Məhkəmə qərarları › İş №2(011)-874/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-874/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-874/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 2, mənzil 5 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx xxxxxx 2015-ci il tarixli, 55 nömrəli Sərəncamdan çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 45 kv.m sahəsi olan 3 otaqlı 5 nömrəli mənzilə kirayə müqaviləsi iddiaçı ilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdən həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Cavabdeh 2015-ci ildən Rusiya Federasiyasına köçərək hazırda orada yaşayır. ünvan 1, mənzil 5-dən qeydiyyatdan çıxacağını bildirməsinə baxmayaraq həmin tarixdən Azərbaycan Respublikasına gəlməmiş və pasport qeydiyyatından çıxmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 2, mənzil 5-dən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1804/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən, ünvan 1 nömrəli evin 3 otaqlı 5-ci mənzilinin kirayə müqaviləsinin iki nəfər ailə tərkibi (özü, Cavabdeh) ilə İddiaçı adına dəyişdirilməsinə dair müvafiq sərəncam qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilir ki, Cavabdeh ünvan 2, mənzil 5-də 2000-ci il tarixdən qeydiyyatdadır. Həmin qərarda müəyyən edilmişdir ki, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 42, mənzil 5 ünvanında qeydiyyatda olan Cavabdeh (etibarnamə üzrə nümayəndə X1) tərəfindən tərtib edilməklə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 2 sayl Asan Xidmət mərkəzi tərəfindən təsdiq edilmiş ərizədən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan AR Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 55 nömrəli Sərəncamdan Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 45 kv.m sahəsi olan 3 otaqlı 5 nömrəli mənzilə kirayə müqaviləsi İddiaçı adına keçirilməsi və ona daimi yaşayış hüququ verilməsi qərara alınmışdır. İş materiallarında olan AR Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTB-nin 101 saylı MKİS-in 723 nömrəli xx.xx.2020-ci il tarixli arayışına əsasən, qonşular tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh xx.xx.2005-ci il tarixdən ünvan 2, mənzil 5-də yaşamır. İş materiallarında olan AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışına əsasən, İddiaçı və Cavabdeh ünvan 2, mənzil 5-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk olaraq, İddiaçı hazırki iddia ilə müraciət etmək hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini irəli sürmək hüququna yalnız o şəxs malikdir ki, onun həmin sahəyə hər hansı bir qanunla qorunan hüququ (mülkiyyət, istifadə və s.) mövcud olsun. Məhkəmə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu araşdıraraq hesab edir ki, mübahisəli mənzilə dair kirayə müqaviləsi iddiaçının adına bağlanılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olması ehtimalına əsaslanaraq, iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx xxxxxx 2015-ci il tarixli qərarında göstırilmişdir: 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. X3 Hüquqları Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki mübahisənin hüququ əsasını təşkil edən “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehin daimi yaşamaq üçün mübahisəli mənzildən 2008-ci ildən köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir iddia əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh ünvan 2, mənzil 5-dən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2, mənzil 5-dən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar