Məhkəmə qərarları › İş №2(011)-8183/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8183/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8183/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mobil nömrələrin qaytanlması tələbinə dair” mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mobil nömrələrin qaytanlması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan (055) 211-29-81, (055) 211-92-97, və (055) 792- 66-66 mobil nömrələrin ona qaytanlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, (055) 211-29-81, (055) ***-**-** və (055) ***-**- ** mobil nömrələri ona məxsus olmuşdur. Lakin, sonradan ona məlum olmayan səbəblərdən həmin nömrələr adından çıxarılmışdır. Həmin mobil nömrələrin adından çıxarılma səbəblərinin və yaxud satılıb-satılması barədə məlumatın öyrənilməsi məqsədi ilə Cavabdeh MMC-nin Mərkəzi ofisinə ərizə ilə müraciət etmiş, 19.02.2021-ci il tarixli, BKC/CDC-1776/21 saylı cavab məktubunda qeyd edilmişdir ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr digər şəxslərin istifadəsinə verilə bilər. Eyni zamanda abunəçilərlə bağlanmış müqavilələrdə qeyd olunur ki, “şirkət, abunəçiyə təqdim olunmuş nömrə 6ay ərzində istifadə etmədikdə, bu müqaviləyə xitam verərək istifadə olunmayan nömrəni abunəçidən geri almaq və başqa abunəçinin istifadəsinə vermək hüququna malikdir”. ********* nömrə 14/04/2016-cı, ********* nömrə 13/02/2020-ci, ********* nömrə isə 04/04/2016-cı il tarixlərindən aktivləşdirilmədiyi səbəbindən müvafiq nömrələrə dair abuna müqavilələrinə xitam verilmişdir. Halbuki, müqavilənin şərtləri tərəfindən pozulmamışdır. Belə ki. qeyd olunan müddət ərzində ona məxsus nömrələrə tərəfindən konturlar yüklənmişdir. Belə olan halda hansı istifadə olunmamadan söhbət gedə bilər? Göründüyü kimi, Cavabdeh MMC ona məxsus olan nömrələri qaytarmaq fikrindən uzaqdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Beydullayeva (Əlizadə) Günay Knyaz qızı ilə "xxxx" MMC arasında bağlanmış 29.03.2014-cü il tarixli abunə müqavilələrinin (552112981 və ********* kombinasiyalı mobil nömrələrə dair) 7.6.4-cü bəndinə əsasən, abunəçi 6 ay ərzində MMC-nin müqavilədə göstərilən telekommunikasiya xidmətlərindən istifadə etmədiyi təqdirdə MMC müqaviləyə xitam verə bilər. Bundan əlavə, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəni nəzərə alaraq. "xxxx" MMC-nin abunəçilərə təklif etdiyi tariflərin şərtlərinə əsasən uzun müddət ərzində bağlı olan nömrələr aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr digər şəxslərin istifadəsinə verilə bilər. Belə ki, ********* kombinasiyalı mobil nömrə 14.04.2016-cı il, ********* kombinasiyalı mobil nömrə 13.02.2020-ci il, ********* kombinasiyalı mobil nömrə isə 04.04.2016-cı il tarixlərindən sonra aktivləşdirilmədiyi (yəni həmin nömrələrin balansına abunəçi tərəfindən ödəniş edilmədiyi) səbəbindən müvafiq nömrələrə dair abunə müqavilələrinə xitam verilmişdir. Müvafiq olaraq, ********* kombinasiyalı mobil nömrəyə dair 29.03.2014-cü il tarixli abunə müqaviləsi 2016-cı ilin oktyabr ayında, ********* kombinasiyalı mobil nömrəyə dair 29.03.2014-cü il tarixli abunə müqaviləsi 2020-ci ilin avqust ayında, ********* kombinasiyalı mobil nömrəyə dair 28.01.2011-ci il tarixli abunə müqaviləsi 2016-cı ilin oktyabr ayında ləğv edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci bəndinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 377.1-ci bəndinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. ********* kombinasiyalı mobil nömrəyə dair 29.03.2014-cü il tarixli abunə müqaviləsinin və ********* kombinasiyalı mobil nömrəyə dair 28.01.2011-ci il tarixli abunə müqaviləsinin 2016-cı ilin oktyabr ayında ləğv edildiyini nəzərə alaraq, iddia tələbinə həmin hissələrdə iddia müddətinin tətbiq edilməsini xahiş edir, lakin bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbinin bu hissəsinə dair iddia müddəti ötürülməsəydi belə, yuxarıda qeyd edilənlərə əsasən iddianın əsassız olduğu qənaətindədir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarıılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, nömrə resurları dövlətin mülkiyyətindədir və dövlət, mobil rabitə xidməti operatoruna nömrə resurlarını ayırır. Mobil rabitə xidməti operatoru öz növbəsində abunəçi ilə müqavilə bağlayaraq, nömrə resurlarını onun istifadəsinə verir. Müqavilə şərtinin biri isə odur ki, abunəçi 6 ay nömrədən istifadə etmədiyi təqdirdə, onunla bağlanmış müqaviləyə xitam verilir və nömrə abunəçinin adından çıxarılır. Bundan sonra mobii rabitə xidməti operatoru öz mülahizəsinə əsasən həmin nömrəyə dair başqa abunəçi ilə müqavilə bağlamaq iqtidarındadır. İş materiallarından göründüyü kimi, İddiaçı adına 55) 211-29-81, (055) ***-**-** və (055) ***-**-** saylı nömrələr rəsmiləşdirilmiş, lakin abunəçi 6 aydan çox nömrələrdən istifadə etmədiyindən, həmçinin nömrə üzrə balansı artırmadığından, qeyd olunan nömrələr onun adından çıxarılmışdır. Göstərilənləri əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Beydullayeva (Əlizadə) Günay Knyaz qızı ilə "xxxx" MMC arasında bağlanmış 29.03.2014-cü il tarixli abunə müqavilələrinin surətindən görünür ki, ********* və ********* kombinasiyalı mobil nömrələr abunəçinin istifadəsinə verilmişdir. Müqavilənin 7.6.4-cü bəndinə əsasən, abunəçi 6 ay ərzində MMC-nin müqavilədə göstərilən telekommunikasiya xidmətlərindən istifadə etmədiyi təqdirdə MMC müqaviləyə xitam verə bilər. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, ********* kombinasiyalı mobil nömrə 14.04.2016-cı il, ********* kombinasiyalı mobil nömrə 13.02.2020-ci il, ********* kombinasiyalı mobil nömrə isə 04.04.2016-cı il tarixlərindən sonra aktivləşdirilmədiyi (yəni həmin nömrələrin balansına abunəçi tərəfindən ödəniş edilmədiyi) səbəbindən müvafiq nömrələrə dair abunə müqavilələrinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 19.02.2021-ci il tarixli, BKC/CDC-1776/21 saylı cavab məktubundan görünür ki, iddiaçının 01.02.2021-ci il tarixində daxil olmuş müraciəti ilə əlaqədar nəzərinə çatdırılmışdır ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr digər şəxslərin istifadəsinə verilə bilər. Eyni zamanda abunəçilərlə bağlanmış müqavilələrdə qeyd olunur ki: “Şirkət Abunəçiyə təqdim olunmuş nömrə 6 ay ərzində istifadə etmədikdə, bu müqaviləyə xitam verərək istifadə olunmayan nömrəni Abunəçidən geri almaq və başqa Abunəçinin istifadəsinə vermək hüququna malikdir. ********* nömrə 14/04/2016-cı, ********* nömrə 13/02/2020-ci, ********* nömrə isə 04/04/2016-cı il tarixlərindən aktivləşdirilmədiyi səbəbindən müvafiq nömrələrə dair abunə müqavilələrinə xitam verilmişdir. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, müəssisənin daxili qaydalarına əsasən hal-hazırda yalnız ********* nömrəni Müştəri xidmətləri ofislərindən müəyyən olunmuş ümumi şərtlər əsasında yenidən əldə etmək olar. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. 32.1-ci maddəsinə əsasən operatorlar aşağıdakı hüquqlara malikdirlər: 32.1.3. qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək; 32.1.5. maddələrinə əsasən operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq. 34.2-ci maddəsinə əsasən abunəçilər aşağıdakı vəzifələri daşıyırlar: 34.2.1. qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək; 34.2.4. operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək; Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla (055) 211-29-81, (055) 211-92- 97, və (055) 792- 66-66 mobil nömrələrin Beydullayeva (Əlizadə) Günay Knyaz qızı ilə "xxxx" MMC arasında bağlanmış müvafiq abunə müqavilələri əsasında abunəçinin istifadəsinə verilməsi, həmin müqavilələrin və qanunvericiliyin tələblərinə uyğun olaraq ********* nömrə 14/04/2016-cı, ********* nömrə 13/02/2020-ci, ********* nömrə isə 04/04/2016-cı il tarixlərindən aktivləşdirilmədiyi səbəbindən müvafiq nömrələrə dair abunə müqavilələrinə xitam verilməsi müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mobil nömrələrin qaytanlması tələbinə dair” iddia tələbi qanunsuz və əsassız olduğuna görə, eyni zamanda iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdehnə qarşı (055) 211-29-81, (055) 211-92-97, və (055) 792- 66-66 mobil nömrələrin ona qaytanlması barədə iddiası təmin edilməsin. İddia tələəbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar