Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-878/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi, aliment öhdəliyinə xitam verilməsi və aliment tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflərin birgə nikahlarından iki övladları – xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3235/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqların cavabdehin (ananın) yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2451/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı “alimentin artırılması” barədə iddiası təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin (175 manat) məbləği artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər 220 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir.
4. 2023-cü ilin sentyabr ayının sonundan yetkinlik yaşına çatmayan Zeynalabdin İsmayılov qardaşı Aydın İsmayılovla birlikdə kirayədə yaşayır.
5. Cavabdeh "xxxx" MMC-də satış üzrə agent vəzifəsində işləyir və aylıq əmək haqqı 430 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 onun yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat alimentin tutulması və ondan tutuıaraq anaya (cavabdehə) verilən alimentə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından iki övladları döğulmuşdur. Nikahları məhkəmə qaydasındapozulduqdan sonra uşaqlar cavabdehin himayəsinə verilmiş və onların saxlanması üşün ondan aliment tutulmuş və sonradan aliment məhkəmə qətnaməsi ilə artıeılmış, sonuncu dəfə isə Zeynalabdin İsmayılovun saxlanması üçün xx.xx.2023-cü il tarixli qətnamə ilə ondan 220 manat aliement tutulmuşdur. Övladlarının hər ikisi əvvəllər cavabdehin himayəsində olsa da, hazırda onlar, o cümldən kiçik oğlu Zeynalabdin onunladır. xx.xx.2023-cü il tarixdən Zeynalabdin onun himayəsində yaşayır, bütün aylıq xərclərini o qaşılayır. Ona görə də, Zeynalabdin onun himayəsinə verilməlidir. Cavabdeh ödənilən alimenti uşaqlara xəcləməyib, uşaqları yeni aldığı evdə pasport qeydiyyatına almayıb, uşaqlara baxmayıb, valideynlik vəzifələrini yerinə yetirməyib.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, uşaqlara kirayə ev tapıb, orada yaşayırlar, kirayə haqqını da özü ödəyir. Kiçik oğlu onun himayəsində olduğu halda, onun xərclərini çəkdiyi halda ondan aliment tutulmamalıdır.
8. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddiaçı onları evdən çıxardıqdan sonra ipoteka ilə ev alıb uşaqlarla orada yaşamağa başladı. Mehriban yaşayırdılar və uşaqlar onun yanında çox xoşbəxt idilər. İcazə verdikdən sonra 1 ay ərzində uşaqlarla barışdı, sonra bu məsələlər başladı. O, yenə də uşaqlara yemək bişirib göndərir. Uşaqlar 70 manatlıq evdə kirayədə yaşayırlar, içki içirlər. Kiçik oğlu deyir ki, atasının xeyrinə aliment tutulduqdan sonra yenə də evə qayıdacaq. Uşaqları özü yaşadığı evə aparırsa, ona kiçik oğlunun yetkinlik yaşına çatanadək aliment ödəməyə razıdır. Uşaqlarını atmayıb, onları yenı də istəyir. İddiaçı ilə 16 illik evliliyini onun narkotikdən istifadə etdiyinə görə bitirib. Təəssüf ki, sübutları yoxdur. Uşaqlar əvvəlki kirayədə yaşadığı evdən çıxıblar, yenidən kirayə ev tutub orada yaşayırlar. Kirayə haqqının yarısını da o ödəyib. Kiçik oğlu bir müddət gecə bərbərxanada yatıb.
9. Məhkəmə iclasında fikri dinlənilən (həm xx.xx.2024-cü il tarixdə, həm də xx.xx.2024-cü il tarixdə) Zeynalabdin İsmayılov bildirdi ki, qardaşı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində kirayədə yaşayır. Bakı Qida Sənayesi Kollecinin 3-cü kurs tələbəsidir. 2023-cü ilin sentyabr ayının 27-dən sonra anasının yanından gedərək qardaşı ilə birlikdə yaşayır. Getməsi anası ilə aralarında alimentlə bağlı problemdən irəli gəlmişdir. Anası ilə birlikdə yaşayan vaxtlardan, 15 yaşından özü restoranda ofisiant işləyib, pul qazanıb, xərclərin də özü ödəmişdir. Bir müddət əvvəl işi zəif olduğu üçün anasından pul alırdı. Bəzi vaxtlar anası pul vermirdi. Bundan başqa, qardaşı hərbi xidmətdən qayıtdıqdan sonra anası ilə aralarında mübahisə olmuşdur və anası qardaşını 3-4 dəfə evdən qovmuşdu. Sonradan o, qardaşı ilə anasını barışdırsa da, 2023-cü ilin sentyabr ayında anası qardaşını yenidən qovmuşdur. Aliment alan vaxt anası qardaşı ilə mehriban olsa da, hərbi xidmətdən qayıtdıqdan sonra onu bir neçə dəfə evdən qovmasını gördükdə, fikirləşdi ki, aliment dayanandan sonra anası ona da eyni münasibəti göstərəcək, ona görə də evdən getdi. Anasının yanına qayıtmaq istəmir, atasının himayəsində yaşamaq istəyir.
10. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında yenidən fikri dinlənilən Zeynalabdin İsmayılov bildirdi ki, hazırda qardaşı ilə yeni kirayə tutduqları evdə yaşayırlar. Əvvəl kirayədə yaşadıqları evin kirayəçisi ilə mübahisələri olduğu üçün həmin evdən çıxdıqdan sonra bir neçə gün kirayə ev axtardılar və bu zaman bir gecə bərbərxanada qaldı. Atası və babasıgil uzaqda yaşadıqları üçün onlara gedə bilməmişlər. İndi qardaşı da işləyir. Yeni qaldıqları evin kirayə haqqının yarısını atası, yarısını da bildiyinə görə qardaşı verdi. Əvvəlki fikrində yenə qalır. Anasının yanına qətiyyən qayıtmaq istəmir. Çünki 9 aydır anasının yanından gedib, lakin bu müddət ərzində anası onunla bir dəfə də olsun əlaqə saxlamayıb, nə yeyir, nə içir, bir dəfə olsun maraqlanmayıb. Hələ də onun telefon zənglərinə məhdudiyyət qoyub.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi
11. Maddə 60.3 Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
12. Maddə 60.4 Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir.
13. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 76.1.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə tərəflərin izahatını dinləyərək, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflərin nikahı xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, uşaqların saxlanması üçün aliment tutulmuşdur. Aydın İsmayılov yetkinlik yaşına çatdığından sonrakı qətnamələrlə yalnız Zeynalabdin İsmayılovun saxlanması üçün müəyyən edilmiş alimentin məbləği artırılmış, xx.xx.2023-cü il tarixdə isə o, cavabdehlə (anası) birlikdə yaşadığı evdən birdəfəlik gedərək qardaşı ilə yaşamağa başlamışdır.
23. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həll edilməsi baxımından ilk növbədə, yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafelərinin daha üstün olması, uşağın hansı valideynə daha çox bağlı olması, onun fikri, valideynlərin uşaqla münasibətləri, uşağın mənzil şəraiti ilə bağlı olan hallar araşdırılmalıdır.
24. Məhkəmə işin araşdırılması nəticsində belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan Zeynalabdin İsmayılovun atasının himayəsinə verilməsi onun mənafeyinə daha çox uyğundur. Belə ki, Zeynalabdin İsmayılovun fikri məhkəmədə iki dəfə dinlənildi və o, israrla atasının himayəsində qalmaq istədiyini, anası ilə yaşamaq istəmədiyini bildirdi. O, anasının yanına qayıtmamağını böyük qardaşına görə tutulan alimentin müddəti bitdikdən sonra anasının qardaşını evdən qovması ilə bağlı hadisə ilə gələcəkdə o da qarşılacağı ilə izah etdi.
25. Məhkəmə iclasında fikri dinlənilərkən Zeynalabdin İsmayılov anasının yanıda yaşamaq istəmədiyini, evdən getdikdən sonra 3 ay müddətində anasının onunla maraqlanmadığını, hətta onun telefon zəngəlrini bağladığını bildirdi. Ailə Məcəlləsinin 52ci maddəsində də göstərilir ki, maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
26. Məhkəmə Zeynalabdin İsmayılovun fikirlərini nəzərə alır və hesab edir ki, o yetkinlik yaşına çatanadək atasının himayəsində qalmalıdır. Zeynalabdin İsmayılovun yetkinlik yaşına çatanadək atasının himayəsində qalması da onun mənafeyinə zidd deyil, məhkəmə araşdırması zamanı bununla bağlı hallar müəyyən edilməmişdir. Həm də Zeynalabdin İsmayılov məhkəmədə bildirmişdir ki, hələ anası birlikdə yaşadığı vaxtlardan işləyərək öz xərclərini təmin edib. Hazırda da yeməyini özü hazırlayır, paltarlarını yumağı və s. işləri də yerinə yetirməyi bacarır.
27. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2024-cü il tarixli rəyində Zeynalabdin İsmayılovun anasının (cavabdehin) yanında saxlanılması nəticəsinə gəlsə də, məhkəmə hesab edir ki, Komissiyanın rəyi Zeynalabdin İsmayılovun mənafeyinə uyğun deyil, ərizə verməsinə baxmayaraq Komissiya onun fikrini nəzərə almamış, gəldiyi nəticənin əsaslılığını daha çox tərəflərin mənzil-məişət şəraitinin vəziyyəti üzərində qurmuşdur. Halbuki, bu zaman Zeynalabdin İsmayılovun yaşı, bundan irəli gələrək onun fikri daha üstün nəzərə alınmalıdır.
28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
29. Beləliklə, şərh edilənlərə əsasən, eləcə də, Zeynalabdin İsmayılovun atasının (iddiaçının) himayəsində saxlanılmasını istəməsini, onun atasına çox bağlı olmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflərin yetkinlik yaşına çatmayan övladları Zeynalabdin İsmayılov yetkinlik yaşına çatanadək atasının himayəsində saxlanılmalıdır.
30. Məhkəmə hesab edir ki, alimentin tutulması hissəsində iddia qismən təmin edilməlidir. İşin faktiki halları ilə də müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-də satış üzrə agent vəzifəsində işləyir və aylıq əmək haqqı 430 manat təşkil edir. AR Ailə Məcəlləsinin 76.1-ci maddəsinin müəyyən etdiyi imperativ qaydaya əsasən alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadıqda, birinci növbədə aliment uşaqdan ayrı yaşayan valideynin qazancından və ya başqa gəlirlərindən, uşaqların sayından asılı olaraq, hissəvi tutulur.
31. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
32. Məhkəmə həm hər iki valideynin uşağın saxlanmasına görə bərabər məsiliyyət daşıdığını, həm cavabdehin maddi vəziyyətini, həm də yetkinlik yaşına çatmayan Zeynalabdin İsmayılovun yaşını nəzərə alaraq hesab edir ki, onun saxlanılması üçün tutulan aliment cavabdehin qazancının (vəya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməlidir.
33. Alimentin cavabdehdən tutulması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.
34. Məhkəmə iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentə xitam verilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan Zeynalabdin İsmayılov xx.xx.2023-cü il tarixdən cavabdehin-anasının yanından çıxıb getmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə aliment ödəmək öhdəliyi aradan qalxmışdır. Çünki, aliment yetkinlik yaşna çatmayan uşağın saxlanması məqsədilə uşaq yanında saxlanılan valideynə verilən vəsaitdir. Odur ki, yetkinlik yaşına çatmayan Zeynalabdin İsmayılov saxlanması üçün iddiaçının aliment öhdəliyinə xx.xx.2023-cü il tarixdən xitam verilməlidir
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası İddiaçı himayəsində saxlanılsın. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2451/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə tutulan aliment öhdəliyinə xx.xx.2023-cü il tarixdən xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı