Məhkəmə qərarları › İş №2(011)-8086/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8086/2021

23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8086/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “sənəddəki ad və soyadlara düzəliş edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, DT və XK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, DT və XT-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamə ilə Xaçmaz rayonu ərazisində 0.24 ha torpaq sahəsi iddiaçılardan olan Ərizəçi1 mülkiyyətinə verilmişdir. Qeyd olunan şəhadətnamədə ərizəçinin ailə üzvləri olan həyat yoldaşı və uşaqlarının da adları göstərilmişdir. Lakin həmin şəhadətnamədə həmin Ərizəçi1, həm də ailə üzvlərinin soyadları İmamov əvəzinə İmanov, həmçinin həyat yoldaşının adı Vəzurə əvəzinə Vəzufə və oğlu Maisin adı Malik kimi göstərilmişdir. Şəhadətnamə verilərkən həm soyadlarında, həm də adlarda olan yanlışlığa fikir verilməmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, DT və XT-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 məhkəmədə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarında olan etibarnamələrdən görünür ki, Ərizəçi1 digər ərizəçiləri etibarnamə əsasında təmsil etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi1 Ərizəçi2 əri, digər ərizəçilərin isə atasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi1 və Ərizəçi2 rəsmi nikahdadırlar və Ərizəçi5, Ərizəçi3, Ərizəçi4 onların övladlarıdır. İş materiallarında olan JN-351A saylı KOD 30218018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu ərazisində 0.24 ha torpaq sahəsi Ərizəçi1 mülkiyyətinə verilmişdir, həmin sənəddə ərizəçinin və onun ailə üzvlərinin soyadı “İmamov” əvəzinə “İmanov” kimi, Ərizəçi2 adı “Vəzufə” kimi və Ərizəçi3 adı “Malik” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi1 verilmiş 14 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, ərizəçilərin soyadları və adları sənəddə eyni cür yazılmamışdır. Belə ki, JN-351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin və onun ailə üzvlərinin soyadı “İmamov” əvəzinə “İmanov” kimi, Ərizəçi2 adı “Vəzufə” kimi və Ərizəçi3 adı “Malik” kimi yazılmışdır. Belə olan halda, ərizəçilərin mövcud ərizəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, ilk növbədə, ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənəddəki soyad və ad ilə JN-351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş ad və soyadlar üstüstə düşmür. Belə ki, şəxsiyyət vəsiqələrində ərizəçilərin soyadı İmamov yazıldığı halda, şəhadətnamədə “İmanov” kimi yazılmış, ərizəçilərin adı şəxsiyyət vəsiqələrində Vəzurə və Mais kimi yazıldığı halda, şəhadətnamədə “Vəzufə” və “Malik” kimi yazılmışdır. İkinci növbədə, JN-351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquqmüəyyənedici sənəd hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubla sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmiş və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, JN-351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçilərin soyadları səhvən İmanov kimi, adları yanlışlıqla “Vəzufə” və “Malik” kimi göstərilmişdir və həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin ərizəçilərə məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. DT və XT-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN- 351A KOD 30218018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar