Məhkəmə qərarları › İş №2(011)-9183/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9183/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9183/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK binaya baxan səlahiyyətli nümayəndəsinin yekun maliyyə arayışının verilməməsi hərəkətlərinin qanunsuz sayılaraq, mənzilin alqı-satqı müqaviləsi üzrə ödəniş məbləğinin tam ödənilməsi barədə maliyyə arayışının və mənzilin ilkin cizgi-planının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında 10 fevral 2000-ci il tarixli çox mənzilli yaşayış binası tikintisi haqqında bağlanmış müqavilə əsasında mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi bağlanmışdır, iddia tələbi müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, iddiaçı hazırki tələblə bağlı (mənzilin alqı-satqı müqaviləsi üzrə ödəniş məbləğinin tam ödənilməsi barədə maliyyə arayışının və mənzilin ilkin cizgi-planının verilməsi ilə bağlı) cavabdehə müraciət etdiyini bildirsə də, bununla bağlı sübutları iş materiallarına əlavə etməmiş, həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısına daxil etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına (pretenziya) riayət edilməsi barədə sənəd əlavə edilmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Cavabdeh MTK binaya baxan səlahiyyətli nümayəndəsini yekun maliyyə arayışının verilməməsi hərəkətlərinin qanunsuz sayılaraq, mənzilin alqı-satqı müqaviləsi üzrə ödəniş məbləğinin tam ödənilməsi barədə maliyyə arayışının və mənzilin ilkin cizgiplanının verilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar