Məhkəmə qərarları › İş №2(011)-885/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-885/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-885/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Üçüncü şəxs Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əşyaları ilə birgə onun mülkiyyətində olan, Xətai rayonu, keçid 830, 35 nömrəli evin 199 nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili R.R.Rəhimov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı uzun müddət müharibə iştirakçısı olmuş, bu iştirakdan da nailiyyətləri vardır, müharibədən bir neçə il sonra o Bakı şəhərinə işləməyə gəlmişdir, qalmağa yeri olmadığından aidiyyatı qurumlara müraciət etmiş, daha sonra onu çağıraraq ünvan 1 ünvanında yerləşən 10.5 kv.m. olan 199 saylı otağı ona komendant tərəfindən verildi. Həmin otaq çox kiçik olduğundan çox yaşaya bilməmiş və işi ilə əlaqdar bir müddətlik rayona köçmüşdür. Rayondan qayıtdıkdan sonra o həmin otağa baxmağa getmiş və həmin otaqda ona aid olmayan əşyalar olduğunu görmüşdür. Buna baxmayaraq həmin otaqda heç kim yaşamırdı. Qonşuların və MKİS-nin verdiyi məlumata görə komendant tərəfindən Tairə adlı qadına kirayə vermişdir. Cavabdeh əşyalarını bura yığıb özü isə 2-3 aydan bir gəlib gedir. Hal-hazırda həmin otağa verilən su və işıq sayğaclarından uzun müddət istiadə olunmadığından, dayandırılıb. Daha sonra iddiaçı kirayə müqaviləsinin bağlanması üçün Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Onun müraciəti əsasında həmin otağa dair onunla kirayə müqaviləsi bağlanılması üçün sərəncam verildi. Toplanmış sənədlərlə o müraciət edərək həmin otağa dair çıxarış almışdır. Sonda R.R. Rəhimov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Ş.T.Məmmədzadə izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, 35 saylı evin, yaşayış sahəsi 10,5 kv.metr olan 1 otaqlı 199 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 143 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Hazırda həmin mənzildə cavabdehə məxsus əşyalar vardır və cavabdeh arabir gələrək həmin mənzildən istifadə edir. Sonda Ş.T.Məmmədzadə qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22.02.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili R.R.Rəhimov ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, ev 35, 199 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətləri Departamentinin 38 nömrəli orderinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, ev 35, 199 nömrəli sahəsi 12 kv.m. olan mənzildə İddiaçı yaşayır. Ailə tərkibi bir nəfərdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 28.12.2018-ci il tarixli 102/4 saylı Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, 35 saylı evin, 199 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında Sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, 35 saylı evin, yaşayış sahəsi 10,5 kv.metr olan 1 otaqlı 199 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 143 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 830-cu keçid, ev 35, 199 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur, cavabdeh mülkiyyətçinin ailə üzvü deyildir, mübahisəli mənzil hazırda cavabdehin ixtiyarındadır. Bununla belə, cavabdehin həmin mənzilə mülkiyyət hüququ, o cümlədən ona istifadə hüququnun yaranmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, nəticə etibarilə cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından, iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X5 əşyaları ilə birgə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1, 199 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X5 əşyaları ilə birgə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1, 199 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar