Məhkəmə qərarları › İş №2(011)-906/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-906/2024

06.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-906/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh İB qarşı işəgötürənin xx.xx.2023-cü il tarixli aktın qanunsuz və etibarsız hesab edilməsi, Birliyin BRQİD-nin Baş mühəndisinin xx.xx.2023-cü il tarixli 14-2- 2-3/3-11-5111/2-23 saylı təqdimatının qanunsuz və etibarsız hesab edilməsi, Birliyin Hüquq Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2-24/3-11\2599/2023 saylı xidməti məlumatın qanunsuz və etibarsız hesab edilməsi, Birliyin HİK-nın protokollarının və xx.xx.2023-cü il tarixli 77-04ə saylı qərarının qanunsuz və etibarsız hesab edilməsi, işəgötürənin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmri, xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-364/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/301İ-482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-594 saylı əmri verilmiş intizam tənbehlərinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Cavabdeh İB-də əvvəlki iş yerinə, yəni Birliyin BRQİD-nin Mərkəz rayonları üzrə Texniki İstismar Xidmətinin qaz avadanlığının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri vəzifəsinə bərpa olması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəməyə müraciət edərək bildirmişdir ki, intizam tənbehlərindən tabeçilik qaydasında şikayətlər verməyi və onların verilməsinə əsas olmuş sənədlərlə tanış olmaq istəyi həmin qərarları qəbul edildikdən sonra başlanmışdır. Lakin, bu şikayət və istəkləri heç biri bu günə kimi təmin olunmamışdır. İddiaçının hüquqlarını pozan 1-ci, 2-ci, 3-cü və 4-cü intizam tənbehinin verilməsinə əsas olmuş özünə aid Birliyin, o cümlədən BRQİD-nin vəzifəli şəxslərinin xidməti yazılarının və HİK-nin qərar və protokolları ilə rəsmən tanış ola bilməmişdir. Bu səbəblə də o, Azərbaycan Respublikası 186-cı maddəsinin 2-ci bəndinə əsasən verilmiş İşəgötürənin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı, xx.xx.2023-cu il tarixli 14-2-2/3-İİ-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ- 482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-594 nömrəli əmrlərlə verilmiş intizam tənbehlərindən verdiyi hazırkı şikayətə baxılması üçün Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 130-133-cü maddələrində nəzərdə tutulmuş müddəti üzrlü səbəblər nəticəsində buraxılmış hesab edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiq edilməsi haqqında ərizə ilə müraciət edərək, məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən verilmiş əmrlə işdən azad edilmiş, bundan 8 gün sonra xx.xx.2023-cü il tarixində o mediasiyanın tətbiqi barədə təkliflə mediatora müraciət etmiş, xx.xx.2023-cü il tarixində mediasiya sessiyası tərəflər arasında başa çatmışdır, bundan 27 gün sonra isə xx.xx.2023-cü il tarixində o, iddia icraatı qaydasında işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, İddiaçı işdən azad edildikdən 1 təqdim ayı keçdikdən sonra 35 gün sonra məhkəməyə müraciət etmiş, bununla da o, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Daha sonra Cavabdeh İB-nin nümayəndəsi yenidən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin üzrlü olmayan səbəblərdən ötürüldüyünü, işəgötürən cavabdeh hüquqi şəxs tərəfindən iddiaçı barəsində verilmiş əmrlərin iddiaçı tərəfindən bu günə kimi mübahisələndirilmədiyni və ləğv edilmədiyini nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2015-cü il tarixli 1001 nömrəli əmək müqaviləsinə əsasən sonuncu işçi Birliyin Bakı X5 Departamentinin Qaradağ rayonu üzrə Texniki istismar xidmətinə əsas 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsində xx.xx.2016-cı il tarixində dəyişiklik edilərək, işçinin vəzifəsi Birliyin Bakı X5 Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə əsas 5-ci dərəcəli qaz avadanlıqların təmiri və istismarı üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-364/2023 nömrəli Əmrə əsasən əmək funksiyasının layiqincə yerinə yetirmədiyinə görə Birliyin Bakı X5 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir. Cavabdeh İB-nin “İntizam tənbehi verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 14-2- 2/3-1İ-482/2023 nömrəli Əmrə əsasən əmək funksiyasının layiqincə yerinə yetirmədiyinə görə Birliyin Bakı X5 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh İB-nin “İntizam tənbehi verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 14-2- 2/3-1İ-594/2023 nömrəli Əmrə əsasən əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə Birliyin Bakı X5 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək haqqından ¼ məbləğində cərimə edilmişdir. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-İK-904/2023 saylı əmrinə əsasən işçi İddiaçı ilə bağlanılmış xx.xx.2015-ci il tarixli 1001 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə əsasən əmək funksiyalarını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam təhbehlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması) xitam verilmişdir. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-İK-904/2023 saylı əmrinə əsasən işçi İddiaçı ilə bağlanılmış xx.xx.2015-ci il tarixli 1001 nömrəli əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş Cavabdeh İB-nin müvafiq vəzifəli şəxslərin təqdimat və xidməti yazılarında müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Xidmətin əməkdaşları tərəfindən İddiaçı xidmət etdiyi əraziyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən binanın giriş hissəsində əhali abonentlərini təbii qazla təchiz edən, diametri d89 mm-lik və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qaz sayğacına gələn diametri d76 mm-lik və d57-lik qaz xətlərinin yerlərini özbaşına olaraq dəyişdirmişdir. Bununla əlaqədar hadisə yerində müvafiq qaydada akt tərtib edilmişdir. Bundan əlavə ünvan 3 ünvanında quraşdırılmış G-4 markalı qaz sayğacının İddiaçı tərəfindən qanunsuz olaraq çıxarılaraq, plomblu şəkildə yuxarıda qeyd olunan ünvana quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli 77-04ə nömrəli Qərarından çıxarışdan görünür ki, Bakı Regional Qazın İstismarı Departamentinin Mərkəzi rayonları üzrə Texniki İstismar Xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin BRQİD-nin Mərkəzi TİX-nin rəisi Rauf Qasımov, rəis müavini Xəqani Hüseynov, ustası Cəbi Cabbarov, yeni qazlaşma komissiyasınn üzvü Elxan Əliyev və təmir işləri aparan obyektin iş icraçısı Ramin iştirakı ilə akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-dən daxil olmuş məlumat əsasında Səbail rayonu, ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı məlum oldu ki, binanın giriş hissəsində əhali abonentlərini təbii qazla təchiz edən diametri d89 mm “Sophir City” “MAdo” və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qaz sayğacına gələn diametri d76 mm və d57mm qaz xəttlərinin yeri özbaşına olaraq dəyişdirilmiş və daha sonra “Qaz Təsərrüfatının” TN və Təhlükəsizlik qaydalarının tələbini pozaraq qapalı şəraitə salınmışdır. Qaz xətlərinin yerini dəyişdirən şəxs araşdırılaraq məlum olmuşdur. Belə ki, binanın 1-ci nərtəbəsində qeyri-yaşayış sahəsinin təmiri ilə məşğul olan şəxslər (Ramin: tel:050-356-05-50tel:***-***-**-** telefon əlaqəsi saxlanıldır. Ramin adlı şəxs isə qaz xətlərinin yerinin Cavabdeh İb-nin nümayəndəsi Mehman adlı şəxs tərəfindən dəyişdirildiyini bildirdi. Bundan əlavə araşdırma zamanı G-4 markalı smart qaz sayğacı Z.Əliyeva küçəsi 29 ünvanından çıxarılaraq plomblu şəkildə qeyri-qanuni olaraq həmin obyektə quraşdırıldığı məlum oldu. Mülki iş üzrə şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirmişdir ki, o Mehmanla bir idarədə işləmişdir, Səbail rayonunda. O növbəli çilingər imiş, daha sonra töhmət verildiyindən maaşı aşağı olan bir işə keçirilmişdir. Mehman gündəlik çilingər olsa da o növbəli işləyirmiş. Onu Səbail rayonuna göndərdikdən sonra hal-hazırda 8 saatlıq iş rejimində işləyirdiyini bildirmişdir. Deyilən ünvandan heç kəsi tanımadığını bununla bağlı da məlumatının olmadığını bildirmişdir. Bülbül prospektində Mehmanla bir ünvanda olduğunu orda ona 50 manat pul verildiyini söyləmişdir. İş günü olmayan gün kombinin yanında xətti birləşdirmişdir. Pul ona Mehman tərəfindən verilmişdir. Ünvan sahibini isə tanmır. Düzəltdiyi xəttə sızma baş verdikdən sonra, abonent şikayət vermiş, işin üstü açılmış və Mehmanın adı hallanmışdır. Həmin ünvana getdiyi gün növbəli işlədiyinə görə ev günü olduğunu və günorta nahardan sonra getdiyini bildirmişdir. O sadəcə Bülbül prospektindəki ünvanda olduğunu, o evin də sahibin tanımadığını, Mehmanın öz izahatında bildirdiyi Abutalıbın, Şahid1 tanımadığını və onların evində olmadığını bildirmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş O hələ də Azəriqaz İB-də çalışır, Mehman onunla bir yerdə çalışıb, onun işçisi olub. Onunla bağlı bir neçə dəfə intizam tənbeh tədbiri olub. Bu özünə də bildirilib bir neçə dəfə Departament rəisi də bunun üstündə onu danlıyıb ki, bunu yığışdır. Hətta departament rəisi özünə də axırıncı xəbərdarlıq kimi deyib ki, yığışdırsın bu işləri. Vətəndaşın şikayəti daxil olduqdan sonra, onlar bir neçə ünvanda gedib baxış keçirdiblər. Bülbül prospektindəki ünvandanda rəisin məlumatı ilə xəbəri olmuşdur. Birində məsəlçün evdaxili bir yerdə kombi çəkilməyə icazə verilməyib. Bu barədə bizə Nazirlikdən də zəng gəlmişdir. Rəsul Rza küçəsi idi, vətəndaşın müraciətindən sonra departament müdiri ilə ünvana getmişlər, ünvanda kombi aparatı quraşdırılmağa icazə verilmədiyindən vətəndaşın icazə ilə kombi aparatı quraşdırmaq üçün 350 manat məbləğində pul istədiyini bildirmişdir. Elə həmin binanın əks tərəfində “Qastronom” marketin arxası tərəfdə qaz xəttlərin yeri dəyişdirilməsi ilə bağlı müraciətə görə ünvana baxış keçirilən zaman Ünvanda köhnə turbalarnan filan sayğacın yeri dəyişdirildiyini aşkar etmişlər. Vətəndaşın birinci izahat vermədiyini daha sonra sayğaca blok qoyulduqdan sonra vətəndaş ərizə yazmışdır. Sayğacın yeri dəyişdiriləndə bu barədə onlara müraciət olunur, idarə tərəfindən bunun palnı hazırlandıqdan sonra uyğundursa etdiklərini bildirmişdir. Ona görə də sayğaca blok qoyduqlarını, həmin vaxt Mehmanın da ora gəldiyini bildirmişdir. Sonra abonentin hər şeyi danışdığını, ərizə yazdığını, bu barədə aktlaşdırdıqlarını, və göndərdik Departamentə göndərdiklərini söyləmişdir. Təmiz qaz əraziyə 3 aydan bir yoxlama keçirir. Piyada qrupu var. Yeraltıya baxan var. Bunlar gəzir deməli sızma harda varsa yeraltı və yerüstü onları verir departamentə, elektronla atır onlara, onlar da kimin ərazisinə düşürsə xəbər verir ki, təcili sızmalar aradan qaldırılsın. Yeraltıları da yenə təmir briqadası özlərinin çilingərləri aradan qaldırır. Onlarda çilingərlərin obyektin içinə daxil olmağı sızmaları ardan qaldırmağı deyilmir. Çilingərlərin və mühəndislərin ixtiyarı yoxdur. Təmir briqadasına da deyilir bu sızmalar “104” tərəfindən onlar gedirlər o sızmaları dayandırırlar. Sadəcə onlara da müraciət edirlər ki, çilingərin mühəndisin iştirakı ilə olsun. İddia tələbinin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri KMQ6

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Mediasiya haqqında” Qanun

Maddə 35. İddia müddətlərinin axımının dayandırılması

35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaya işəgötürənin xx.xx.2023-cü il tarixli aktının, Birliyin BRQİDnin Baş mühəndisinin xx.xx.2023-cü il tarixli 14-2-2-3/3-11-5111/2-23 saylı təqdimatının, Birliyin Hüquq Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2-24/3-11\2599/2023 saylı xidməti məlumatının, HİK-nın protokollarının və xx.xx.2023-cü il tarixli 77-04 saylı qərarının qanunsuz və etibarsız hesab edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, akt aşkar edilmiş pozuntularını əks etdirir və aktın tərtib edildiyi zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Təqdimat və vəsatət isə əmək funksiyasının yerinə yetirilməsi zamanı işçi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymətin verilməsi ilə bağlı müraciət olduğuna görə həmin sənədlərin hər hansi hüquqi qüvvəsi yoxdur. Eyni zamanda həmin sənədlərin qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, qeyd edilən sənədlərin etibarsız və qanunsuz hesab edilməsi üçün də hər hansı əsas olmadığından iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddiaya işəgötürənin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-364/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/301İ-482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-594 saylı əmri ilə verilmiş intizam tənbehlərinin ləğv edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş aktlar və izahatlardan müəyyən edilir ki, iddiaçı tərəfindən əmək funksiyaları yerinə yetirilən zamanı nöqsanlara yol verilmişdir. Belə olan halda, onun barəsində tətbiq edilmiş intizam tənbeh tədbirləri qanuni olmuşdur. Digər tərəfdən iddiaçı barəsində 2023-cü ilin mart, aprel və may aylarında tətbiq edilmiş intizam tənbeh tədbirləri barəsində məlumatlı olsa da, həmin tənbeh tədbirlərini mübahisələndirməmişdir. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə sadəcə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Məhkəmə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı ərizəyə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən istinad edilən hallar obyektiv səbəb hesab edilə bilməz və müddətinin iddiaçıdan asılı olmayan səbəblərə görə ötürüldüyünü təsdiq etmir. Odur ki, iddia xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-364/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/301İ-482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ- 594 saylı əmri ilə verilmiş intizam tənbehlərinin ləğv edilməsi hissəsində iddia müddəti ötürüldüyünə görə də rədd edilməlidir. Məhkəmə iddiaya xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmri ilə verilmiş intizam tənbehinin ləğv edilməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Cavabdeh İB-də əvvəlki iş yerinə, yəni Birliyin BRQİD-nin Mərkəz rayonları üzrə Texniki İstismar Xidmətinin qaz avadanlığının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri vəzifəsinə bərpa olması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh İB tərəfindən qeyd edilən əmrə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyini təsdiq edən hal kimi o, göstərilmişdir ki, qeyri-yaşayış sahəsində işləyən Ramil adlı usta qaz xəttlərinin yerinin Mehman adlı şəxs tərəfindən dəyişdiriliyini bildirmişdir. Buna əsasən də qanun pozuntununsun iddiaçı tərəfindən törədilməsi rəsmiləşdirilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfin bu dəlili qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyini sübut etmək üçün kifayət deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanun pozuntusunun iddiaçı tərəfindən törədilyi təsdiq edilmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmr də əsassız olmuşdur. Məhkəmə cavabdeh tərəfin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrinin ləğv edilməsi tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, hazırki tələblə bağlı İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrinin ləğv edilməsi tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışını almış, iddia ərizəsini isə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K- 904/2023 saylı əmrə əsasən tətbiq edilmiş intizam tənbeh tədbiri ləğv edilməli, iddiaçı X3 vəzifəsinə bərpa edilməli və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1 maddəsinə əsasən məcburi işburaxmaya görə əmək haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğuna görə Cavabdeh İB-dən 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-904/2023 saylı əmr və həmin əmrə əsasən tətbiq edilmiş intizam tənbehi ləğv edilsin. İddiaçı Cavabdeh Bakı X5 Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismarı Xidmətinin “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri” vəzifəsinə bərpa edilsin. Cavabdeh İB tərəfindən İddiaçına xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh İB-dən dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar