Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8417/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçıların nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, 113 a saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 40.8 kv.metr, yardımçı sahəsi 33.7 kv.metr, ümumi sahəsi 74.5 kv.metr olan fərdi yaşayış evi 20.07.2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışa əsasən ümumi mtilkiyyətlərindədir. Cavabdeh X1 qardaşlarının keçmiş həyat yoldaşı olmuşdur. 2013-cii ildə Cavabdeh1 ilə qardaşı X7 nikahları pozulmuşdur. Uzun illərdir ki X1 onlara məxsus fərdi yaşayış evində yaşamır. Onun pasport qeydiyyatı formal xarakter daşıyır. Hazırki mübahisə predmeti olan əmlak ataları X4 xüsusi mülkiyyətində olmuş, 2013-cü ildə isə bağışlama müqaviləsi ilə onların ümumi mülkiyyətinə verilmişdir. Həmin zaman Cavabdeh1 da evin bağlanılmasına öz razılığını bildirmişdir. Göründüyü kimi, onun ümumi mülkiyyətdə olan əmlaka dair hər hansı bir hüququ mövcud deyildir. Digər Cavabdeh2 keçmiş qonşuları olmuşdur. Onun fərdi yaşayış evində pasport qeydiyyatında olmasından xəbəri olmamışdır. Onlara məxsus fərdi yaşayış evində yaşamamışdır. Odur ki, cavabdehin həmin evdə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Cavabdehlərin hələ də onlara məxsus ünvanda qeydiyyatda qalmaları mülkiyyətçi kimi hüquqlarını pozur, əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və əlavə xərclər çəkməli olurlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin axırıncı qeydiyyat yeri üzrə bildiriş göndərilmiş, bildiriş poçt müəssisəsi tərəfindən məhkəməyə qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehlərin axırıncı qeydiyyat yeri üzrə ünvan 2 ünvanda qeydiyyatda olsa da, lakin həmin ünvanda yaşamadıqları üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Cavabdeh2 mübahisəli evdə qeydiyyatda olmasına baxmayaraq, 2010-cu ildən evini satıb getmişdir. Cavabdeh1 iddiaçıların qardaşının arvadı olmuş, 2013-cü ildə boşandıqdan sonra göstərilən ünvandan çıxıb getmiş və onu bir daha orada görməmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 40.8 kv.metr, yardımçı sahəsi 33.7 kv.metr olan fərdi yaşayış evi 30.12.1998-ci il tarixində X4 adına qeydə alınmışdır. RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 4nə dair İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqları 20.07.2013-cü il tarixində daşınmaz əmlakın Dövlət reyestrində 236 nömrəli reyestr kitabının 21843 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh1 arasında qeydə alınmış nikah ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş 27.10.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin mübahisəli evin iddiaçıların ümumi mülkiyyətlərində olmasını, cavabdehlərin daimi yaşamaq üçün başqa ünvana köçmələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, 113 a saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia tələbləri təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, 113 a saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-8417/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8417/2021
23.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver