Məhkəmə qərarları › İş №2(011)-8385/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8385/2025

19.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8385/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oglunun mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilindən məcburi qaydada çıxarılmaları barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə mənə məxsus olmaqla bu barədə AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adıma xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülkiyyətimdə olan mənzil cavabdehlər tərəfindən zəbt edilmiş, qanunsuz olaraq 30 ildən artıq müddətdir ki, cavabdehlər tərəfində istifadə olunur. Dəfərlərlə müraciət etsəm də, cavabdehlər mülkiyyətində olan mənzili boşaldıb tərk etmirlər və bildirirlər ki, onların hazırda yaşamaları üçün evləri yoxdur. Cavabdehlər qeyd olunan ünvanda qalmaları səbəbindən mən mənzilimdə qanunla müəyyən edilmiş hüquqlarımı həyata keçirə bilmirəm. Məcburi köçkünlərin 2025-ci ilin sonunadək öz doğma yurd-yuvalarına qaytarılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, məhkəməyə təqdim etdiyim iddia tələbim təmin olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 oglu mülkiyyət hüququ üzrə mənə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Nəzərə alınmalıdır ki, 90-cı illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Cavabdehlər Şüşa rayonundan (şəhərindən) məcburi köçkün düşmüş şəxslər olmaqla, mənim mənzilimdə yaşayırlar. Lakin onların 30 ilə yaxın həmin ərazidə yaşaması mənim öz əmlakıma sahiblik, istifadə və sərəncam hüquqlarımı qanunsuz məhdudlaşdırmaqla, mənim dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququmu kobud şəkildə pozmuşlar. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Şuşa şəhəri işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıtması ilə bağlı işlər davam edir. İlk növbədə fərdi mülkiyyətdə olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi istiqamətində tədbirlər görülür. Qeyriyaşayış sahələrində məskunlaşmış məcburi köçkünlərin köçürülməsi isə mərhələli şəkildə həyata keçirilir. Proqramın 2030-cu ilədək icra edilməsi nəzərdə tutulmuşdur. Mövcud vəziyyətdə mənim mülkiyyət hüququma qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququmun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlıq pozulmuş, bununla da, mənim mülkiyyətçi kimi xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmama səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, məhkəmədən möhlət istəyir, Qaçqın Komitəsi onu Şuşa şəhərində evlə təmin etməlidir, ondan sonra getməlidir, başqa cür mümkün deyil. Sonda Cavabdeh1 dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, möhlət istədik biz, biz ora portaldan icazə ilə gedirik, gərək Komitə ev versin ki gedək. Sonda Cavabdeh3 dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam payda xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli vərəqində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzildə qeydiyyatda İddiaçı Bəhman oğlu var. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Şuşa rayonundan məcburi köçkün olmaqla iddiaçıya məxsus mənzildə müvəqqəti məskunlaşmışlar, cavabdehlər hazırda həmin mübahisəli evdə qeydiyyatda olmamaqla yaşayırlar. Bununla belə, cavabdehlərin həmin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahsiəli ünvanda yaşaması mülkiyyətçinin – iddiaçının hüquqlarının əsassız olaraq pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməli, cavabdehlər mübahsiəli mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququna əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi anlayış verilmişdir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvandan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar