Məhkəmə qərarları › İş №2(011)-8023/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-8023/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8023/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında qiyabi icraat qaydasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixində Cavabdeh xarici ölkədən maşın üçün ehtiyyat hissəsinin gətirilməsi üçün müraciət etmişdir. Cavabdeh ehtiyyat hissəsini xarici ölkədən gətirəcəyini öhdəsinə götürmüşdür, bu xidmətə görə aralarında şifahi qaydada müqavilə bağlanmışır. Cavabdeh xidmət üçün iddiaçıdan 550 manat pul ödənişi almışdır. Bu ödəniş nağdsız qaydada cavabdehin göndərdiyi 5522 0993 5023 2534 nömrəli Beynəlxalq Bankın debit kartına xx.xx.2023-cü il tarixində göndərilmişdir. Cavabdeh öz mesajlarında ehtiyyat hissəsinin 25 fevral tarixində gömrük məntəqəsinə çatdırılacağını, 27 fevral tarixində isə həmin məntəqədən yola təhvil alınaraq ona təhvil veriləcəyini öhdəsinə götürmüşdür. Lakin aldıqdan sonra öhdəliyi razılaşdırılmış vaxtda icra etməmiş və onun icrasından yayınmışdır. Cavabdehin öhdəliyini icra etməməsi səbəbilə ödədiyi ödənişin geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu halı birbaşa cavabdehlə aralarında olan “Whatsapp” yazışmaları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə sübut hesab edilə bilər. Cavabdehin ödənişi qaytarmaması səbəbilə 13 mart 2023-cü il tarixində Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək, cavabdeh barəsində tədbir görülməsini və ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin polis idarəsindən bildirmişlər ki, bu məsələ mülki xarakterlidir. Odur ki, mülki qaydada məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 550 manat məbləğində pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanılmış material üzrə Cavabdeh əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “Whatsapp” Sosial şəbəsindən yazışmalardan görünür ki, “Ruslan usta” tərəfindən iddiaçıya 14 fevral 2023-cü il tarixdə “550-ni karta atacaq ona vurmaq lazim olacaq, danishdim saat 11 de uje mallari karqoya tehvil verib qayıdacaq 5522 0993 5023 2534 nömrəli ABB debit kartının şəklini göndərərək 550 manat göndərilməli olduğu, 23 fevral 2023-cü il tarixdə 5-ci gün malların gömrükdə olacağı, 27-də çıxarılacağı bildirilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, 552209******2534 nömrəli kart hesabına 550 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1) Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-ci maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 598.4-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Mülki işin materialları, iddiaçının izahatı ilə təsdiq edilir ki, tərəflər arasında şifahi razılaşmaya əsasən cavabdeh avtomobil üçün ehtiyyat hissələri iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı da cavabdehə (5522 0993 5023 2534 nömrəli ABB debit kartına) 550 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin cavabdeh tərəfindən razılaşdırılmış ehtiyat hissələri iddiaçıya təhvil verilməmişdir. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu iş materialları ilə öz təsdiqini tapdığından, iddia təmin edilməli, cavabdehdən 550 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 550 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnaməni rəsmi qaydada qəbul etdiyi gündən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar