Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8041/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 05 saylı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmiş əmrin ləğv edilərək, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə və mediasiya təşkilatına ödənilən 60 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində “Air Transfer" MMC-də sürücü kimi əmək müqaviəsi əsasında işə qəbul olunmuşdur. Əmək funksiyası sifariş əsasında müştəri və ya müştəriləri qeyd olunan ünvanlara aparmaq və ya ünvandan götürmək olub. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində iş vaxtı bitdikdən sonra şirkət tərəfindən ona bildirilmişdir ki müştərini qeyd olunan ünvandan götürməlidir, şəhərdə həmin saatlarda nəqliyyat sıxlığı olduğuna görə idarə etdiyi nəqliyyat vasitəsi ilə qəza törətmişdir. Həmin qəza sıxlıq nəticəsində olmuşdur. Narkoloji və alkoqol testindən keçmişdir. DYP əməkdaşları hadisə yerinə çağrılmış və hadisənin təfərrüatları dəqiqləşdirilmişdir. DYP rəyinə əsasən günahın iddiaçıda olduğu müəyyənləşmişdir. İddiaçı qeyd edir ki, işlədiyi şirkətə bildirmiş ki, maşına dəymiş maddi zərəri ödəyəcək. Şirkət rəhbərinə onun əmək haqqından hər-ay hissə-hissə ödəməyi təklif etmişdir. Lakin, Cavabdeh MMC-nin rəhbərliyi iddiaçını işdən kənar etmiş və nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70.Ç bəndi ilə əmək müqaviləsinə xitam verildi. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, vurduğu zərərin ödənilməsinə işəgötürən tərəfindən möhlət verilməsini, anasının 1-ci qrup əlil, atasının şəkər xəstəsi olduğunu və himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən xitam verilmişdir. İş materiallarında olan 27 nömrəli əmək müqaviləsindən (kontraktından) görünür ki, İddiaçı Cavabdeh MMC-də nəqliyyat xidmətlərinin təşkili şöbəsinə sürücü vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 ay müddətinə müddətli bağlanılmışdır. İş materiallarında olan Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xidmətlərinə dair xərc iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3837/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbi ilə müraciət etmiş, cavabdehin hüquqi ünvanı Xətai rayonu olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, iddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə MMC və onun müştəriləri ilə bağlı ona məlum olan məlumatları, kommersiya sirrini üçüncü şəxslərə yaymamağı və qeyd edilən məlumatları yaydığı təqdirdə, bununla bağlı Cəmiyyətə və Cəmiyyətin müştərilərinə vurulmiş zərəri tam həcmdə ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında tam maddi məsuliyyəti haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində İ.Səfərov küçəsi ilə M.Aslanov küçəsinin kəsişməsində toqquşma olmuş, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qabaq hissədə, hava yastıqlar, sol fara, təkər sistemi, alt hissə və digər sair əzintilər qeydə alınmışdır. Həmin yol nəqliyyat hadisəsinin digər iştirakçısı isə İddiaçı olmuş və o, **-PB-*** dövlət qeydiyyat nişanlıl nəqliyyat vasitəsini idarə etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Həmin Məcəllənin 300.1 maddəsi ilə Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixində bağladığı müqavilə əsasında 3 ay müddətində Cavabdeh MMC-də nəqliyyat xidmətlərinin təşkili şöbəsinə sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə məxsus nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, həmin nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüş və həmin gün icra edilməli olan sifarişlər qəza səbəbində icra edilməmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr verilən zaman isə iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hal Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi ilə qiymətləndirilmişdir. Məhkəmə iddiaçının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab edir ki, işgötürən tərəfindən iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qanuni və əsaslı olaraq ləğv edilmişdir. Belə ki, iş materialları ilə, həmçinin iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçının hərəkətləri nəticəsində cavabdehə məxsus əmlaka maddi ziyan dəymiş və bu hal normal iş rejiminin pozulmasına səbəb olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə vurulmuş ziyanın təxminən 4800-4900 olduğunu bildirmiş, işə bərpa olunduğu təqdirdə hər ay əmək haqqından tutulmasına etiraz etməmişdir. O, həmçinin məhkəmə iclasında anasının birinci qrup əlil olduğunu, atasının şəkər xəstəsi olduğunu və himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alınaraq onun əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə bu dəlilə qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinin 79-cü maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işciyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermis pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq.onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermis hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Əks halda işəgötürənin işçi ilə əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə ziyan ödənilə bilməz. Odur ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barəsində hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən iddia tələbinin “ilkin mediasiya sessiyası üçün ödənilən 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi də təmin oluna bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-8041/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8041/2024
25.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver