Məhkəmə qərarları › İş №2(011)-8343/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8343/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8343/2021 15.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X8 və X4 qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzildən cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzil iddiaçının şəxsi mülkiyyətindədir. O, həmin mənzili alğısatqı müqaviləsi əsasında almışdır. Həmin mənzilə 05 iyul 2019-cu il tarixdə iddiaçının adına mülkiyyət hüququ tanınmışdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, həmin mübahisəli mənzili 1992-ci ildən almışdır. O, Rusiya Federasiyasında yaşadığı üçün Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzili müvəqqəti olaraq qardaşının ailəsinə yaşamaq üçün vermişdir. Cavabdehlərdən X5 qardaşının həyat yoldaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qardaşının uşaqlarıdır. İddiaçı cavabdehlərin yaşayış yeri olmadığından müvəqqəti olaraq mübahisəli mənzildə yaşamağa icazə vermişdir. Cavabdehlər həmin mənzildə qeydiyyatsız yaşayırlar. İddiaçı cavabdehlərdən mənzildən çıxmağı tələb etsə də cavabdehlər imtina etmişlər. Cavabdehlər iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Daha sonra iddiaçı cavabdehlər X2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X8 və X4 qarşı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21,2945-ci məhəllə, 82 saylı mənzildən cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X6 əşyaları ilə birlikdə çıxarılması və X3 istifadə hüququnun itirilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehlər X2, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X8 və X4 qarşı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzildən cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X6 və X3 əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər X5 və Cavabdeh2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 82 saylı mənzil 30 iyun 1999-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. O, qeydiyyat vəsiqəsini itirdiyi üçün 05 iyul 2019-cu il tarixdə təkrar çıxarış əldə etmişdir. İddiaçı Rusiya Federasiyasında yaşadığı dövrdə mübahisəli mənzildə müvəqqəti yaşamaları üçün cavabdehlərə icazə vermişdir. Cavabdehlər mənzildə pasport qeydiyyatında deyillər. İddiaçının anası hazırkı iş üzrə cavabdeh X7 isə həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İş üzrə cavabdehlər olan X5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X9 iddiaçının qardaşı, qardaşının arvadı və onların birgə nikahlarından olan uşaqlarıdır. Cavabdehlər mübahisəli mənzildə yaşasalar da onlar pasport qeydiyyatına düşməmişlər. Yalnız iddiaçının anası olan cavabdeh X7 həmin mənzildə pasport qeydiyyatına alınmışdır. Məhkəmə iddia tələbinin X4 aid hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Şükufə Əliyeva iddiaçının anasıdır və mübahisəli evdə pasport qeydiyyata alınmışdır. Cavabdeh Şükufə Əliyevanın mübahisəli mənzildən çıxarılmağa etirazının olmaması, iddiaçıdan heç bir kompensasiya tələb etməməsi də iş materiallarına əlavə edilmiş ərizə ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, cavabdeh X3 mübahisəli mənzildən çıxarılmağa heç bir etirazının olmaması əsas götürülərək, iddia tələbi həmin hissədə təmin edilməli və X3 mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Məhkəmə iddia tələbinin digər cavabdehlərə aid olan hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Göründüyü kimi, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X6 iddiaçının mülkiyyətində olan mənzilə hər hansı hüququ (istifadə, sahiblik) yoxdur. Cavabdehlərin iddiaçının mənzilindən heç bir əsas olmadan istifadə etmələri, mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə olan halda, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzil iddiaçının mülkiyyətində olduğu və cavabdehlər də həmin mənzilə qanunsuz sahiblik etdikləri üçün iddiaçının həmin mənzili cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasında mübahisəli mənzilin onların vəsaiti hesabına alınmasını, mənzilin iddiaçının adına formal olaraq qeydiyyatdan keçməsini bildirsələr də, lakin bu halı sübuta yetirəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X6 iddiaçının mülkiyyətində olan mənzildən əşyaları ilə birlikdə çıxarılmaları hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 saylı mənzildən cavabdehlər X7, X5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X9 əşyaları ilə birlikdə çıxarılsınlar. Ödənilmiş 10 ( on ) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar