Məhkəmə qərarları › İş №2(011)-87/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-87/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-87/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Əliyeva X1 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əliyeva X3 Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A, 22 saylı mənzil üzərində olan 1/2 hissədə mülkiyyət payının naturada ayrılması, bu mümkün olmazsa, əmlak üzərində olan 1/2 hissədə mülkiyyət payının dəyərinin Cavabdeh tərəfindən Əliyeva X2 ödənilməsi, mülkiyyət payının dəyəri ödənilmədikdə, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilən pul məbləğinin iddiaçı ilə cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq 1/2 hissədə bölünməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A, 22 saylı mənzil 1/2 hissədə iddiaçının, ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Cavadeh onun oğludur, öz ailəsini də bu mənzilə yerləşdirmişdir. Cavabdeh və ailə üzvləri iddiaçıya paylı mülkiyyətində olan mənzildə yaşamağa imkan vermirlər. Orada cavabdeh və onun ailə üzvləri ilə yaşaya bilmir. Ona görə də öz mülkiyyət payının naturada ayrılmasını istəyir. Mənzilin ümumi sahəsi 75,15 kv.m, yaşayış sahəsi 48,05 kv.m, yardımçı sahəsi 27,1 kv,m və 4 yaşayış otağından ibarətdir. Məhkəmə mühəndis-texniki, tikinti-texniki ekspertizası təyin edilərsə, mübahisəli əmlakın paylara uyğun naturada bölünüb-bölünməməsi müəyyən edilə bilər. Əgər naturada bölgü mümkün olmazsa, digər payçı olan cavabdeh payının dəyərini iddiaçıya ödəyə bilər. Əgər bu da mümkün olmazsa, onda əmlak açıq hərracdan satışa çıxarılmalıdır. Məhkəmə baxışı zamanı iddiaçı Əliyeva X1 nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və işdə olan sübutları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24a, 22 nömrəli mənzil, 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylı mülkiyyətindədir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5590 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24a, 22 nömrəli mənzilin tərəflər arasında 1/2 və 1/2 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvadiq olaraq texniki cəhətdən mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24a, 22 nömrəli mənzil, 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Cavabdehin iddiaçının payının dəyərinin ödənilməsi ilə bağlı təklifi qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin izahatlarlarından müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya məxsus olan payın ödənilməsi üçün maddi imkanların olmadığına istinad edir və qeyd edir ki, tərəflər hal-hazırda birlikdə yaşadıqlarından payların ayrılmasına lüzum yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6. və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı evin 103 saylı mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından və iddiaçı ona məxsus payın satınalınması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehə müraciət etdiyi halda, cavabdeh tərəfindən həmin təklif qəbul edilmədiyindən iddia tələbi təmin edilərək, ümumi mülkiyyətdə olan mənzil açıq hərracdan satılmalı və əldə edilən pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq onlara ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara, o cümlədən proses iştirakçıların izahatlarına və iş materiallarında olan digər sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A, 22 saylı mənzil açıq hərracda satılsın və həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti paylarına mütənasib olaraq 1/2 hissə İddiaçı, 1/2 hissə Cavabdeh ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A, 22 saylı mənzil açıq hərracda satılsın və həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti paylarına mütənasib olaraq 1/2 hissə İddiaçı, 1/2 hissə Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar