Məhkəmə qərarları › İş №2(011)-8771/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8771/2024

04.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8771/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2 iştirakları ilə, İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, iş üzrə cavabdeh olan Cavabdeh MMC ilə aralarında olan 01 oktyabr 2020-ci il tarixli 890 saylı əmək müqaviləsinin müddətli olmasına dair 2.1-ci bəndinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli, 24-AEXP/K-055 saylı əmri ləğv edilməsi, iddiaçı ilə bağlanan 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməyi və eyni zamanda işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməli olması, mediasiyaya ödənilmiş 61 manatın və vəkilə ödənilmiş 1.000 manat qonararın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 2016-cı il tarixdən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla İnzibati işlər şöbəsinin Təşkilati işlər və sənədlərin qeydiyyatı bölməsinə Ümumi işlər üzrə mütəxəssis vəzifəsinə təyin olunmaqla işə başlamışdır. 10 iyun 2016-cı il tarixli əmrə əsasən “Maliyyə və hesabatlıq departamenti”nin “Hesabatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-də struktur dəyişiklikləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar 14 fevral 2017-ci il tarixli əmrə əsasən “Maliyyə departamenti”nin “Hesablaşmalar şöbəsi”nin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 04 aprel 2018-ci il tarixli əmrə əsasən Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 04 mart 2019-cu il tarixli əmrə əsasən "xxxx" MMC-yə Beynəlxalq və daxili yükdaşımalar üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01 avqust 2019-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (a) bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 10 sentyabr 2019cu il tarixli əmrə əsasən "xxxx" MMC-də Baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. 12 fevral 2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən əsas iş yerindən əlavə iş yerinə keçirilmişdir. 12 fevral 2020-ci il tarixli əmrə əsasən “X10” MMC-yə Beynəlxalq və Daxili yükdaşımalar üzrə Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla Maliyyə Departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Qeyd olunan dövrdən 2022-ci ilin oktyabr ayına qədər həmin şöbədə çalışmış və oktyabr ayında müqavilə növbəti 1 il üçün uzadılmış və törəməsi olduğu "xxxx" QSC-nin rəhbərliyi tərəfindən 13 oktyabr 2022-ci il tarixli “Təşəkkürnamə” ilə təltif edilmiş olsa da, təəssüflər olsun ki, elə həmin aydan başlayaraq işdən öz istəyilə çıxmaq üçün müxtəlif həmlələr edilmişdir. Bu təşəbbüslərin başında yer alan şəxs isə, işlədiyi şöbənin aid olduğu departamentin rəhbəri vəzifəsinə yeni təyin edilmiş X4 idi. öz istəyilə çıxma istəklərini rədd etdiyi üçün ilk olaraq, tutduğu vəzifə və işlədiyi şöbə ilə əlaqəsi olmasa da, həmin dövrdə MMC-nin nəzdində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən X9 icra edilən vaqon təmir xidmətlərinin maya dəyərinin müəyyən edilməsi məqsədi ilə qeyd edilən depoya hər biri 15 gün olmaqla, 2 dəfə ardıcıl olaraq ümumilikdə 1 aylıq müddətə ezam göndərilmişdir. İlk 15 günün sonunda fəaliyyəti barədə heç bir sorğu-sual edilməmiş və bir başa ikinci 15 günlük ezam əmri iddiaçıya təqdim edilmişdir. Sözügedən ezamiyyət üçün Kamal Hüseynli tərəfindən iddiaçıya WhatsApp tətbiqi vastəsi ilə əvvəlcə 45 günlük ezamiyyət barədə əmr təqdim edilmişdir. İddiaçı həmin ezamiyyət xərcini tələb etdikdə isə ona ikinci bir əmr, yəni 15 günlük ezamiyyət barədə əmr təqdim edilmişdir. Bütün ezam müddəti və sonrakı dövrdə orada gördüyü fəaliyyətlə maraqlanılmaması, hər hansı iclas təşkil edilməməsi, heç bir sənəd istənilməməsi ezam göndərişinin sadəcə məqsədyönlü şəkildə təşkil olunduğunu bir daha təsdiq edirdi. Həmin şəxsin bezdiricilik tədbirlərinin iddiaçının fikrini dəyişdirmədiyini gördüyü zaman isə müqavilə üzrə əməkdaşı olduğu şöbədə əyləşməyinə icazə verilməmiş, ezam müddəti bitəndən sonra, yəni 16 dekabr 2022-ci il tarixindən 10 fevral 2023-cü il tarixinə qədər müvəqqəti olaraq Əməliyyat departamenti olan ofis otağında əyləşməyə məcbur edilmişdir. Daha sonra isə həmin dövrdə Daxili Audit şöbəsinin rəhbəri olan Rüfət Əhmədovun təklifi ilə 10 fevral 2023-cü il tarixli əmrə əsasən “Daxili audit” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən etibarən Rüfət Əhmədovla bərabər başladığı audit yoxlamalarında ciddi nöqsanlar aşkarlanmış, xüsusi ilə Kamal Hüseynlinin rəhbəri olduğu departamentdə ciddi uyğunsuzluqlar müəyyən edilmişdir. Vəziyyət belə olduğu zaman Kamal Hüseynli iddiaçıya özünün rəhbərlik etdiyi ADY Konteyner MMC-nin Hesablaşmalar və məlumatların emalı şöbəsinin rəisi vəzifəsini təklif etmiş və iddiaçı təklifi rədd etdiyi zaman isə “mən bu şirkətdə olduğum müddətcə sənə gün üzü göstərməyəcəm” deyərək bir daha öz niyyətini aşkara çıxarmışdır. Həmin dövrdə Kamal Hüseynli MMC-nin direktoru vəzifəsini icra edən Vüqar Mirqasımova təsirlər edərək, audit yoxlamalarına ciddi əngəllər yaratmışdır. Həmin ilin may ayında direktor vəzifəsinə Vüqar Mirqasımovun əvəzinə X3 gətirilmişdir. Onun gəlişindən 1 həftə sonra isə şöbə müdiri Rüfət Əhmədov işdən ayrılmış və Daxili Audit şöbəsində tək fəaliyyət göstərməyə başlamışdır. Lakin əsas problemlər bundan sonra başlamışdır. İlkin olaraq audit fəaliyyəti tamamilə dayandırılmış, heç bir yoxlama etməyinə icazə verilməmiş, daha sonra audit şöbəsinə aid olan ofis otağından çıxmağı və yenə otağı Kamal Hüseynlinin əməkdaşına təhvil verməyi tapşırılmış, iddiaçı üçün isə İctimayətlə əlaqələr şöbəsində yer təşkil edilmişdir. Həmin dövrdə heç bir əsas olmadığı və şirkətdə belə bir qadağanın başqa heç kimə tətbiq edilmədiyi halda köhnə şöbə yoldaşları olan (Kamal Hüseynli tabeliyində olan şöbə) otağa girməməyi üçün direktor Əkbər Mədətli tərəfindən göstəriş verilmiş, daha sonra 2024-cü ilin fevral ayında bütün şirkət əməkdaşlarına maaş artımı olan zaman, bu artım iddiaçıya aid edilməmişdir. Həmin ayın sonunda isə Əkbər Mədətli məni otağına çağıraraq yenə öz istəyilə şirkətdən ayrılmaq tələbi qoymuş, iddiaçı razılaşmadıqda isə çalışma stolunun dəhlizə qoyulması göstərişini vermişdir. Şirkət hüquqşünasının bu hərəkətin başlarını ağrıdacağını bildirməsi ilə bu fikrindən bir neçə gün sonra daşınmışdır. Lakin başqa formada sıxışdırılmalar davam etmişdir. Belə ki, eyni ilin aprel ayının 9-da yenə bütün şirkət əməkdaşlarına illik mükafat verilən zaman, iddiaçının adı siyahıdan çıxarılmışdır. Daha əvvəl mart ayında Daxili Audit şöbəsinə Zaur Baxşəliyev müdir olaraq təyin edilmişdir. Lakin yeni təyinat olduğu üçün aprel ayında olan illik mükafat məsələsinə müdaxilə edə bilməmişdir. Yeni rəhbərinin gəlməsi ilə yenidən audit yoxlamalarına başlanılmış və 6 ay ərzində bir çox yoxlamalar edilərək yenidən Maliyyə departamentində nöqsanlar aşkarlanmışdır. Rəhbərinin olması səbəbindən artıq əvvəlki təzyiqlər davam etdirilməsə də, Baş Maliyyə İnzibatçısı Kamal Hüseynli və direktor Əkbər Mədətli öz məqsədlərini həyata keçirmək üçün müqavilənin bitmə tarixini gözləyirlərmiş. Belə ki, 30 sentyabr 2024-cü il müqavilədə son gün idi və iddiaçı 9-29 sentyabr tarixləri arasında rəsmi məzuniyyətdə olan zaman müqaviləyə xitam veriləcəyi ilə bağlı poçt vasitəsi və ƏMAS sistemi ilə bildiriş göndərilmişdir. Lakin 18-29 Sentyabr tarixləri arasında ölkə xaricində olduğu üçün poçt bildirişini ala bilməmiş, eyni zamanda ölkə sərhədlərindən kənarda ƏMAS sistemi açılmadığı üçün bu bildirişə yiyələnə bilməmişdir. Bildirişlə yalnız 29 sentyabr ölkəyə qayıtdıqdan sonra tanış ola bilmişdir. Təəssüf ki, bu barədə şöbə müdirinə də xəbər verilməmiş və bütün proseslər səssiz və məqsədyönlü şəkildə aparılmışdır. Şöbə müdiri Zaur Baxşəliyev dəfələrlə iddiaçıdan və gördüyü işlərdən razılığın bildirib, işdən çıxarılmamağı üçün təşəbbüs göstərsə də, 30 sentyabr tarixində işə çıxdığı zaman əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilmişdir. 2016-cı ildən etibarən, ümumilikdə 8 il demək olar ki, eyni səhədə, şirkətin əsas fəaliyyət sahəsi olan dəmiryol daşınması və tarif hesablanması sahəsində özünü inkişaf etdirmiş, kariyerasını bu istiqamətdə qurmuş və çalışdığı şirkətə maksimum faydalı olmağa çalışmışdır. Lakin 2022-ci ildən şirkətdə çalışmağa başlamış Kamal Hüseynli və 2023-cü ildən direktor olaraq şirkətə gəlmiş Əkbər Mədətli qurduğu kariyerasını və 10 ilə yaxın biliklərini heçə sayaraq şirkətdə ayrılmağı üçün müxtəlif vasitələrə əl atmışlar. Mütəxəssisi olduğu sahə xüsusi bir sahə olduğu üçün ölkədə bu sahə üzrə çalışılacaq şirkət sayı da məhduddur. İddiaçı isə son 10 ilini bu sahədə yetişmək üçün hədər etmiş və bu səbəbdən öz işindən ayrılmaq heç də asan deyildir. İşdən çıxarılmağı üçün müxtəlif yollara əl atmaqdan qaçınmayan Əkbər Mədətli yuxarı rəhbərliyin də icazəsini almaq üçün iddiaçı haqqında yuxarı rəhbərliyə yalan məlumat verməkdən belə çəkinməmişdir. 30 sentyabr 2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) əmək müqaviləsinə məqsədyönlü şəkildə xitam verilmişdir. Əslində ididaçı 10 ilə yaxın işlədiyi, təcrübə topladığı bir sahədə işləyərkən müddətli əmək müqaviləsi bağlamaq istəməmiş, sadəcə başqa yolu olmadığı üçün bu müqaviləni imza etmək məcburiyyətində qalmışdır. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən “əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanması göstərilməlidir”. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsinin 2-ci bəndindən isə göründüyü kimi nəinki əmək müqaviləsinin müddətli bağlanmasının səbəbləri göstərilməmiş, hətta həmin hissə məqsədli olaraq əmək müqaviləsindən çıxarılmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı 01 aprel 2016-cı il tarixdən Cavabdeh MMC-də 3 ay sınaq müddəti müəyyən olunmaqla sıravi bir işdən böyük mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir və bu sahədə ixtisaslaşmışdır. İddiaçı bu müddət ərzində Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkətlərində işləmiş və işəgötürənlərin məsləhəti ilə bir işdən-başqa işə və ya bir şirkətdən başqa bir şirkətə keçirilmişdir, lakin təəssüflər olsun ki, bütün bunlar rəhbər şəxslərin göstərişi əsasında iddiaçının əmək müqaviləsinə xitam verilməsi və sonra yenidən əmək müqaviləsi bağlanılması yolu ilə baş vermişdir. Sonuncu iş yeri olan Cavabdeh MMC-də 30 sentyabr 2020-ci il tarixli əmrə əsasən yenidən 3 ay sınaq müddəti müəyyən olunmaqla Maliyyə Departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin olunmağı barədə bir illik-müddətli əmək müqaviləsi bağlanmış və hər il müddət başa çatdığına görə əmək müqaviləsinin müddəti eyni müddətə yenidən uzadılmışdır (müddətli əmək müqaviləsi bir işçi olaraq iddiaçı tərəfindən imzalansa da, bütün bunlar işəgötürənin təhriki ilə baş vermiş və iddiaçının başqa çıxış yolu olmamışdır). Göründüyü kimi işəgötürən Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olmasının bəlli olmasına baxmayaraq iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsində hansı səbəbdən müddətli əmək müqaviləsinin bağlanması göstərilməmişdir. Bu əmək müqaviləsi isə yuxarıda qeyd edilmiş qanunlara əsasən qanuni hesab edilə bilməz. Bu səbəbdən belə hesab edir ki, cavabdehin 30 sentyabr 2024-cü il tarixli, 24-AEXP/K-055 saylı əmri ləğv edilməli, iddiaçı ilə bağlanan 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməlidir və eyni zamanda işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. İddiaçı izahatında bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsi barədə ona məlumat verildikdə, o, bunu ailə üzvlərinə bildirmiş, ailə üzvlərinin köməyi ilə onunla bağlanmış müqavilənin müddəti uzadılmışdır. Məhkəmə iclasında cavabdehin vəkilləri iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər. İşin faktiki halları: İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 aprel 2016-cı il tarixdə Cavabdeh MMC-də İnzibati işlər şöbəsinin Təşkilati işlər və sənədlərin qeydiyyatı bölməsinə Ümumi işlər üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçı 10 iyun 2016-cı il tarixli əmrə əsasən “Maliyyə və hesabatlıq departamenti”nin “Hesabatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı 14 fevral 2017-ci il tarixli əmrə əsasən “Maliyyə departamenti”nin “Hesablaşmalar şöbəsi”nin kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17 dekabr 2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı 04 mart 2019-cu il tarixdən 01 avqust 2019-cu ilədək "xxxx" MMC-də, 10 sentyabr 2019-cu il tarixdən 25 sentyabr 2020-ci ilədək "xxxx" MMC-də çalışmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında 01 oktyabr 2020-ci il tarixdə 890 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh MMC-də “Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi” vəzifəsinə təyin edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmış (2.1-ci bənd), 3 ay sınaq müddəti müyyən edilmiş (2.4-cü bənd), müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, müqavilənin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməsi barədə şərt (2.2-ci bənd) daxil edilmişdir. Daha sonra iddiaçı 10 fevral 2023-cü il tarixli əmrə əsasən “Daxili audit” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı çalışdığı Maliyyə departamentinin Hesablaşmalar şöbəsinin böyük mütəxəssisi vəzifəsində öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və əmək funksiyalarının icrasında fərqləndiyinə görə 13 oktyabr 2022-ci il tarixdə təşəkkürnamə elan edilmişdir. Cavabdeh MMC-nin 16 noyabr 2022-ci il tarixli 22-AEXP-616 saylı əmri ilə iddiaçı xidməti fəaliyyətin həyata keçirilməsi məqsədilə 17 noyabr 2022-ci il tarixdən 10 iş günü müddətinə Ələt qəsəbəsində yerləşən Şərq vaqon deposuna ezam olunmuş, işəgötürənin 29 noyabr 2022-ci il tarixli əmri ilə İddiaçı ezamiyyəti 15 dekabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 30 sentyabr 2024-cü il tarixli 24-AEXP/K- 055 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin bitməsi) bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin idarədə işləmiş X1 şahid qismində dindirilməsini xahiş etmiş, cavabdehin vəkilləri X1 Cavabdeh MMC-yə qarşı iddiasının olduğunu bildirmiş və bu səbəbdən həmin şəxsin şahid qismində dindirilməsinə etiraz etmişlər. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsinə görə Vəkil1 1.000 manat vəsait ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddəsinin İİİ hissəsinə əsasən, heç kəs zorla işlədilə bilməz. 35-ci maddəsinin İV hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35-ci maddəsinin V hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 5-ci bəndinə əsasə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinin pozulmasına istinad edərək tərəflər arasında bağlanmış əmək müqaviləsinin müvafiq bəndinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası olaraq işəgötürənin ona münasibətdə qərəzli mövqedə olmasını, onun əmək funksiyalarını həyata keçirməsinə maneələrin yaradılmasını, müqavilənin müddətli bağlanmasına razılıq versə də bunu işəgötürəndən asılı vəziyyətdə olması ilə əsaslandıraraq iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırkı iş üzrə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin pozulubpozulmadığı halını araşdırarkən belə qənaətə gəlmişdir ki, iş üzrə həmin maddənin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı onun tutduğu vəzifəsinə uyğun olaraq onunla müqavilənin müddətsiz bağlanmalı olduğunu göstərsə də 2020-ci ildən halhazıradək müqavilənin bu bəndini hər hansı aidiyyəti quruma müraciət etməklə mübahisələndirməmişdir. İşin araşdırılması zamanı iddiaçı verdiyi izahatda göstərmişdir ki, onunla 2020-ci ildə bağlanan müqavilənin müddətinin bundan əvvəlki dövr (2022-2023) üçün bitməsinə az qalmış vaxtda ona cavabdeh tərəfindən müqavilənin növbəti müddətə uzadılmaması ilə bağlı fikri bildirilən zaman iddiaçı qohum və tanışları vasitəsilə cavabdeh təşkilatın fikrinin dəyişməsinə nail olduğunu və nəticə olaraq onunla müqavilənin bir il daha uzadılmasını bildirmişdir. Hazırkı halda məhkəmə tərəflərin bərabər olmaması, yəni iddiaçının əlverişsiz vəziyyətdə olmasına dair dəlilini əsaslı hesab etmir. Belə ki, işin görünən halı ondan ibarətdir ki, işəgötürən kənar şəxslərin təsiri nəticəsində işçi ilə müqavilə müddətini uzatmaq qərarına gəlmişdir və iddiaçı da özü könüllü olaraq istinad olunan müqavilənin şərtləri ilə razılaşmışdır. Beləliklə, iddiaçı hər hansı təsir altında qalmadan öz iradəsi ilə müqavilənin eyni şərtlərlə uzadılmasına razılıq vermişdir. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı hər hansı quruma müraciət etməmişdir. Odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi digər dəlilləri məhkəmə əsassız hesab edir və tərəflər arasında bağlanmış əmək müqaviləsinin bəndinin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş halları aşkar etmədiyindən iddianı bu hissədə əsassız sayır. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, nə qədər ki, əmr qanunla müəyyən edilmiş qaydada tərtib edilmişdir, onun ləğvi üçün əsas yoxdur. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə iddia tələbi törəmədir. Nə qədər ki, əsas iddia tələbi təmin edilməmişdir, törəmə tələblər də təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 61 manat mediasiya xərci və hüquqi yardım üçün 1.000 manat vəsait ödəmişdir. İddia tələbi rədd edildiyindən, məhkəmə hesab edir ki, çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı – iş üzrə cavabdeh olan Cavabdeh MMC ilə aralarında olan 01 oktyabr 2020-ci il tarixli 890 saylı əmək müqaviləsinin müddətli olmasına dair 2.1-ci bəndinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli, 24-AEXP/K-055 saylı əmri ləğv edilməsi, iddiaçı ilə bağlanan 01 oktyabr 2020-ci il tarixli, 890 saylı əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməyi və eyni zamanda işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməli olması, mediasiyaya ödənilmiş 61 manatın və vəkilə ödənilmiş 1.000 manat qonararın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar