Məhkəmə qərarları › İş №2(011)-9006/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9006/2023

05.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9006/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh MMC-yə qarşı “audit sənədlərin, məktubun və əmək kitabçasının verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı Cavabdeh MMC-yə qarşı “audit sənədlərin, məktubun və əmək kitabçasının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd edilən müddəalardan da göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında əmək münasibətləri olmuş və iddiaçı hal-hazırda əmək kitabçasının, audit rəyi və digər sənədlərin ona təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı mediasiya prosesində iştirak etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini qeyri-müəyyən ifadə edərək ünvan 1 ünvanında yerləşən “AER” firmasının üzərinə öhdəliklərin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdehə qarşı yönələn tələbi konkret olaraq iddia ərizəsinin xahiş edirəm hissəsində ümumiyyətlə göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Bununla bağlı olaraq iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmək, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İM : İddiaçı Cavabdeh MMC-yə qarşı “audit sənədlərin, məktubun və əmək kitabçasının verilməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. İddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmək hüququ izah olunsun. İddiaçıya eyni zamanda izah edilsin ki, göstərilən qüsurları aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar