Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9205/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında cavabdeh tərəfindən inşa edilmiş 16 mərtəbəli binanın Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi 1319 məhəllə, 2-ci blok, 16-cı mərtəbəsində mansardla inşa edilmiş 220 kv.m olan, 157 nömrəli mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia tələbi mənzilin boşaldılaraq təhvil verilməsi barədədir, İddiaçı tərəfindən qeyd olunan tələblərə dair iddia ərizəsi üzrə cəmi 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi qanunvericiliyə uyğun olaraq, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iş materiallarından iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Belə olan halda, məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi barədə qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi də mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və iddiaçının dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında cavabdeh tərəfindən inşa edilmiş 16 mərtəbəli binanın Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi 1319 məhəllə, 2-ci blok, 16-cı mərtəbəsində mansardla inşa edilmiş 220 kv.m olan, 157 nömrəli mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-9205/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9205/2023
08.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver