Məhkəmə qərarları › İş №2(011)-8471/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8471/2021

29.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8471/2021 29.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A ünvanında yerləşən 55 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A ünvanında yerləşən 55 saylı mənzil 22.04.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən təqdim edilən Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, Cavabdeh ilə heç bir bağlılığı yoxdur. O, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 55 saylı mənzilə pasport qeydiyyatına düşməsindən xəbərsiz olmuşdur. Bildirmək istəyir ki, Cavabdeh sözügedən mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, ona məxsus Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A ünvanında yerləşən 55 saylı mənzildə heç vaxt yaşamamışdır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Bundan başqa cavabdehin ona məxsus ünvanda qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur, ona əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və o əlavə xərclər çəkməli olur. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdehin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A ünvanında yerləşən 55 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A ünvanında yerləşən 55 saylı mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A-da yerləşən 55 saylı mənzilindən məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid qismində iştirak edən X1 məhkəməyə verdiyi ifadəsindən görünür ki, iddiaçı onun həm qonşusu, həm də iş yoldaşıdır. Hazırkı iş üzrə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A ünvanında yerləşən 55 saylı mənzilin əvvəlki mülkiyyətçisi olub. İddiaçı həmin mənzili 2006-cı ildə Cavabdeh alqı-satqı müaviləsinə əsasən almışdır. Hal-hazırda iddiaçı öz ailə üzvləri ilə həmin mənzildə yaşayır. Cavabdeh isə həmin mənzildə qeydiyyatda olsa da, faktiki olaraq orda yaşamır. İş materiallarında olan 6 saylı Asan Xidmət mərkəzi tərəfindən verilmiş ******* nömrəli, 02.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Əməd oğlu 18 iyul 2006-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh, X2, X6, X4 həmin ünvanda qeydiyyatda olan digər şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məmmədov Xudu küçəsində istifadədə olan 0,11042 ha torpaq sahəsində yerləşən 2a nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 46.75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 55 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2526 nömrəli vərəqində 22.04.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq, ünvan 2 mənzilinə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxmaması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, Cavabdeh mübahisəli mənzilə istifadə hüququn itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2A, 55 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar