Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-851/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və X5 qarşı (Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. ünvan 1 saylı mənzili (bundan sonra – Mənzil) Bakı şəhər Xətai rayonu İcraiyyə Komitəsi tərəfindən xx.xx.1992-ci il tarixli, 016544 saylı order əsasında iddiaçıya verilmiş, orderdə onunla birlikdə ailə üzvləri – əri və övladlarının adları göstərilmişdir.
2. Şuşa rayonundan məcburi köçkün olan Cavabdeh1 ailə üzvləri – həyat yoldaşı, övladları, gəlini, bacısı və nəvəsi ilə birlikdə 1993-cü ildən və sonrakı illərdə məcburi köçkün kimi müvəqqəti olaraq Mənzildə məskunlaşmışlar və hazırda da orada yaşayırlar.
3. Cavabdehlər dövlət tərəfindən hər hansı mənzillə təmin edilməmişlər.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı iddia ərizəsi və məhkəməyə təqdim etdiyi son iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil Xətai rayon İcraiyyə Komitəsinin 22 oktyabr 1992-ci il tarixli 1407 nömrəli qərarı ilə, 22 oktyabr 1992-ci il tarixli, 016544 nömrəli order əsasında ona ayrılmışdır. Belə ki, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, gənc mütəxəssis kimi təyinatla işə başladığı müəssisədə ev növbəsinə dayanmış və 1992-ci ildə “Azərmaş” birliyinin binasında yuxarıda qeyd etdiyi 3 otaqlı mənzil müvafiq orderlə ona ayrılmışdır. Həmin dövrdə mövcud olmuş Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərmaş” idarəsi tərəfindən həmin nazirlik sisteminin işçiləri üçün Əhmədli qəsəbəsinin General Şıxlinski küçəsində tikilmiş 80 mənzilli 1 nömrəli ev Şuşa rayonundan olan məcburi köçkünlər tərəfindən tutulmuşdur. Ona məxsus olan mənzildə də cavabdehlər məskunlaşmışlar. 1992-ci ildən başlayaraq, mənzil sahibləri, həmçinin Material Ehtiyatları Nazirliyi. Xətai Rayon İcra Hakimiyyəti. Xətai Rayon Prokurorluğu, Bakı şəhər Prokurorluğu tərəfindən məcburi köçkünlərin mənzildən çıxarılması barədə addımlar atılsa və səylərin göstərilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Artıq neçə ildir ki, cavabdehlər Mənzildən çıxmırlar, bununla da qeyd edilən cavabdehlər mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirməyə süni maneəçilik törədirlər, mülkiyyət hüquqlarını məhdudlaşdırırlar, mülkiyyətində olan mənzilindən öz iradəsinə uyğun istədiyi kimi istifadə etməyə, sərəncam verməyə mane olurlar, bununla da onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulur.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, 1993-cü ildən məcburi köçkün kimi Mənzildə yaşayıblar. Mənzilin iddiaçının olduğunu qəbul edir, ancaq onlara ev veriləndən sonra mənzildən çıxa bilərlər.
9. Digər cavabdehlər məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verdilər.
10. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə 29 İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
12. Maddə 29 İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Maddə 43 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. Maddə 43 İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi.
25. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
İşə baxan məhkəmənin mövqeyi:
26. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının aydınlaşdırılmasına zərurət vardır.
28. İşin mübahisəsiz hallarından da göründüyü kimi, Mənzil xx.xx.1992-ci il tarixdə verilmiş 016544 nömrəli order əsasında iddiaçının sahibliyinə verilsə də, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı Mənzilin sahibi olmaqla əldə etdiyi həmin əmlaka dair mülkiyyət hüququna gözləntisi vardır.
29. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). İddiaçının Mənzilin tək sahibi olması işin mbahisəsiz halıdır. Eləcə də, iddiaçı özünün yaşayaış sahəsinə, mənzilə olan tələbatını təmin etməklə Mənzilin təbbi xassələrindən istifadə etmiş olur.
30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.
32. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Mənzilə dair mülkiyyətə gözləntisi olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
33. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmalı olmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı birinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı Mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır.
34. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsinin hüquqi əsasları göstərilmişdir.
35. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir.
36. Mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı hüquqi əsasların olması, yuxarıda da qeyd edildiyi kimi, işin mübahisəsiz halıdır (Mənzilə dair Bakı şəhər Xətai rayonu İcraiyyə Komitəsi tərəfindən xx.xx.1992-ci il tarixli, 016544 saylı order verilmişdir).
37. Mənzilin cavabdehlərin sahibliyində olması da iş materiallarında olan sübutlar, eləcə də məhkəmə iclasında iştirak edən cavabdehlərin etirafları ilə öz təsdiqini tapır. İş materiallarından da göründüyü kimi, cavabdehlər 1993-cü il tarixdən Şuşa şəhərindən məcburi köçkün olduqdan sonra (Yasəmən İbrahimova və Sübhan Qasımov sonradan həmin Mənzildə doğulmuşlar) iddiaçıya məxsus Mənzildə məskunlaşmışlar və hazırda da orada yaşayırlar.
38. Mənzilin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin Mənzilə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil. Cavabdehlərin bəziləri (Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2) daimi yaşadıqları evlərindən və doğma torpaqlarından məcburi köçkün düşdükləri 1993-cü ildən sonra, bəziləri isə onların ailə üzvləri olmaqla (Yasəmən İbrahimova, Cavabdeh4, Cavabdeh3) sonrakı vaxtlarda iddiaçıya məxsus Mənzildə yaşamağa başlamışlar.
39. Məhkəmə qeyd edir ki, hətta cavabdehlərin məcburi köçkün kimi Mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
40. Eləcə də, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus Mənzildə məskunlaşmaları isə iddiaçının qanunla gözlənilən mülkiyyət hüquqlarını pozur.
41. Beləliklə, işin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının Mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan, cavabdehlər həmin Mənzildən çıxarılmalı, Mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4, X2 və X6 ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı