Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8659/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsinni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, mərhum 29 sentyabr 1937-ci il təvəllüdlü X2 mülkiyyətində olmuş ünvan 1 ünvanı İddiaçı, X3, Cavabdeh və X4 arasında paylara münasib şəkildə ¼ hissəyə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” barədədir, iddiaçı qismində İddiaçı cavabdeh qismində Cavabdeh, maraqlı şəxs qismində 6 saylı Bakı “ASAN” Xidməti göstərilmişdir, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən iddiaçının hazırki tələb ilə notairat orqanına müraciət etməsi və bununla bağlı imtina alması görünmür. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı, X5, X1 ünvanlanmış məktubdan isə miras əmlak olan ünvan 2 ünvanında yerləşən mənzillə bağlı mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarışın təqdim edilməsinin xahiş edildiyi görünür ki, bu da notariat orqanının imtinası kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması ilə bağlı notariat orqanına müraicət etməli, həmin orqan bundan imtina etdikdə isə məhkəməyə müraciət etməli idi, lakin iddiaçı bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən onun icraata qəbul edilərək baxılması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən, iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı eyni məzmunlu tələb ilə əvvəl də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4881/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan eyni əsasla imtina edilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin həmin qərardadı mübahisələndirilməmiş, ondan şikayət verilməmişdir və iddiaçı həmin qərardaddakı tələbləri nəzərə almadan yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar). Belə olan halda məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edildiyindən, İddiaçı ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8659/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8659/2024
25.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver