Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8567/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarını qoruyaraq iddiaçının iş yerinə bərpa edilməsi, şirkətin iddiaçının işsiz qaldığı aylar üçün tam əmək haqqını ödəməklərinin təmin edilməsi, yaşatdıqları mənəvi əzaba görə əlavə 1.000 manat kompensasiya ödəməklərinin təmin edilmsi, məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-dən 13 mart 2024cü il tarixində iş qrafikinə uyğun olaraq saat 09.00-da işə gəlmişdir. Rutin işləri gördüyü zaman heç bir səbəb olmadan şirkətin təsisçisi Şamil Kərimov tərəfindən əsassız və insan mənafeyinə zidd şəkildə işi tərk etməyi bildirilmişdir. Səbəbini soruşduqda isə “Şirkət onundur, nə istəsə edə bilər” davranışı ilə Azərbaycan Respubikası qanunvericiliyinə zidd olaraq işçi hüquqları və şəxsiyyəti kobud şəkildə pozularaq, masasındakı əşyalar tərəfindən götürülərək, başının üstündə duraraq iş yoldaşlarının yanında dərhal tərk edilməyi göstərişinin verməsi ididaçıya mənəvi pis təsir etmişdir. Bu iddiaçının sağlamlığında psixoloji sarsıntı kimi fəsadlar yaratmışdır. Çünki 18 sentyabr 2018-ci il tarixdən iddiaçı adı çəkilən şirkətdə və onun qollarında müxtəlif vəzifələrdə çalışmışdır. Çalışdığı müddətdə heç bir töhmət və xəbərdarlıq almamışdır. Tam əksi olaraq nümunəvi işçilərdən biri olmuşdur. Digər əməkdaşlarla bu kimi xoşagəlməz situasiyalar çox olub. Lakin bir gün iddiaçı ilə də belə davranacaqlarına inanmırdı. İşdən azad olunma ərizəsi yazmağı tələb olunmuşdur. Təbii ki, heç bir əsas olmadan işdən çıxma ərizəsi yazmayacağını bildirdiyi təqdirdə ixtisarla bağlı sənəd hazırlamışdılar. İlk sənəd 27 fevral 2024-cü il tarixində sənədləşdirildi - 1 (bir) ay möhlət ilə daha sonra 18 mart 2024-cü il tarixdə yeni xəbərdarlıq 24 aprel 2024-cü il tarixi üçün göndərildi. İddiaçı qanunsuz yazılmış xəbərdarlıqlara məktub yazaraq cavab bildirmişdir. Məktublar bu günə qədər cavablandırılmayıb. Cavabdeh MMC-nin təsisçisi tərəfindən təzyiq göstərilərək, öz xahişi ilə işdən azad olunma ərizəni yazmağı tələb edirdi, əks halda işdən 70ç maddəsinə əsasən çıxaracaqları ilə hədələnirdi. Bu təzyiqlər şirkətin direktoru Mərdan Qarayev tərəfindən də edilib. 06 mart 2024-cü il tarixində Qarayev Mərdan iddiaçının elektron imzasını bloklayaraq işini yerinə yetirməyinə mane olub. Şirkətin təsisçisi Şamil Kərimov həm işdən çıxarılmadan əvvəl, həm də qovulduğu gün iddiaçıya 70ç maddəsinə əsasən işdən azad ediləcəyini və “ölkəmizdə hər şeyi pul ilə ala biləcəkləri üçün 50000 manat məbləğində rüşvət verəcəyini” deyərək hədələyib. İxtisarla bağlı maddəyə əsasən işçi son günə qədər işə gəlməli və ya gəlmədiyi günlərin də ödənişini alıb işdən azad olunmalıdır. Lakin İxtisar xəbərdarlıqlarında belə qanun pozuntusu edərək iddiaçını işə gəlməyə qoymurdular. Heç bir AR qanunvericiliyinə və Əmək Məcəlləsinə əsasən 1 (işçi) ixtisar edilə bilməz. Yuxarıda qeyd olunanlarla bağlı X1 Xidmətinə müraciət etmiş, lakin Cavabdeh MMC iddiaçını işinə bərpa etməkdən imtina etmişdir. Bundan əlavə olaraq, 14 avqust, 11 sentyabr və 4 oktyabr 2024-cü tarixlərində Cavabdeh MMC tərəfindən ödənişli jobsearch.az saytında vakansiya yerləşdirilmişdir. Bu, onların işçi axtadıqlarını və ixisarın qanunsuz olduğunu göstərir. Müqavilənin özbaşınalıq şəklində xitamından sonra köçürülən son haqq-hesabını da səhv ödəmişdilər. X1 Xidmətinə etdiyi şikayətdən sonra son haqq hesabının çatışmayan hissəsi köçürülmüşdür. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, təqdim etdiyi ərizədə qeyd etmişdir ki, iddiaçı bu məsələyə dair müraciətini vaxtında məhkəməyə təqdim edə bilməmişdir. Bu gecikmənin səbəbi qardaşının vəfat etməsi ilə əlaqədar hüquqi varisi kimi iştirak etdiyi digər bir məhkəmə prosesidir. İddiaçı həm psixloji, həm də fiziki cəhətdən böyük bir yük altında qalmışdır. Ciddi mənəvi sarsıntı yaşamış, hüquqi məsələlərlə bağlı da çoxlu çətiniklərlə qarşılaşmışdır. Qardaşının itkisi ilə bağlı məhkəmə prosesi bütün diqqətini və enerjisini almış, buna görə də işəgötürən şirkətə qarşı iddia ərizəsini vaxtında təqdim edə bilməmişdir. Məhkəmə prosesi bitəndən dərhalsonra məhkəməyə müraciət etmişdir. Əlavə olraq, şirkətin təsisçisi tərəfndən işdən qovulması iddiaçıya mənəvi pis təsir etmişdir. Bu hərəkət ilə iddiaçını bütün kollektivin qabağında alçaltmışdır. Bu iddiaçının sağlamlığında psixoloji sarsıntı kimi fəsadlar yaratmışdır. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı Cavabdeh MMC-də insan resursları üzrə menecer vəzifəsinə götürülmüşdür. 13 mart 2024-cü il tarixli Əmrlə cəmiyyətin fəaliyyətinin zəifləməsi səbəbindən cəmiyyətin maliyyə nəticələrinin təkmilləşdirilməsi, müəssisənin ştat strukturunun və işçi sayının optimallaşdırılması və cəmiyyətdə işlərin azalması zərurətindən irəli gələrək, 24 aprel 2024-cü il tarixindən Cavabdeh MMC-də insan resursları üzrə menecer vəzifəsinin (ştatı) ləğv olunması qərara alınmış, ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifədə işləyən iddiaçı ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi və digər hallar qeyd edilmişdir. 18 mart 2024-cü il tarixli Xəbərdarlıq məktubu iddiaçıya göndərilmiş, məktuba əsasən işçiyə 13 mart 2024-cü il tarixli əmr, xəbərdarlıq müddətində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edildiyi, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.9 misli miqdarında əmək haqqını birdəfəyə ödənilərək əmək müqaviləsinə xitam verilə bilməsi qeyd olunmuşdur. Eyni zamanda məktubla iddiaçıya bildirilmişdir ki, əmək kitabçası ilə iş yerinə yaxınlaşsın. Lakin iddiaçı insan resursları üzrə menecer vəzifəsində işlədiyinə görə və kadrlara aid bütün sənədlər onda olduğundan xəbərdarlıqdan sonra sənədlərini götürərək işə gəlməmişdir. Qanunla ona xəbərdarlıq müddətində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edildiyi müəyyən olunsa da, iddiaçı uzun müddət işə gəlməmişdir. Daha sonra iddiaçı Əmək Müəfttişliyinə şikayət etmişdir. Şikayətin əsasını iş stajına görə qanunla nəzərdə tutulan dörd həftə deyil, daha çox verilməsi və MMC tərəfindən guya buna əməl olunmaması olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 18 sentyabr 2018-ci il tarixdən Cavabdeh MMC-də işləyir. Halbuki, fasiləsiz işləməyib. Sonuncu dəfə yuxarıda qeyd etdiyi kimi 01 mart 2022-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlanmışdır. Digər bir məsələ odur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə 24 aprel 2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı işə bərpa məsələsi barədə iddia tələbini 24 may 2024-cü il tarixədək qaldırmalı olduğu halda bu müddətdən çox-çox sonra qaldırmışdır. Göründüyü kimi, iddiaçının 24 may 2024-cü il tarixədək mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ var idi. Lakin iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri və iddia müddətinin ötürülərək verilməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 16 mart 2023-cü il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmış, müqavilədə işçinin 01 mart 2022-ci il tarixdə işə başladığı qeyd edilmişdir. Müqaviləyə əsasən iddiaçı insan resursları üzrə menecer vəzifəsində işə qəbul edilmişdir. İş materiallarından görünür ki, 27 fevral və 18 mart 2024-cü il tarixlərdə ştatların ixtisar edilməsi barədə iddiaçıya yazılı xəbərdarlıq edilmişdir. İşəgötürənin 13 mart 2024-cü il tarixli 26a/24 saylı əmri ilə Cavabdeh MMC-də 24 aprel 2024-cü il tarixdən İnsan Resursları üzrə menecer vəzifəsi ləğv edilmişdir. Əmrə əsasən ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifədə çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin 05 iyul 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı 14 mart 2024-cü il tarixdə quruma müraciət etmiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı bundan əvvəl 15 avqust 2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7000/2024 saylı 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin hüquqlarından biri kimi bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək çıxış edir. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 77.1-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 78.2-ci maddəsinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının işlədiyi insan resursları üzrə menecer vəzifəsinin ixtisara düşməsi səbəbindən xitam vermişdir. Həmçinin, cavabdehin vəkili iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş matariallarından görünür ki, müqaviləyə xitam üçün əsas işəgötürənin öz hüquqlarından istifadə edərək ştatların ixtisara salınması olmuşdur. Hazırkı iş üzrə iddiaçının da müqaviləsinə tutduğu vəzifənin ixtisara düşməsi olmuşdur. İş materiallarından görünür ki, işəgötürən qanunvericiliyin tələblərinə riayət etməklə qanunla müəyyən edilmiş müddətdə işçiyə xəbərdarlıq etmiş və onunla sonuncu haqq-hesabı həyata keçirərək müqaviləyə xitam vermişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil deyildir. Odur ki, yoxlama nəticəsində işəgötürənin əməllərində qanun pozuntusu aşkar olunmamışdır. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddiaçının cavabdeh şirkətdə tutduğu vəzifə ixtisara düşməklə ləğv edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24 aprel 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı qanunvericiliyə müvafiq olaraq 1 təqvim ayı müddətində məhkəməyə hüquqlarının pozulması ilə bağlı müraciət etməli olduğu halda ilk dəfə 15 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmasında izahat verən iddiaçı qardaşının vəfat etməsi, bundan sonra onun hüquqi varisi olaraq başqa məhkəmə iclaslarında iştirak etdiyini bildirmiş, bu səbəbdən məhkəməyə gec müraciət etdiyini qeyd etmişdir. İddiaçı qardaşının vəfat etməsi və onun hüquqi varisi oalraq başqa məhkəmə işində iştirak etməsini qeyd etsə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının gətirdiyi arqument hazırkı iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi üçün əsas deyil. Beləliklə, müddətin ötürülməsində hər hansı üzrlü səbəb aşkar edilmədiyindən, məhkəmə iddiaçının ərizəsini təmin etmədən iddia müddətinin ötürülməsi ilə iddianın verilməsi barədə qətnamə qəbul edilməsini qanunauyğun hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən, rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı – hüquqlarını qoruyaraq iddiaçının iş yerinə bərpa edilməsi, şirkətin iddiaçının işsiz qaldığı aylar üçün tam əmək haqqını ödəməklərinin təmin edilməsi, yaşatdıqları mənəvi əzaba görə əlavə 1.000 manat kompensasiya ödəməklərinin təmin edilmsi, məhkəmə xərclərinin ödənilməsinin təmin edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8567/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8567/2024
09.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver