilmişdir ki, qeyd edilən market nümayəndələrindən və “Şam X32 Kompani” MMC-nin Gəncə bölgəsi üzrə satış şöbəsinin aidiyyatı işçi heyətindən alınan bütün yazılı ifadələrlə ətraflı tanış olmaq üçün “Şam X32 Kompani” MMC-nin Bakı şəhəri Xətai rayonu A.Cəlilov 25 ünvanında yerləşən Baş ofisinin inzibati binasına müraciət etməsi məqsədə uyğun hesab olunmuşdur. İş materiallarında olan Əsədoğlu topdan satış şəbəkəsinin inzibatçısı X10 izahatından görünür ki, "xxxx" MMC-nin Gəncə bölgəsinin Ağstafa üzrə satış şöbəsinin merçendayzeri X1 topdan marketlər şəbəkəsinin Ağstafa və Qazax rayonlarında yerləşən marketlərində vitrinlərdə səliqə səhman və ərzaq məhsullarının vitrinlərə düzülməsi ilə bağlı heç bir iş görülməmiş, bu müddət ərzində cəmi bir dəfə marketə gəlmiş, mütəmadi olaraq vəzifə borcunu icra etmək üçün marketlərinə gəlmədiyinə görə mağaza müdiriyyətinin narazılığı əsasında supervayzer Məmməd Abbasova şikayətini bildirmişdir. İş materiallarında olan Bazarstore MMC-nin filialında müdir müqavini vəzifəsində çalışan X4 izahatından görünür ki, "xxxx" MMC-nin Gəncə bölgəsinin satış şöbəsinin Qazax rayonu üzrə satış merçendayzer vəzifəsini icra edən X8 aprel-may aylarında normal qaydada vaxtı-vaxtında gəlmiş məhsullara nəzarət etmiş, lakin sonrakı aylar adı qeyd edilən xanım marketdə demək olar ki gəlməmiş və bu barədə "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin a)bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu müəyyən edən Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən:

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları müəyyən edən Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən:

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; [124] yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; [125] həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı “Şam X32 Kompani” MMC-nin 01 aprel 2021-ci il tarixli, 111.1-K saylı əmri ilə 01 aprel 2021-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə merçendayzer vəzifəsinə işə qəbul edilmiş, 03 avqust 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinad edilməklə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, əmr əsaslandırılmamışdır, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd edilməmişdir. Həmçinin mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsinə müraciət edilmiş, həmin İdarə tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində vətəndaş X3 Əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbindən AR İXM-nin 114.1.1-ci maddəsi rəhbər tutularaq AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “Şam X32 Kompani” MMC-nin direktoru X24 1500 manat məbləğində inzibati cərimə edilmiş, sonradan həmin qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı boşanmışdır, himayəsində 3 övladı var və onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən övladlarından biri məktəb yaşına çatmamışdır. Analoji əmək mübahisəsi üzrə (həmin işdə iddiaçının öhdəsində 3 yaşınadək uşağı olduğu halda onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir) Bakı şəhəri Xətai Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “Ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərdiyi müraciəti ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Palatası müraciətin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmasına zərurət olmadığından icraata qəbul edilməsindən imtina edilməsi barədə 17 fevral 2016-cı il tarixli qərardad qəbul etmişdir. Həmin qərardadda Palata qeyd etmişdir ki, “Əmək Məcəlləsinin 79-cu maddəsinə gəldikdə bu maddə Məcəllənin “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır. On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə sosial yönümlü dövlətdir. Bu qaydadan istisnaya isə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi hallarda və əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir. Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layigli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsi). Göstərilənlərə əsasən, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı var. Beləliklə, məhkəmə analoji mübahisə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin mövqeyini, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını, və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı himayəsində məktəb yaşına çatmayan uşağı olduğu halda onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “Ç” bəndinə əsasən İşəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" X15” MMC-nin 03 avqust 2021-ci il tarixli 265-K saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" X15” MMC-nin satış şöbəsinə merçendayzer vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə 03 avqust 2021-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.22-ci maddəsinə görə isə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh “İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" X15” MMC-nin 03 avqust 2021-ci il tarixli 265-K saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" X15” MMC-nin satış şöbəsinə merçendayzer vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 03 avqust 2021-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar