Məhkəmə qərarları › İş №2(011)-8122/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8122/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8122/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mənzil ilə təmin olunmasına dair Xətai rayon Məhkəməsinin 12 yanvar 2006-cı il tarixli Qətnaməsini icra etmədiyi üçün Cavabdehdən mənzilin bu günki real bazar qiyməti olan 150 (bir yüz əlli min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, icra sənədinin (qətnamənin) icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə isə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə (icra sənədində) nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar (məsələn, borclunun davranışı və s.) qətnaməni (icra sənədini) icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni (icra sənədini) könüllü yerinə yetirmədikdə və qətnamənin (icra sənədinin) icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Qətnamənin (icra sənədinin) icra üsulu və qaydası dəyişdirildikdə icra icraatında borclu dəyişmir. Həmçinin qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin (icra sənədinin) icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddianın qəbul edilməsindən imtina edilməli və iddiaçıya qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə qətnamənin icrası qaydasında ərizə vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdehə qarşı iddiaçının mənzil ilə təmin olunmasına dair Xətai rayon Məhkəməsinin 12 yanvar 2006-cı il tarixli Qətnaməsini icra etmədiyi üçün Cavabdehdən mənzilin bu günki real bazar qiyməti olan 150 (bir yüz əlli min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya qətnamənin icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə qətnamənin icrası qaydasında ərizə vermək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-8122/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 25 oktyabr 2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol 25 oktyabr 2023-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar