Məhkəmə qərarları › İş №2(011)-882/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-882/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-882/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə əsas borc üzrə 24298,05 manat, 22 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 6728,52 manat, cəmi 31026,57 manat kredit borcunun, 183,10 manat məbləğində dövlət rüsumunun və 40 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 31249,67 manatın tutulması, ipotekaqoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Bundan sonra - Fərdi yaşayış evi) tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 31249,67 manat məbləğində borcun ödənilməsi, ipotekaqoyan Cavabdeh2 məxsus Fərdi yaşayış evinin məcburi boşaldılması barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə 1**-MF-***1689/KM saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 25 000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödəniş 980,82 (sonuncu ay üzrə 996,44) manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2020-cu il tarixdə ******* saylı və ******* saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. Cavabdeh1 tərəfindən müqavilə üzrə borc qismən ödənilmişdir. Fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 1**-MF-***1689/İM saylı ipoteka müqaviləyə əsasən ipotekaya qoyulmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona illik 24% olmaqla, 25000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 məxsus Fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X1 və Cavabdeh3 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüş və onlarla Bank arasında 18 mart 2020-ci il tarixli, ******* saylı və ******* saylı Zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka əsas borc üzrə 24298.05 manat, 22 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 6728.52 manat, cəmi 31026.57 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı zamanı izahat verərək iddia tələbini qəbul etdiyini bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə Kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri və Cavabdeh2 məxsus Fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 sonuncu dəfə banka xx.xx.2021-ci il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyini pozduğundan və müqavilə üzrə ödənişləri qismən etdiyindən, bununla da, həmin müqavilənin qüvvədə qalmasına zərurət olmadığından, habelə müqavilənin ləğv edilməsi tələbini iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da Cavabdeh1 xx.xx.2021-ci il tarixə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 24298,05 manat əsas borcu, 6728,52 manat faiz borcu olmaqla, cəmi 31026,57 manat məbləğində borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2022-ci il tarixli, 9/1428 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 iddiaçıya 6534,99 manat məbləğində faiz borcu vardır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 aid hissədə araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, pul öhdəliyi isə icra edilmədiyindən, onlar iş üzrə Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş Fərdi yaşayış evinə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun və digər xərclərin ödənilməsi və Fərdi yaşayış evinin məcburi boşaldılmasına dair hissəsələrini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır (Qanunun 34.1.1-ci və 34.1.3-cü maddəsi). Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin yaşayış sahəsinin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Fərdi yaşayış evinin likvid dəyəri isə 170 000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus Fərdi yaşayış evinin likvid dəyəri 170.000 manat, bazar qiyməti isə 200 000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılması tələb etməkdə də haqlıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada alınaraq bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı iddiaçıya qaytarılmalı, 100 manat ekspertiza xərci dövlət büdcəsinə, 250 manat Fərdi yaşayış evinin qiymətləndirmə xərci isə "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə "xxxx" MMC tərəfindən Fərdi yaşayış evinin qiymətləndirmə xərcinin 450 manat müəyyən edilməsini ağlabatan hesab etmir, belə ki, xərcin həmin məbləğdə hesablanması üçün meyarlar rəydə göstərilməmişdir. Ona görə də, məhkəmə qiymətləndirmə xərcinin 250 manat tutulmasını daha ağlabatan hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1**-MF- ***1689/KM saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 24298,05 manat əsas, 6534,99 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı və 183,10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31056,14 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 170.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan 31056,14 manat məbləğində pul ödənilsin, ünvan 1 ünvanında yerləşən yaşayış evi satıldıqdan sonra bir ay ərzində məcburi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilməsi üçün hesablanmış 250 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar