Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-917/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nkahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Göyçay rayon Qeydiyyat şöbəsində xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydinə əsasən 233 sayla qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxxxxx 2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olma səbəbi Çexiya Respublikasına viza almaq olmuşdur. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə viza almaq üçün Çexiya səfirliyinə müraciət etmişdir. Cavabdeh isə nikah bağlandıqdan sonra Çexiya Respublikasına getmişdir. Cavabdeh ölkə xaricində olduğu müddətdə tərəflərin mübahisəsi olmuş və nikahı pozmağa qərar vermişlər. Onların nikahı formal xarakter daşımışdır, tərəflər heç bir zaman ailə münasibətində olmamışlar, birgə təsərrüfat idarə etməmişlər. Onlar nikaha daxil olsalar da, el adəti ilə toy edib ailə qurmaq niyyətləri olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 öz izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. Cavabdeh isə onların yaxın qohumudur. Bacısı İddiaçı xarici ölkəyə getmək istəmiş, bu məqsədlə də Cavabdeh ilə nikaha daxil olmuşdur. Cavabdeh nikah bağlandıqdan sonra Çexiya Respublikasına getmiş, onların nikahı formal xarakter daşımışdır. Məhkəmə iddiaçının izahatlarını və şahidin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə nikahlarını bağlamışlar. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixli AZ-İİ 362464 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ bəndinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. İş materiallarından görünür ki, iddiaçının cavabdeh ilə nikaha daxil olmaqda əsas məqsədi ölkə hüdudlarından kənara çıxa bilmək olmuş, onun ailə qurmaq niyyəti olmamışdır. Tərəflərin arasında bağlanmış nikahın qanunla müəyyən edilmiş qaydada qeydə alınmasına baxmayaraq onlar nikaha daxil olduqdan sonra ər-arvad kimi bir evdə yaşamamış və birgə təsərrüfat idarə etməmişlər. Tərəflər yalnız müvafiq fayda əldə etmək arzusunu rəhbər tutaraq ailə qurmağı düşünmədən bu nikaha girmişlər. Beləliklə, məhkəmə şahid ifadəsini digər sübutlarla yanaşı qiymətləndirərək belə hesab edir ki, şahid ifadəsi sübut kimi qəbul edilməli, iddia tələbi təmin edilərək iddiaçı və cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.9-cu maddəsinə əsasən nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 233 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-917/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-917/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver