Məhkəmə qərarları › İş №2(011)-8800/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8800/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8800/2025 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi X1, cavabdehin nümayndəsi Hikmet Yigitdölün iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A-2 blokunun 8-ci mərtəbəsində, 22 saylı mənzilə sahiblik və istfadə hüquqlarının tanınması, mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A-2 blokunun 8-ci mərtəbə, 22 saylı mənzilin 1 m2 üçün 850 manat olmaqla, ümumilikdə 103700 manat ödəməklə almışdır. xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən sözügedən mənzil üçün tam ödəniş etmiş və həmin mənzilə dair heç bir borcu yoxdur. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın tikintisi başa çatmasına baxmayaraq iddiaçının mənzili ona təhvil verilməmişdir. Dəfələrlə Cavabdeh MMC-nin rəhbəri Hikmət Yigitgölə mənzilin təhvil verilməsi üçün müraciət etməsinə baxmayaraq mənzilin təhvil verilməsindən boyun qaçırmışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Hikmet Yigitdöl iddiya etiraz edərək, iddia ərizəsində qeyd edilən mənzilin tamamilə başqa şəxsə satıldığını və həmin mənzilin digər şəxsə verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, iddiaçıya başqa mənzillər verilmişdir, mübahisəli mənzil isə iddiaçıya satılmamışdır və iddiaçının həmin mənzilə dair maliyyə arayışı yoxdur. Təqdim edilən sənəd maliyyə arayışı deyil, üstəlik həmin sənəddə mərtəbə və mənzil nömrəsi qaralandığı üçün ümumiyyətlə, mötəbər sübut kimi qəbul edilə bilməz Bundan başqa, iddia müddəti də ötürülmüşdür, əgər tələb olunan mənzil həqiqətən iddiaçıya satılmış olsa idi, mənzilin təhvil verilməsi üçün 20 il sonra iddia qaldırmaz, ona satılan digər mənzillərlə bağlı məhkəmə mübahisəsi olan zaman bu mənzili də tələb edərdi. Ümumiyyətlə, A2 blokunda 8-ci mərtəbədə 22 saylı mənzil yoxdur, A2 blokunda 22 saylı mənzil tamamilə başqa mərtəbədədir və Ali Məhkəmənin qərarı ilə başqa şəxsə verilmişdir. İş materiallarında olan: xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A-2 blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.metr təşkil edən yaşayış sahəsini tam dəyərini ödədikdən sonra payçı İddiaçı verməyi, payçı isə yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Şəxsi vərəqədən görünür ki, İddiaçı 8-ci mərtəbədə 22 saylı mənzilin dəyərini ödəmişdir. Şəxsi vərəqədəki mərtəbə və mənzil nömrəsini göstərən rəqəmlərin qaralandığı və üzərində sonradan dəyişiklik edildiyi görünür. 4/748 saylı, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, xx.xx.2006-ci il tarixli şəxsi vərəqədəki mərtəbə nömrəsindəki “8” rəqəmi və mənzil nömrəsindəki “2” rəqəmi yararsız olduğundan tədqiqat aparılmamışdır. Ali Məhkəmənin 2(102)-4158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-758/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A2 blokunda, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 122 kv.metr olan 3 otaqlı, 22 saylı mənzilin X2 təhvil verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (xx.xx.2017-ci il tarixədək qüvvədə olan). 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarı: ...Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... ... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər... Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A2 blokunun 8-ci mərtəbəsində, 22 saylı mənzilə sahiblik və istfadə hüquqlarının tanınması, mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının mənzilə köçürülməsi barədə tələblərini Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə və eyni tarixli şəxsi vərəqəyə əsasən mənzilin dəyərinin tam ödənilməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsi olmuş, müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A2 blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.metr təşkil edən yaşayış sahəsini tam dəyərini ödədikdən sonra payçı İddiaçı verməyi, payçı isə yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilən və müqavilə bağlanan zaman qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən müəyyən olunur ki, mənzilə pay haqqı tam ödənildiyi hallarda payçı mənzilə mülkiyyət hüququ əldə etmiş olar ki, bu zaman onun mənzillə bağlı tələblərinə MM-nin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti təbiq edilməyə bilər. Lakin, hazırki halda məhkəmə iş üzrə sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mənzilin pay haqqının ödənilməsi sübut olunmadığından, onun həmin mənzilə mülkiyyət hüququ yaranmamışdır. Belə olan halda, tərəflər arasında olan münasibətlər Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, kooperativlə payçı arasında olan podrat müqaviləsindən yaranan öhdəlik münasibətləri olmuşdur. İddia ərizəsinin məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olduğu, podrat müqaviləsinin 2007-ci ildə bağlanıldığı, müqavilənin 2.1-ci bəndində icra müddətinin 20 ay müəyyələşdirildiyi nəzərə alındığında, iddiaçının həmin müqavilədən yaranan tələblər üzrə iddia müddətini ötürdüyü görünür. İddiaçı tərəfindən müqavilədə qeyd edilən mənzilin pay haqqının ödənilməsinin sübut olunmadığını məhkəmə aşağıdakılara əsasən müəyyən edir. İlk növbədə, iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təqdim edilməmişdir. Digər tərəfdən, mənzilin pay haqqının ödənilməsinin sübutu kimi təqdim edilən şəxsi vərəqədə mərtəbə və mənzil nömrəsini göstərən rəqəmlərin qaralandığı və üzərində sonradan dəyişiklik edildiyi aşkar görünür. Tərəflər arasında daha əvvəl məhkəmənin icraatında olmuş və iddiaçı tərəfindən iddia ərizəsi geri götürüldüyü üçün baxılmamış saxlanılan eyni tələblə bağlı mülki iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2006-ci il tarixli şəxsi vərəqədəki mərtəbə nömrəsindəki “8” rəqəmi və mənzil nömrəsindəki “2” rəqəmi yararsız olduğundan tədqiqat aparılmamışdır. Göründüyü kimi, şəxsi vərəqədə mərtəbə və mənzil nömrəsini göstərən rəqəmlərin üzərində sonradan dəyişiklik edildiyi ekspert rəyi ilə də sübut olunmuşdur. Bundan başqa, şəxsi vərəqədə dəyəri ödənilən 22 saylı mənzilin ümumiyyətlə, hansı blokda yerləşdiyi qeyd edilməmişdir. Halbuki, müqavilədə iddiaçıya təhvil verilməli olan mənzilin A2 blokunda yerləşməsi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi A2 blokunda 8-ci mərtəbədə 22 saylı mənzilin olmadığını, A2 blokunda 22 saylı mənzilin tamamilə başqa mərtəbədə yerləşdiyini və həmin mənzilin qüvvədə olan Ali Məhkəmənin qərarı ilə başqa şəxsin qanuni sahibliyində olduğunu qeyd etmişdir. Həqiqətən də, Ali Məhkəmənin 2(102)-4158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh MTK tərəfindən tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A2 blokunda, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 122 kv.metr olan 3 otaqlı, 22 saylı mənzilin X2 təhvil verilməsi qərara alınmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iş materiallarında olan şəxsi vərəqə tərəflər arsında bağlanmış xx.xx.2006-ci il tarixli müqavilə üzrə mənzilin pay haqqının ödənilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilənləri ümumiləşdirərək, məhkəmə mənzilin dəyərinin ödənilməsinin sübut olunmadığını, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə iddiaçının iddia müddətini ötürdüyünü və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar