Məhkəmə qərarları › İş №2(011)-8993/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8993/2025

10.02.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8993/2025 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Kazımova Aysel Qədir qızının katibliyi Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983 təvəllüdlü X2 (FİN: 23XETFF) ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu xx.xx.1983 təvəllüdlü X5, FİN: 23XETFF 2008-ci ildə evdən gedərək bir daha geri qayıtmamışdır. Sonradan əldə edilmiş məlumatlara görə və özünün telefon vasitəsilə bildirdiyinə görə, o, dini qruplaşmalar tərkibində Azərbaycan Respublikasını qeyri rəsmi yollarla tərk edərək, Əfqanıstanda gedən döyüşlərə qoşulmuşdur. 2008-ci ildən bu yana onun barəsində heç bir məlumat yoxdur və olduğu yer də məlum deyil. AR Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Qanunun tələbinə əsasən aşağıdakılar izah olunur: Ərizəçiyə məxsus daşınmaz əmlakın satılması üçün ölmüş ehtimal olunan şəxsin qeydiyyatdan çıxarılması zərurəti vardır. X5 qeyri qanuni yollarla Azərbaycandan Əfqanıstana getmiş və orda dini qruplaşmaların tərkibində döyüşlərdə iştirak etmişdir. Rəsmi internet mənbələrindən alnımış məlumatlara görə, Əfqanıstanda hərbi əməliyyatların qurtardığı vaxt 31 Avqust 2021 -ci il hesab olunur - ABŞ qoşunlarını çıxarmağı başa çatdırdı və bununla da 2001 -ci ildə başlayan və digər NATO ölkələrinin də qatıldığı müharibənin sonu oldu. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, oğlu subay olmuş, universiteti bitirmiş, əsgərliyini çəkdikdən sonra 2008-ci ildə ölkəni tərk etmişdir, onlara getmə səbəbini deməmişdir, getdikdən bir müddət sonra Əfqanıstandan tanımadıqları bir şəxs zəng edərək, oğlunun öldüyünü məlumat vermişdir, bu vaxta kimi heç bir məlumat, heç bir zəng gəlməmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, bildirdi ki, ərizəçinin oğlu 2008-ci il tarixdə dini təriqətə qoşularaq Əfqanıstana getmiş, daha sonra ailəyə tanımadıqları şəxs zəng vuraraq oğlunun ölməsini bildirmiş, həmin vaxtdan onun barəsində məlumat ala bilməmişlər, hazırda bu hal sənədləşmələr zamanı ərizəçiyə maneçilik yaratdığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, (FİN: 23XETFF) X5 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə anadan olmuş, ana adı qrafasında Ərizəçi, ata adı X6 qrafasında qeyd edilmişdir. İş materiallarında olan ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X5 ünvan 1rəli mənzil ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətidən görünür ki, ünvan 1rəli mənzil Ərizəçi xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın qeydiyyat tarixi xx.xx.2025-ci ildir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 10 mart 1983-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X2 digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır, həmçinin S.A.Qayıbxanovun Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır və Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İnformasiya İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2009-Cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (MTN) İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 -ci, 279.1-ci maddələri ilə başlanılmış 658 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin nəticəsi barədə məlumat DİN-in informasiya sisteminə daxil olmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X1 dəfə xx.xx.2008-ci il tarixdə ölkədən çıxışı olmuş, giriş mövcud olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, S.Qayıbxanova xx.xx.2008-ci il tarixdə AZE 06321170 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və o, ünvan 2 ünvanında qeydiyyata götürülmüşdür, S.Qayıbxanovun məhkumluğunun olubolmaması, eləcə də inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə| məlumat DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X5 barəsində Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində cinayət təqibinin başlanılması və ya inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı bir material daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ərizəçinin həm uzaq qohumu , həmdə yaxın qonşusudur, bir-birilərinə tez-tez gedib-gəliblər, Sadayın çox yaxşı uşaq olduğu, lakin bir müddət sonra dini təriqətə qoşularaq, Əfqanıstana getməsini eşitmişlər, 2000-ci illərdə olub, tarixlər yadında qalmayıb, xeyli vaxt sonra uşağın ölüm xəbərini aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Sadayın bacısıdır, o subay olmuş, 2008-ci il də Əfqanıstana getmiş, getmə səbəbini onlara deməmişdir,getdikdən 3 ay sonra onlara tanımadıqları bir şəxs zəng edərək, onun minaya düşməsi və ya döyüş nəticəsində həlak olaraq ölməsini, gözləməmələrini demişdir, həmin vaxtdan bəri heç bir məlumat almamışdırlar. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2- ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4- cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1- ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2- ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3- cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4- cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312 –ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X1 dəfə xx.xx.2008-ci il tarixdə ölkədən çıxışı olmuş, girişi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, xx.xx.1983-cü il təvəllüdlü X2 ölkəyə qayıtması, yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, hüquqi faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından, ərizə təmin edilərək, xx.xx.1983-cü il təvəllüdlü X5 ölmüş elan edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X5 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü hesab edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 ölümü barədə qeydin aparılması 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar